Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin qaranlıq taleyi: barelinin 150 dollara çatacağını gözləyənlər var

Neft yeni əsrdə ən ağır günlərini bu il yaşadı. WTI markalı xammalın qiymətinin mənfiyə düşdüyü vaxtlar oldu.

Neftin taleyi xeyli qaranlıq görünür. Amma yanacağın barelinin 150 dollara satılacağını gözləyənlər də var.

Bizimyol.info xəbər verir ki, “The Wall Street Journal” bu haqda material hazırlayıb. Yazıda qlobal böhranın neft bazarına təsirindən, perspektivlərdən söz açılıb.

“Northern Trace Capital” investisiya fondunun direktoru Trevor Vuds məhz nikbin düşünənlərdəndir. Neftin barelinin 150 dollara qədər yüksələ biləcəyinə o da inanır. Amma hələlik ehtiyatlı danışır: “Bəzi istehsalçılar üçün, həqiqətən də, asan deyil”.

“The Wall Street Journal” yazır ki, qlobal böhran dövründə proqnoz vermək çox çətindir. İnvestorlar təxəyyülündə gələcəklə bağlı tam mənzərə yarada bilmirlər. Dünyada ümumi cizgilər dəyişər, daha təmiz enerji mənbələrinə maraq arta bilər. Amma neftə tələbatın hələ uzun illər sürməsi də mümkündür. Qlobal böhranın nə qədər uzun sürəcəyi də vacib amildir.

Nikbin düşünənlərin öz arqumenti var. Aprelin sonlarından sonra müəyyən sabitlik nəzərə çarpırdı. Neftin qiyməti qalxmağa, Çin iqtisadiyyatı özünə gəlməyə başladı. Amma yoluxmaların ikinci dalğası işləri korlayır. Qiymətlər bir nöqtədə dayanıb. Hələ heç 45 psixoloji həddinə də çatmaq asan görünmür.

Qiymətlərin müəyyən qədər artmasını izah etmək olur. Yeni neft yataqlarına yatırım olunmur, beləcə, qıtlıq mühiti formalaşır. Məsələn, “Exxon Mobil” keçən həftə xərcləri 10 milyard dollar azaldacağını açıqlamışdı. Ümumilikdə bu il dünyada neft-qaz hasilatı və kəşfiyyatı xərclərinin 328.4 milyard dollar azalacağı gözlənilir.

“JPMorgan”ın analitiki Kristiana Maleka hesab edir ki, belə davam olunması qiymətlərə də müsbət təsir göstərə bilər. İndi investorlar məsələyə daha həssas yanaşırlar. Pulları havaya sovurmamaq, daha keyfiyyətli neft hasil etmək haqda düşünürlər. Maleka deyir ki, neftin barelinin qiyməti lap iki ilə çox rahatca 100 dolları keçə bilər.

“Matilda Capital Management” investisiya fondunun direktoru Riçard Fullarton da nikbin proqnozlar verir. Onun sözlərinə görə, qiymət 2020-ci illərin ikinci yarısında 100 dollardan yüksək ola bilər: “Neft fiziki baxımdan tükənmir”.

Fikirlər çox haçalanır. Fyuçers bazarı neftin 60 dollardan yuxarı getməyəcəyini proqnozlaşdırır. Yenə Trevor Vuds deyir ki, bazar alternativ enerji mənbələrinin imkanlarını lazım olandan çox yüksək qiymətləndirir.

“Citigroup”un analitiki Edvard Mors qlobal böhran günlərində ehtiyatlı danışmağın tərəfdarıdır: “Qlobal böhran evdə işləməyi stimullaşdırır. Daha az səyahət olunur, neftə tələbat da artmır”.

Son xəbərlər
Bütün xəbərlər »