Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Ermənistan hərbi bölmələrinin təxribatını şərh etdi

Tamam Cəfərova: “Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”

“Bildiyimiz kimi, iyul ayının 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.

Bu sözləri Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında dövlət başçısı İlham Əliyevin çıxışını şərh edərkən Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Tamam Cəfərova Tamam Cəfərova

Deputat qeyd edib ki, cənab Prezident düşmənin Tovuz istiqamətindəki təxribatından danışarkən, baş verənlərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinın daşıdığını bildirib. Dövlət rəhbəri həmçinin, Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə halların baş verdiyini vurğulayıb və bu çirkin və məkrli siyasətin Ermənistanı uçuruma aparacağını söyləyib: “Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir”.

Tamam Cəfərova deyib ki, hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir: “İşğalçı Ermənistan hökumətinin ölkəmizə qarşı atdığı növbəti təxribat xarakterli bu addımın kökündə, Paşinyan rejiminin özünün yarıtmaz siyasəti nəticəsində yaranmış, eləcə də COVID-19 pandemiyasının Ermənistanda geniş yayılması ilə son dərəcə kəskinləşmiş sosial-iqtisadi problemlər fonunda regional vəziyyəti gərginləşdirmək, diqqəti ölkədaxili problemlərdən yayındırmaq, onu xarici düşmənə yönəltmək və beləliklə, öz süqutunu mümkün qədər uzaqlaşdırmaq məqsədi durur. Ermənistanın daxilində ictimai-siyasi vəziyyət son dərəcə kəskinləşərək artıq böhran həddinə çatıb. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır.

Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Məqsəd üzv olduğu Kollektiv Təklükəsizlik Müqaviləsi Təşkilatını, konkret olaraq Rusiyanı bu münaqişəyə cəlb etməkdir.

Qeyd etmək istəyirəm ki, Ermənistanın təxribatlarının səbəbləri Ölkə başçısının Təhlükəsizlik Şurasındakı çıxışında öz əksini tapıb. Cənab Prezident bildirib ki, “ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur”.

Deputat bildirib ki, məhz dövlət başçısının səyləri, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyi konkret faktlar, inandırıcı əsaslandırmalar nəticəsində bu gün artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır: “Təbii ki, ölkəmizin diplomatik uğurları, dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş əks-səda doğurması işğalçı Ermənistan dövlətini narahat edir. Son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Cənab Prezident bu haqqda qeyd edib ki, “bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb. Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir”.

Cənab Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının xüsusilə vurğulayıb: “… mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. … Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.

Şəhidlərimizə Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirəm”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »