Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan beynəlxalq həmrəyliyin lokomativinə çevrilib” - Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov: “Prezident İlham Əliyevin siyasəti Azərbaycanı dünyada tanıtdı”

Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Hesabatda göstərilir ki, “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir; 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.

Bununla bağlı Bizimyol.info saytının suallarına Milli Məclisin deputatı Azər Badamov cavab verib.

- Azər müəllim, doğrudanmı, bizim ölkə Rusiya, Türkiyə, İran kimi böyük dövlətlərlə müqayisədə daha yüksək insan indeksinə sahibdir?

-Bəli, həmin hesabatda Azərbaycanın 166 ölkəsi arasında 54-cü yerdə dayanmasını ölkəmizdə əldə olunmuş inkişafın uğuru hesab edirəm. Azərbaycan bu hesabatda tutduğu mövqeyinə görə regional liderdir.

- Bu liderlik özünü nədə göstərir?

- Azərbaycan bu hesabatın 100 balından 72,6 bal toplamaqla Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici olan 70,9 baldan yuxarı göstərici əldə edib.

- Sizcə, bu sənəd nə dərəcədə obyektiv tərtib olunub?

- Hesabat obyektiv tərtib olunub. Müstəqil ekspertlər ölkədəki bərabərsizlik səviyyəsini, insanların minimum gəlirlərini, gəlirlərin inkluzivlikliyini və digər parametrlərini araşdırıblar. Burda hər hansı müdaxilədən söhbət gedə bilməz. Ölkə daxilində baş verən inkişaf proseslərini biz bu proseslərin iştirakçısı olduğumuzdan daha yaxşı görə bilmərik. Biz gündəlik bu irəlliləyişə adaptasiya olunuruq və o qədər də dərindən hiss etməyə bilərik. Amma beynəlxalq ekspertlər 166 ölkənin daxili inkişaf proseslərini obyektiv araşdırır və müqayisə edərək BMT-nin hesabatını hazırlayıblar. BMT hesabatının göstəricisini Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişaf səviyyəsinin təzahürü hesab edirəm.

-Hesabatda deyilir ki, Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Hansı irəliləyişlərdən söhbət gedir?

-Azərbaycanda 2003-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları icra olunur. Bütün regionlarda sosial infrastruktur layihələri icra olunmaqla əhalinin rifahı kifayət qədər yaxşılaşıb. Ölkə daxilində ictimai-siyasi sabitlik təmin olunub. Qanunun aliliyinin təminatı istiqamətində böyük islahatlar uğurla icra olunur. Əhalinin pul gəlirli artıb, maddi rifahı yaxşılaşmaqdadır. Təmiz enerji təminatı məsələləri öz həllini tapıb. Görülən bütün işlər insanların rifahına xidmət edir. BMT-nin Davamlı hesabatında bu məsələlər öz əksini tapıb, bugünkü ölkəmizin real həyatını əks etdirib.

- Səhiyyə ilə bağlı pandemiyanın ortaya çıxardığı durum son vaxtlar daim tənqid olunur. Hesabatda isə bu sahədə inkişaf qeyd olunub. Bu ziddiyyəti necə şərh etmək olar?

- Pandemiya ilə mübarizə dünya üçün yeni və gözlənilməz oldu. Çünki, COVİD-19 infeksiyasına qarşı nə peyvənd var, nə də birbaşa müalicəsi üçün dərman. Ona görə dünyanın səhiyyə sistemi bu xəstəliyə qarşı ÜST-in protokolları ilə hərəkət edir. O cümlədən, Azərbaycan da ÜST ilə ilk əməkdaşlığa keçən ölkələrin sırasındadır. Ona görə də bu gün Azərbaycanda infeksiyaya yoluxanların və ölənlərin sayı bizim qədər əhalisi olan inkişaf etmiş ölkələrdən kifayət qədər aşağıdır. Bu son illər Prezident İlham Əliyevin sərəncamları ilə inşa olunan yeni tibb müəssiəsələrinin və müasirləşən səhiyyəmizin sayəsində əldə olunmuş nəticədir.

- Ancaq Azərbaycan bu infeksiyaya hazır deyildi, eləmi?

- Təbii ki, koronavirus yeni növ infeksiya olduğundan bu infeksiya ilə mübarizəyə dünyanın heç bir ölkəsi hazır deyildi. O cümlədən, bizim üçün də bu gözlənilməz oldu. Bu, yeni növ infeksiya olduğundan bu mübarizədə səhvlərin olması qaçılmazdır. Buna görə görülən işlərə qara yaxmağı , tənqid etməyi düzgün hesab etmirəm.

- Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Ancaq müxalif iqtisadçılar iddia edir ki, əslində yoxsulluq göstəricisi ilə bağlı hökumətin verdiyi rəqəmlər reallığı əks etdirmir. Eləcə də, məsələn, təmiz su göstəricisi. Belə məlumatlar var ki, bir çox bölgələrdə, paytaxtın bəzi hissələrində nəinki təmiz, heç su da tapılmır. Bu tənqidlərə, məlumatlara münasibətiniz necədir? Bunlar əsaslıdır, yoxsa demoqogiyadır?

- Hesabatda Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmaması bu günün reallığıdır. Çünki dövlət siyasətimiz sosial siyasətdir və həyata keçirilən proqramlar insanların sosial rifahının yaxşılaşmasına xidmət edir. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən iki sosial paketin icra olunması, minimum əmək haqqının, pensiyaların və müavinətlərin 2 dəfəyə qədər artırılması, ünvanlı sosial yardım proqramının əhatə dairəsinin genişləndirilməsi, əhalinin problemli kreditlər məsələsinin kökündən həlli vətəndaşlarımızın gəlirlərini artırıb. Ölkədə icra olunan içməli su layihələri şəhər və rayonlarımızın təmiz su ilə təminatı məsələsində əsas rol oynayıb. Lakin bu il içməli və suvarılma su təminatı ilə bağlı müxtəlif narazılıqları eşidirik. Belə bir vəziyyətin olması da başadüşüləndir. Çünki ilin quraq keçməsi, qışda kifayət qədər yağıntının olmaması su mənbələrində suyun kəskin azalmasına gətirib çıxarıb.

- Yəni tənqid edənlər təbiətin şıltaqlığını hökumətin günahı kimi təqdim ediblər?

- Bəli. Buna görə dövləti su çatışmazlığına görə qınamağı düzgün hesab etmirəm. Biz həm də şahidiyik ki, hər il Prezidentin sərəncamlarıyla yüzlərlə artezian qoyusu qazılır. Əgər bu işlər görülməsəydi, iqlimin quraq keçdiyi bu il su çatışmazlığı ölkəmiz üçün daha böyük problemə çevriləcəkdi.

- Bir də BMT hesab edib ki, bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir. Cini əmsalı nədir? Bu nəyi ifadə edir?

-Cini indeksi – gəlirlərin təmərküzləşmə əmsalı, gəlirin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir. Bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir. Cini əmsalı ideal bərabərlik xətti ilə məhdudlaşan sahənin düz ideal bərabərlikdən aşağı olan (SABC) ümumi sahəyə nisbəti ilə müəyyən olunur. Azərbaycanın bu indikatoru üzrə yeri gəlirlərin bölgüsündə bərabərsizliyin dünya ölkələri ilə müqayisədə daha yaxşı olduğunu göstərir.

- Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə hesabatda regional lider elan edilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Bu təsadüfdürmü, Sizcə? Azərbaycanın BMT müstəvisində fəallaşması nə kimi nəticələr verəcək?

-Mən bunu təsadüf hesab edirəm . Çünki BMT-nin ,,Davamlılı inkişaf hesabatı-2020”-nin BMT-nin xüsusi sesiyası ilə bir bağlılığı yoxdur. Hesabat 2019-cu ildə Azərbaycanın keçdiyi inkişaf yoluna əsasən hesablanıb. Hesabatın göstəricilərindəki uğurlarımız olanda qlobal pandemiyanın həyatımıza girəcəyindən heç kimin xəbəri yox idi. Hesabatda qeyd olunan indikatorlar bu günki Azərbaycanın inkişafının göstəricisidir. BMT-nin xüsusi sesiyasının çağırılmasına dair Prezident İlham Əliyevin təşəbbüsünə dünyanın qoşulması Azərbaycanın dünyada nüfuzunun göstəricisidir. Azərbaycan TDƏŞ-na və Qoşulmama Hərəkatına sədrilik edir. Ölkəmiz dünyanın gündəmini zəbt edən məsələ ilə bağlı təşəbbüs göstərərək öz liderliyini sübut edir. Dünyanın bu gün daha çox həmrəyliyə ehtiyacı var. Azərbaycan bu beynəlxalq həmrəyliyin yaranmasında lokomotivə çevrilib. Bu, Azərbaycanın dünyada nüfuzunu artırmaqla mövqelərini möhkəmlədir. 10 illər əvvəl dünyada Azərbaycanı tanıyan çox az ölkə var idi. Prezident İlham Əliyevin beynəlxalq siyasəti Azərbaycanı qısa bir zamanda bütün dünyaya tanıtdı.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »