Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Strateji... ruh yüksəkliyimiz

Yenidən doğulan xalq və keçmişdən gələcək dərsi

İyulun 12-dən başlayaraq düşmən Ermənistanın Tovuzda dövlət sərhəddimizdəki mövqelərimizə və yaşayış məntəqələrimizə hücumu nəticəsində şiddətli döyüşlərdə general-mayor Polad Həşimov, yüksək rütbəli zabitlərimiz, əskərlərimiz qəhrəmanlıqla şəhid oldu. Xeyli yaralılarımız var. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa versin! Döyüşlər başlayan andan hər birimiz əskərimizə ruh aşıladıq, mənəvi dəstəyimizi verdik.

Gənclər axın-axın cəbhə bölgəsinə döyüşə getmək üçün meydanlara çıxdı. Xalqla ordu bütövləşdi; xalq özü bir orduya çevrildi. Mən bu xalqın bir fərdi və kiçik bir ziyalısı olaraq belə bir anda belə bir ruh yüksəkliyimizlə iftixar duydum. Qələbə üçün bizə lazım olan birinci və ən strateji əhəmiyyətli yüksəklik ... ruh yüksəkliyidir. Bu xalqda varsa, orduda da olacaq - ordu da bu xalqın içindən çıxıb, onun bir parçasıdır.

Dünən gecə də xalq küçələdə "Qarabağ" deyə səsini ucaltdı. Gənclərimizin bu vətənsevərliyi qürurvericidir. Çox təəssüf ki, improvizə olunmuş o gecə yürüş-mitinqində Milli Məclis qaarşısında təxribatlar da oldu; bir qrup parlamentin binasına daxil olaraq qanunsuz hərəkətlər etdi. Polis müdaxiləsi gərək oldu. Gecə aksiyalarının necə bitməsindən asılı olmayaraq, xalqın öz torpağına, ordusuna sahib çıxmaq hissi və əzmi qürurlandırır. Hamımız eyni hissləri keçiririk. Ancaq xüsusilə, bu günlərdə daha diqqətli və məsuliyyətli olmaq lazımdır.

Gənclərimiz yaxın tariximizə baxsa, görər ki, biz öz torpaqlarımızı ölkədə daxili çəkişmələr, qarşıdurmalar, idarəçilik böhranı, ordumuzda nizamsızlıq, təxribatlar, xəyanətlər, hərbi qiyam, dövlət çevrilişi və bu kimi hadisələr qızışanda - başımız özümüzə qarışanda itirmişik. Detallara çox varmadan iki misal gətirəcəm: Xocalı, Şuşa, Laçın, Dağlıq Qarabağdakı bir çox azərbaycanlılar yaşayan kəndlər 1992-ci ilin fevral-iyun aylarındakı, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları isə 1993-cü ilin iyun-oktyabr aylarındakı hakimiyyət çevrilişləri prosesində - daxili qarşıdurma, ictimai-siyasi tarazlığın pozulması nəticəsində dövlət və ordu sisteminin zəifləməsi üzündən işğal edilə bildi. Təbii ki, bizi öz təsir dairəsinə qatmaq istəyən və buraxmaq istəməyən böyül güclərin də rolunu vurğulamaq lazımdır; biz bunu əvvəl də yazmışdıq - Kəlbəcər işğal olunandan sonra Rusiya xarici işlər nazirinin müavini Atatoli Adamişin Azərbaycanın Moskvadakı səfirinə belə demişdi: "Yaxşı, buna tab gətirdiniz, görək, sonrakına da dözə biləcəksinizmi?!"

Tariximizdə çox şey yaşadıq, çox çətinliklərlə, itkilərlə qarşılaşdıq. Uğurlarımız da, məhrumiyyətlərimiz də oldu. Bu gün də çox məsuliyyətli bir mərhələyə qədəm qoymuşuq; bax, dünən gecə başqa bir Azərbaycan doğuldu. Qarabağsız var ola bilməyəcəyini çoxdan və dərindən anlamış və bunu meydanlarda hayqıran, döyüşə getmək üçün silah istəyən bir yeni xalq dünyaya gəldi, daha doğrusu, xalq yenidən dünyaya gəldi. Necə 20 yanvarda yenidən doğulmuşduq, bu dəfə də ona bərabər sayıla biləcək bir şey oldu.

Bir halda ki yenidən doğulduq, əvvəlki səhvlərimizi də görməli və təkrarlamamalıyıq. Səmimi vətənpərvərlik hisslərimizi ifadə edərkən millətimizin bütövlüyünə, ölkəmizin maraqlarına, dövlətimizin dayanıqlılığına zərər verə biləcək addımlardan da çəkinmək lazımdır. İnanın, düşmənin ən çox istədiyi və səbrsizliklə gözlədiyi bizim bir-birimizlə daxildə savaşa qalxmağımızdır. O zaman Tovuz da yaddan çıxar, sərhəd də, Qarabağ da deyə ümid edirlər. Gənclərimizin, xalqımızın bu çətin və məsul anlarda dövlətə və orduya dəstəyini, şəhidlərimizə şükranlığını kölgələyən hərəkətlər - qanunsuz əməllər yalnız və yalnız düşmənin xeyrinə olar.

Erməni mediasına və sosial şəbəkə seqmentinə baxsanız, özünüz də görəsəksiniz ki, bir qrup şəxsin Milli Məclisin binasına daxil olaraq dağıntılar törətməsinə, polis avtomobilini aşırmasına, orduya dəstək, Qarabağ üçün topalaşan izdihamın sonunun belə bitməsinə necə sevinirlər! Bax, düşməni sevindirmək buna deyirlər. Biz düşməni məyus etməliyik, sevindirməli deyilik. Düşmən bu! Adı üstündə. Düşmənin Tovuzda əldə edə bilmədiyini biz öz əlimizlə Bakıda və başqa şəhərlərimizdə ona özümüz verməməliyik.

Vətən sevgisi, torpaq təəssübü, ordumuza dəstək ifadə olunur, bu emosiyalar çox dəyərlidir. Ancaq mən hər zaman deyirəm: Vətəni dəlicəsinə sevmək olar, lakin ona ağılla xidmət etmək mümkündür. Meydanlarda, mediada, sosial şəbəkələrdə - hər gün və hər yerdə bu hisslərimizi ifadə etməliyik. Ancaq dövlətimizin sarsılmasına, ölkəmizin daxili xaosa sürüklənməsinə, ordumuzun arxasız-dəstəksiz qalmasına yönələn hərəkətlər və çağırışlar edilməməlidir. Bunun qarşısını özümüz almağa çalışmalıyıq. Hər birimiz yanımızda olanları belə əməllərdən və çağırışlardan çəkindirməliyik.

Bəli, gənclərimiz, orta yaşlılarımız, hətta ahıllarımız belə Qarabağda döyüşmək üçün əmr gözləyir və bu əmr verilməlidir, veriləcək də. Bizim Qarabağı necə istədiyimizi, dövlətdən döyüş əmri tələbi ilə meydanlarda hayqırdığımızı hamı görür. Bunu düşmən də görür və qorxuya düşür. Ancaq biz hər birimiz özümüzü əsgər görürüksə, bir əmr gözləyiriksə, başqa bir əmri də unutmamaq lazımdır: dövlətin və ordunun gücünü sarsıda biləcək əməllərdən çəkinmək əmrini. Bu əmri bizə dövlətdən qabaq öz ürəyimiz verib. Şəhidlərimiz də bunu istəməzdi; uğrunda canını verdiyi Vətənin daxili çəkişmələrə meydan, təxribatlara hədəf omasını heç istəməzdi. Bizim bu günlərdə Vətən üçün döyüşmək istəklərimizi Vətənə qarşı döyüşmək kimi anlayanlar və anladanlar - belə olmasını istəyənlər var - həm daxildə, həm xaricdə. Bunu heç kim heç vaxt unutmamalıdır.

P.S. Biz xalq olaraq emosiyalarımızı bir meydanda, yaxud mediada, sosial şəbəkələrdə bir araya toplayıb hayqırırq - bu, işin yarısıdır. Bəs toplum ağlımızı, ziyalı təfəkkürümüzü, elmimizi, biliyimizi, məşhur filosof Asif Əfəndiyevin təbirincə desk, müdriklik səlahiyyətimizi hansı günə saxlayırıq. Niyə emosiyalarımızın akkumlyasiyasına meydan veririk, ağlımızın iradəsi üçün platformamız olmasın?! Mən tanınmış ziyalı xanım Solmaz Rüstəmova-Tohidinin təşəbbüsünə qatılıram; ziyalılarımızın, dövlət adamlarının, ictimai-siyasi xadimlərin – ağıl atalarımızın bir yerə cəm olub yaranmış vəziyyəti müzakirə etməsi - proseslərə cəmiyyətin kollektiv ağlı ilə yön verməsi lazım deyilmi?!

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »