Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiçik başlar və böyük oyunlar

Ermənistanın Tovuz təxribatı: analitik-publisistik baxış

Ermənistanın sərhəddə təxribat törətməsi və Azərbaycan ərazilərinə, Silahlı Qüvvələrimizin mövqelərinə və yaşayış məntəqələrinə, mülki əhaliyə atəş açması birinci hal deyil. Həm də bu cür hallarda düşmən iri çaplı silahlardan və ağır texnikadan da istifadə edir. Bu dəfə Ermənistan tərəfinin hücum cəhdi daha kəskin və davamlı oldu. İtkilər də çoxdur. Təbii ki, Ermənistan tərəfi gerçək statistikanı gizlədir, amma o dövlət daha çox itki verib. Bu da faktlarla isbat olunub. Ən başda isə hərbi taktika elminin ortaya qoyduğu bir qanunauyğunluq da var: hücum edən tərəf daha çox itki verir.

Ermənistanın Azərbaycanla sərhəddə daim törətdiyi belə provokativ əməllərə bir “izah”ı həmişə var: “Azərbaycan ordusu hücum etdi, Ermənistan ordusu da cavab verdi”. Bu, əlbəttə, belə deyil. İyulun 12-dən Ermənistan başlatdığı son hücum cəhdi və döyüşlər rəsmi İrəvanın gətirdiyi arqumentasiyanı tamamilə darmadağın etdi.

Əvvəla, verilən məlumatlardan gəldiyimiz qənaətə görə, məhz Tovuz rayonu istiqamətində, konkret olaraq, hazırda döyüş gedən ərazidə streteji yüksəkliklər - əlverişli mövqelər Azərbaycan ordusunun nəzarətindədir. Bu halda Azərbaycan ordusunun Ermənistan ərazisinə hücum etməsinə ehtiyac da qalmır. Azərbaycan tərəfi əvvəlki təcrübələrindən də bilir ki, hətta Qarabağda - öz ərazisi daxilində hərbi əməliyyatlar aparanda belə dünya birliyi buna çox sərt reaksiya verir və hətta çəkindirici addımlar atır (məsələn, 1992-ci ildə - Azərbaycan ordusunun öz işğal olunmuş ərazilərini düşmənin hərbi qüvvələrindən təmizləmək üçün apardığı əməliyyatları dayandırmaq üçün ABŞ Konqresi “ Azadlığı müdafiə Aktina 907-ci düzəlişi qəbul edərək faktik olaraq bizə qarşı sanksiyalar qoydu)

Təsəvvür edək ki, Azərbaycan indi öz ərazisində deyil, Ermənistanın ərazisində hücuma başlasaydı, hansı reaksiyalarla qarşılaşardi?! Mümkündür ki, həm də 28 il əvvəlkindən daha sərt sanksiyalarla. Tovuz Laçın, Kəlbəcər və ya Zəngilan deyil ki, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsinin əlaqəsini kəsmək üçün hər hansı belə hərbi məqsəd qoyulmuş olsun. Tovuz rayonunun Azərbaycanın işğal altındakı Qarabağ bölgəsi heç bir hüdudu yoxdur, yəni Tovuzla üzbəüzdə yerləşən Ermənistan ərazisi də Kəlbəcərlə, Laçınla və ya başqa işğal edilmiş bölgə ilə sərhəddə deyil. Bu zaman Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə hətta hipotetik hücumu haqda iddiaların heç bir məntiqi yoxdur. İkincisi, Azərbaycanı Gürcüstan vasitəsilə Qara dənizə çıxaran bütün yollar, eləcə də, Asiyadan Avropaya keçən nəqliyyat-kommunikasiya sistemləri, neft-qaz kəmərləri bu bölgədən keçir. Azərbaycanın bu bölgədə vəziyyəti qəsdən gərginləşdirməsi iddiası o qədər absurddur ki, bunu xüsusi olaraq şərh etməyə ehtiyac da qalmır.

Təsadüfi deyil ki, son insident haqda Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Boreli məlumatlandıran zaman Azərbaycan xarici işlər naziri deyib ki, Ermənistanın bu təcavüz aktı münaqişənin həlli üzrə danışıqların mahiyyətini ciddi şübhə altına alır, bölgədə sülhə və təhlükəsizliyə təhdiddir, o cümlədən, “böyük geostrateji layihələrə təhlükə törətmək ehtimalı” var. İqtisadiyyatının əsasında karbohidrogen ehtiyatlarının hasilatı və ixracı dayanan bir dövlət olaraq Azərbaycan həmin ixrac marşrutlarına yaxın bölgədə hərbi vəziyyəti gərginləçdirməkdə niyə maraqlı olsun?! Buna kimi və necə inandırmaq olar?!

Ən azı elə bu iki fakt onu göstərir ki, hücum edən tərəf Azərbaycan deyil, Ermənistandır. Və bu hücumun məqsədini Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasındakı çıxışında təhlil edərək ortaya qoyub: O deyib ki, Ermənistan “hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur”.

Bəs Ermənistan bunu nə üçün edir? Strategiyası nədir?

Bu suallara Prezidentin həmin çıxışında cavab belədir: “Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda saxta məlumatlar uydurub dövlət sərhəddinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir”. “Dövlət sərhəddinə xüsusi diqqətin cəlb edilməsi” deyəndə Prezidentin nəyi nəzərdə tutduğunu isə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından görmək olar. Sənəddə deyilir: “Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır”.

Dövlət sərhədinin Tovuz-Qazax hissəsində Azərbaycan ordusuna məxsus mövqeləri zəbt etmək. mümkün olsa, yeni ərazilər tutmaq, dünyanın diqqətini Azərbaycan-Ermənistan sərhəddinə cəlb etmək, üçüncü ölkələri bu münaqişəyə qoşmaq. Son günlərin provokativ addımları ilə Ermənistan bu məqsədlərə çatmaq istəyir. Sonuncusundan başlasaq, “üçüncü ölkələr” deyəndə Ermənistan özünün də üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan və Tacikistan nəzərdə tutulur. Kollektiv razılaşmaya görə, üzv dövlətlərdən biri təcavüzə məruz qalarsa, KTMT üzvü olan başqa dövlətlərin hərbi dəstəyini tələb edə bilər. Bu son hadisələrdə Ermənistanın ən əsas məqsədlərindən biri belə bir presedenti artıq reallıqda yaratmaq, daha doğrusu, KTMT-nin mandatında nəzərdə tutulan bu kollektiv dəstək mexanizmini öz maraqlarına uyğun olaraq işə salmaq idi. Bunun da çox sadə bir “məntiq”i var; əgər Rusiyanın faktik patronajlığı altında KTMT Ermənistana köməyə gəlsə, Azərbaycanın Ermənistana təcavüz etdiyini – sərhədlərinin toxunulmazlığını pozduğunu, ərazi bütövlüyünə xələl gətirdiyini qəbul etmiş olur. Ancaq Ermənistanın kömək istəyi qəbul olunmadı (bu haqda daha sonra geniş bəhs edəcəyik).

Ermənistan hökumətinin başqa bir niyyəti də var. Artıq son illərdə beynəlxalq təşkilatlar Ermənistanı yavaş-yavaş da olsa, işğalçı kimi görməyə “həvəslənib”. Hər halda bu yöndə ilkin addımlar olub. Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər: “Qarabağ- Ermənistandır, vəssalam” deyərək beynəlxalq hüququ saymadığını nümayiş etdirməyə çalışsa da, sivil dünyanın Qarabağdakı “seçki oyunu”nu tanımaması, hətta pisləməsi, Avropa Şurasında, Avropa Parlamentində qəbul olunan antişğal qətnamələri, Avropa strukturlarının Ermənistanın Qarabağa, xüsusilə, Dağlıq Qarabağ coğrafi bölgəsinin kənarındakı işğal olunmuş rayonlara yol çəkməsini pisləməsi və sair erməni hökumətini narahat etməyə başlayıb. O, danışıqları faktik bloklamaqla hərbi status-kvonu hələ saxlasa da, bunun uzun müddət davam edə bilməyəcəyini də düşünür və başqa bir resursu əldə etməyə – beynəlxalq hüququn zirehini öz əyninə biçməyə çalışır. Bu, əlbəttə, dünya birliyinin Ermənistanı birmənalı olaraq təcavüzkar kimi indiyədək tanımamasının nəticəsidir ki, bu dövlət özü işğalçı ola-ola işğala məruz qalması haqqında yalan uyduraraq, ona dünyanı inandırmaq istəyir. Bu istək hər nə qədər ciddiyyətsiz, hətta isterik olsa da, burda başqa bir ciddi amil də var.

Bəli, Tovuz-Qazax bölgələrimizdəki sərhədlərimizə hücum Azərbaycan xarici işlər nazirinin Jozef Borelə xatırlatdığı həmin o geostrateji layihələrə görədir. Ermənistan rəhbərliyi düşünür ki, həmin strateji layihələri təhdid altına alsa, Qərbin böyük dövlətlərinin və beynəlxalq təşkilatların diqqəti Azərbaycan-Ermənistan sərhəddinə yönələcək və Azərbaycanın da Ermənistan ərazisinə hücum etdiyini “isbatladınmı”, daha doğrusu, bu yalana hamını olmasa da, böyük gücləri inandırdınmı, məsələ bitir. İndiyə qədərki durum budur: təcavüzə uğrayan Azərbaycanla təcavüzkar Ermənistan arasında fərq qoyulmayıb (ki, bu gün də belədir – Rusiya, ABŞ, Minsk Qrupunun həmsədrləri Tovuz hadisəsində də hər iki tərəfi dərhal atəşi dayandırmağa çağırdı; hərçənd burda “Dur!” deyiləsi bir təcavüzkar var –Ermənistan). Bu durumun özü işğalçını cəzasız buraxmaq anlamındadır; sözlə Azərbaycana dəstək verilsə də, Ermənistanın əməlinə səssiz qalmaqla reallıqda onu şirnikləndiriblər. Və rəsmi İrəvan da belə bir həvəsə düşüb ki, Azərbaycanın tərəfində olan beynəlxalq hüququ – haqlılıq duyğusunu və gücünü rəqibindən oğurlasın. Bu, misli görünməmiş beynəlxalq hərbi-siyasi quldurluq nümunəsidir. Bu, ən əvvəl Qərbə oynanılan bir oyundur. Qərb dövlətləri – ABŞ, Avropa İttifaqı kimi güclər bu oyuna gəlsələr, növbəti addım təcavüzkara sanksiya tələbi olacaq və artıq Paşinyanın düşüncəsinə görə, bu zaman Qarabağ danışıqları da anlamını itirəcək (vəziyyət apriori Ermənistanın xeyrinə olacaq), üstəlik həmin güclər onun Azərbaycanın ərazilərində içəriyə doğru hərəkətini görməzdən gələcəklər və Ermənistan qonşusundan yeni ərazilər qopara biləcək.

Bu, əlbəttə, kiçik başın qurduğu böyük oyun ssenarisidir. Ancaq həmin kiçik başın düşüncəsinə görə, Azərbaycanı təcavüzkar kimi tanıtmaq rəsmən mümkün olmasa da, beynəlxalq ictimai rəydə elə qələmə vermək cəhdi, xüsusilə, Türkiyənin Azərbaycana dəstəyini çətinlşdirəcək. Eyni zamanda rəsmi İrəvan bu halda Rusiyanın Ermənistanı açıq və birmənalı – pərdələmədən dəstəkləyəcəyinə bel bağlayır. Belə ki, düşmən dövlətin strategiyasına görə, Rusiyanın KTMT cildində, yaxud Birgə Qoşun formatında Qarabağa, hələ ondan qabaq Azərbaycanla Ermənistan sərhəddinə gəlməsinə nail olunsa, münaqişədə Azərbaycanın qarşısına həmin “üçüncü tərəf – Rusiya çıxmış olacaq. Türkiyə bu halda çox seyrçi qala bilməyəcək (təsadüfi deyil ki, Türkiyə Tovuz hadisələrinə indiyə qədər görünməmiş sərt çıxdı: “Ermənistan ağlını başına yığsın”).

Bəlkə də düşmə dövləti idarə edənlərin xəyalınca, Suriyadakı və Liviyadakı Rusiya-Türkiyə qarşıdurması Cənubi Qafqaza köçürülsə, belə bir bulanıq suda ermənilər xeyli balıq tutar. Birinci Dünya Müharibəsinin və Osmanlının çöküşünün, İstiqlal savaşının qarmaşasında onlar türklərə və kürdlərə qarşı soyqıdırm həyata keçirib böyük ərazilər qəsb etmişdilər. Təbii ki, Rusiyanın da dəstəyi ilə (Bu arada Rusiya ilə Türkiyənin qarşı-qarşıya gətirilməsi dünyanın başqa böyük güclərinin də marağındadır).

Çox da uzaq olmayan tarixdən – 102 il bundan qabaqkı proseslərdən görürük ki, Rusiya İmperiyasının çalxalanaraq yenidən şəkillənməsi fonunda ermənilərə Qafqazda ərazilər əldə edib dövlət qurmaq fürsəti çıxdı. Böyük güclərə arxalanaraq fürsəti dəyərləndirdilər. SSRİ dağılmağa başlayanda da yenə tarixi tendensiyanı əvvəldən tutdular (daha doğrusu, strateji informasiyanı qabaqcadan aldılar) və Rusiya dövlətçiliyinin təkrar formatlanması məqamında Azərbaycandan böyük ölçüdə torpaq qoparıb ikinci erməni “dövləti”ni qondardılar. Birincisindən fərqli olaraq ikincisini beynəlxalq aləmdə rəsmən tanıtmaq üçün şərait yetişmədiyindən, danışıqlar prosesini gah uzatmaqla, gah dondurmaqla, gah kartları qarışdırmaqla həmin uyğun şərtlərin yaranmasını gözləyirlər. Daha doğrusu, gözləmə müddətində də boş oturmurlar. Bu dəfə də hələlik dumanlı olsa belə, geosiyasi üfüqdə yeni perspektivlər görüblər; Rusiyada keçmiş SSRİ ilə bağlı hüquqi-siyasi nostaljilər, Prezident Putinin yeni Konstitusiya dəyişikliklərindəki məqamlar, “yeni SSRİ” proyektinin konturlarının görünməsi və guya Azərbaycanın da SSRİ-dən çıxarkən özü ilə “ərazi aparması” tezisi Ermənistan rəhbərliyini ruhlandırıb; Azərbaycandan qoparıb aldıqları torpaqlarda qurulmuş rejimin ərazisini, daha doğrusu, o rejimin adı altında Ermənistan ərazisini böyütmək iddiasına düşüblər.

Paşinyan hakimiyyətə gələndən bəri keçmiş Şaumyan rayonunu (ərazisi indiki Goranboy rayonuna daxildir) Azərbaycanın işğal etdiyini uydurdular. Daha sonra Daşkəsənə, Gəncəbasardakı bölgələrə həvəsləndilər. Hətta ermənilər Azərbaycanın qərb rayonlarını öz əraziləri kimi təsvir etdikləri kitablar, xəritələr də buraxıblar. Düşünürlər ki, Rusiya dövlətçiliyinin və ya siyasi idarəçilik konfiqurasiyasının yenidən formatlanmasından bəlkə təzə fürsət çıxar. Eyni zamanda çox mümkündür ki, Ermənistan “yeni SSRİ” layihəsi reallaşacağı halda başqa Cənubi Qafqaz dövlətlərindən qabaq bu proyektə qoşulmaq, əgər Rusiya hansısa formada Azərbaycan-Ermənistan sərhədlərinə nəzarəti alarsa, apriori Azərbaycana və eləcə də, Gürcüstana təsir imkanları çoxalarsa, Moskvanın təzyiqlərinin vektorunu müstəqil siyasi iradə göstərməyə çalışan bu respublikalara yönləndirmək düşüncəsindədir. Bu xidmətinin mükafatı olaraq da hər iki respublikadan ərazi qoparmaq imkanlarına ümid edir. Bu ümidləri nə dərəcədə doğrulacaq – hələlik demək çətindir. Ancaq bu günün reallığı belədir ki, Azərbaycanın qətiyyətlə özünü müdafiə etməsi düşmənin planlarını xeyli çətinə salıb, pozdu. Böyük dövlətlər, təşkilatlar Azərbaycanın Ermənstana təcavüz etməsi haqqında saxta bəyanatlara inandıqlarını göstərmədilər. Eyni zamanda Ermənistanın köməyə çağırdığı KTMT iyulun 13-ə iclas təyin etsə də, həmin iclası sonradan qeyri-müəyyən vaxta təxirə saldı və yaranmış vəziyyətdən narahatlığını bildirərək tərəfləri dərhal atəşi dayandırmağa çağırmaqla kifayətləndi. Bu, Ermənistan hökumətinin çox ciddi diplomatik-siyasi uğursuzluğudur; üzvü olduğu hərbi-siyasi təşkilat Ermənistanı ciddi qəbul etmədi. Hətta bəlkə də bu susqun halı, qısa və neytral bəyanatı ilə KTMT rəsmi İrəvana elə hardasa Türkiyənin dediyini demiş oldu. Ancaq bu, hələ təhdidlərin ortadan qaldığı anlamına gəlmir.

P.S. Bu təhlili davam etdirmək də olar; mövzuya dair arqument bazamız burda bitmir. Sadəcə, bu qədər geniş təhlil edərək bir gerçəyi vurğulamaq istərdim: bu üç gündə Tovuz bölgəsndə baş verənlər böyük mənada Azərbaycanın varlığını sınaqdan keçirir. Orda – sərhəddə Ermənistan qoşunlarının atəşi altında geri çəkilməyən, şəhid olan general, zabitlər, əsgərlər, eləcə də, mülki şəxslər, kəndlərini, evlərini tərk etməyən yerli camaat əslində gerçək qəhrəmanlardır. Onlar bir neçə kəndin, bir neçə postun davasını aparmırlar, Azərbaycanın varlığının, bütövlüyünün, istiqlalının, gələcəyinin davasını aparırlar. Sosial şəbəkələrdə “boş yerə qırğına verildilər” ifadəsinə rast gəldim. Bunu yazmaq üçün ya ağılsız olmaq lazımdır, ya ürəksiz. Şəhid generalımız, zabitlər, əsgərlər Azərbaycan üçün can verdilər. Vətəni qorumağı “boş yerə” ifadəsi ilə yanaşı necə qoymaq olar?! Bunu anlamadım. Ancaq bunlar önəmli deyil; önəmli olan millətin ən çətin anlarda öz dövlətinin yanında olmaq, ordusunu bütün varlığı ilə dəstəkləmək istəyi və iradəsidir. Ermənistan bu hərəkəti ilə özü də istəmədən Azərbaycan cəmiyyətini bir yumruğa çevirib. Qalıb bu yumruğu onun başına endirmək.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »