Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pediatr: "Uşaqlar arasında koronavirusa yoluxma sayı az deyil"

Uşaqlar bizim ən həssas nöqtəmizdir. Həmişə uşağa gələn dərdin, bəlanın özümüzə gəlməsinə razıyıq, təki onlara heç nə olmasın. Koronavirus uşaqlar üçün təhlükəlidirmi, pandemiya dönəmində azyaşlıları bu qorxunc xəstəlikdən necə qorumaq olar?

Bizimyol.info-nun suallarını uzman pediatr Altay Abdullaoğlu cavablayır.

Altay Abdulla oğlu Abdullayev - 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin I Müalicə - profilaktika fakültəsini bitirib. 2003-2004-cüillərdə 1 saylı Ruhi-Əsəb Dispanserində psixatiriya ixtisası üzrə internatura keçib. 2005-2006-cı illərdə İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində ali tibbi təhsilini davam etdirib. 2007-2012-ci illərdə Türkiyənin İstanbul şəhərində ”Kanuni Sultan Süleyman Eğitim və Araştırma'' xəstəxanasında pediatriya və neonatologiya üzrə uzmanlıq təhsili alıb. 2012-2014-cü illərdə İstanbul ''Özel Memorial Hizmet'' xəstəxanasında uzman pediatr olaraq, 2014-cü ilin əvvəllərindən etibarən ''Özel Bağcılar'' xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq çalışıb. 2014-cü ilin sonlarında Azərbaycana geri döndükdən sonra 2017-ci illin aprel ayına kimi "Oksigen” klinik xəstəxanasında pediatriya və neonatologiya söbəsinin rəhbəri olaraq fəaliyyət göstərib.

Hazırda fəaliyyətini "HB GÜVƏN" klinik xəstəxanasında pediatriya şöbəsinin rəhbəri olaraq davam etdirməkdədir.

– Altay həkim, Azərbaycanda uşaqların koronavirusa yoluxması hansı səviyyədədir?

– Statistikaya görə, uşaqlarda yoluxma sayı çox deyil. Məlumdur ki, bu virusa ən çox orta və yaşlı nəslin nümayəndələri yoluxur. Uşaqların az yoluxma səbəblərindən biri də budur ki, biz onları daha çox qoruyuruq. Onlara daha yaxşı nəzarət edə bilirik, özümüz xəstələnəndə onları təcrid edirik. Hesab edirəm ki, uşaqlar arasında yoluxma sayı statistik məlumatlarda göstəriləndən çoxdur. Çünki, mənə valideynlər tez- tez zəng edirlər, “Evdə yoluxan var, uşaqlar yoluxarmı, onları necə qoruyaq?” – kimi suallar verirlər. Valideynlər çox zaman uşaqları test etdirmək istəmirlər. Psixoloji qorxuları var. Nəzərə alsaq ki, uşaqlarda bu xəstəlik yüngül keçir, test olunmadıqları üçün qeydiyyata düşmürlər və bu da statistikanın dəqiqliyinə təsir edir. Bu günədək şəxsi müşahidəm belə deməyə əsas verir.

– Koronavirus uşaqlarda hansı simptomlarla özünü biruzə verir?

– Adətən böyüklərdə olan simptomlar özünü uşaqlarda da göstərir. Qızdırma, öskürək, qusma, ishal, səpkilər, boğulma kimi simptomlar böyüklərlə yanaşı, uşaqlarda da müşahidə olunur. Bəzən, sadəcə, halsızlıq olur. Amma atipik simptomlar daha çox olur. Çox vaxt müayinə zamanı uşağın koronavirusa yoluxması ehtimalı yaranmır. Xəstəlik əlaməti, narahatlığı olan hər uşaq koronavirusa yoluxmuş ola bilər, bu, mümkündür. Həkim mütləq tək uşağı müayinə etməklə kifayətlənməməli, ailə üzvlərinin də xəstə olub-olmamasına diqqət etməlidir. Adətən evdə ilk olaraq böyüklər xəstələnir, sonra uşaqlara keçir. Yəni evdə xəstə adam yoxdursa, uşaqda koronavirusun olma ehtimalı çox azdır.

– Deyirlər, uşaqlar bu virusa qarşı daha dözümlüdürlər. Azyaşlılar arasında xəstəliyin ağır keçirilməsi halları olurmu?

– Dünya üzrə statistik məlumatlara nəzər salaraq deyə bilərəm ki, bəli, adətən uşaqlar yüngül keçirirlər, amma bu, mütləq deyil. Bəzən uşaqlarda bu xəstəlik çox ağır keçə bilir. Müəyyən əlavə xəstəliyi - astma, qanazlığı, ürək qüsurları, immun çatışmazlığı olan uşaqların virusu ağır keçirmə ehtimalı daha yüksəkdir. Payız və qış aylarında xroniki xəstəliklər ağırlaşır, digər infeksion xəstəliklər artır, bu da uşaqların bədən müqavimətini aşağı salır və beləliklə də koronavirusa tutulub ağır keçirmə ehtimalını artırır. Tövsiyə edərdim ki, uşaqların peyvəndlərinin hamısı vaxtında vurulsun. Peyvəndlər uşaqlarımızı digər infeksiyon xəstəliklərdən qoruyur. Bu baxımdan da peyvəndlərin vurulması vacibdir.

– Böyüklər üçün tətbiq edilən dərmanlar uşaqlar üçün də təsirlidirmi?

– Təəssüf ki, koronavirusun köklü müalicəsi üçün dərmanlar yetərsizdir. Virusu tamamilə məhv edən dərman mövcud deyil. Sadəcə, ölkədən ölkəyə protokol qaydaları dəyişir. Hər ölkə fərqli dərmanlar işlədə bilir. Bu bizim ölkə üçün də keçərlidir. Böyüklər üçün nəzərədə tutulan dərmanlardan uşaqlarda istifadə edə bilmirik. Nə qədər faydalıdır, hansı fəsadları ola bilər – bunlar tam araşdırılmayıb. Uşaqlarda virus minimal səviyyədə yüngül keçirsə, dərman vermirik, amma vəziyyəti pisləşərsə, uşağın həyatını qurtarmaq üçün böyüklərə yazılan dərmanlardan onlara da təyin edə bilirik.

– Uşaqlarda mövsümi qriplə koronavirusu ayrıd etmək mümkündürmü?

– Xeyr. Sırf əlamətə görə bunu demək mümkün deyil. Çünki tənəffüs yollarına məxsus infeksiyaların əlamətləri bənzərdir. Uşaqlarda koronavirus yüngül əlamətlərlə özünü biruzə verdiyi üçün dəqiq diaqnoz qoymaq daha çətin olur. Həkim mütləq uşağı müayinə etməklə bərabər ailə üzvlərinin xəstə olub-olmamasına da diqqət yetirməlidir.

– Valideynlər bu çətin məqamda uşaqlarını necə qorumalıdırlar? Tövsiyələrinizi eşitmək istərdik.

– Böyüklər üçün keçərli olan karantin və qorunma qaydaları uşaqlar üçün də keçərlidir. Sosial məsafəyə, gigiyena qaydalarına riayət etmək, tibbi maskadan düzgün şəkildə istifadə mütləqdir. İmmun sistemini gücləndirmək lazımdır. Psixoloji və fiziki dəstək vacibdir. Karantin dönəmində uşaqlar bütün günü evdədirlər, darıxırlar, bu onları psixoloji sıxıntaya sala bilər. Çalışın, günlərinin rəngarəng keçməsinə yardımçı olun, onlara vaxt ayırın, söhbətləşin. Qorxutmadan pandemiyanın nə demək olduğunu uşaqlara izah etmək lazımdır. Çox zaman qorxu və təşviş böyüklərin özünü də əldən sala bilir. Stres özü də ciddi xəstəliklərə yol açır, orqanizmin müqavimətini azaldır. Kompüterlə, telefonla fasiləsiz zaman keçirmək də uşaqların immun sistemini zəiflədir. Karantin qaydalarına riayət etməklə mümkün qədər açıq havada çox olsunlar, bol günəş vannası qəbul etsinlər. Sağlam qidalanmaya üstünlük verin. Xüsusən meyvə-tərəvəz rasionumuzda əsas yer tutmalıdır. Uşaqda hansısa narahatlıq müşahidə etsəniz, mütləq pediatrınıza müraciət edin. Yayda adətən vitamin siropları məsləhət görmürük. Lakin yedikləri qidalarla aldıqları vitamin kifayət etmirsə, əlavə vitamin dəstəyindən istifadə etmək olar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »