Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ müharibəsi döyüşçüsü Ali Baş Komandana müraciət etdi, and içdi

Ermənistanla sərhəddə, Tovuz rayonu ərazisində şiddətli döyüşlərin başlaması, ümumilikdə 11 yüksək rütbəli zabit və əsgərimizin həlak olması xalqımızda döyüş ruhu yaradıb. İndi hər kəs bir yumruq kimi birləşib düşməni geri oturtmaq arzusundadır.

Keçmiş döyüşçü, Bizim Yol qəzetinin əməkdaşı Qadir Həzi də bu an ürəyi qəfəsinə sığmayanlardandır. O, ölkə Prezidentinə müraciət edərək, döyüş həvəsində olan minlərlə qan qardaşının adından danışıb. O daha təcrübəli olduqlarını və ərazini yaxşı tanıdıqlarını əsas gətirərək döyüşə getmək üçün silah istəyib. Qadir Həzinin müraciətini eyni zamanda bir döyüşçü andı kimi də dəyərləndirmək olar:

“Cənab Ali Baş Komandan, məni tanıyanlar bilir ki, mən heç vaxt şəxsi problemimlə bağlı Sizə müraciət etmərəm. Lakin indi dövlətimizin hədəfə alındığı, dövlətçiliyimizin təhlükədə olduğunu nəzərə alaraq Sizə müraciət edirəm.

Mən keçmiş döyüşçüyəm və minlərlə mənin kimi dövlətimizin müdafiəsinə qalxacaq döyüş yolu keçmiş qazilərimiz var və biz hər an döyüşməyə, Vətən torpaqlarımızı Rus-Erməni birləşmələrinin işğalından azad etmək üçün ön cəbhəyə getməyə hazırıq.

Şəhidlərimizim ruhuna and içirik ki, bizə etibar etdiyiniz silah heç vaxt siyasi məqsədlərə xidmət etməyəcək. Silahımızı Suşada təhvil verənə qədər Qarabağ uğrunda döyüşəcəyimizə əmin olun və biz keçmiş döyüşçüləri itirdiyimiz torpaqları geri qaytarmaq üçün səfərbər edin.

Bizə şərəfimizi qorumaq imkanı verin! Əmin edirəm ki, əgər bizi Qarabağ uğrunda savaşa çağırarsınızsa, biz bütün daxili siyasi proseslərdən kənar olacağıq. Çünki 27 ildən artıqdır ki, biz utancımızla yaşayırıq və buna son qoymaq bizim şəhid qardaşlarımız qarşısında borcumuzdur.

Biz o əraziləri gənc əsgərlərlə müqaisədə çox yaxşı tanıyırıq və o bölgədə doğulub böyüdüyümüz üçün üstün cəhətlərimiz az deyil”.

Son xəbərlər
Bütün xəbərlər »