Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: “Viral yükü çox olan həkimlərdə ağciyərin, orqanların zədələnmə ehtimalı daha çoxdur”

“Dünyada koronavirusa ümumi yoluxanların 5 faizi xəstəliyi daha ağır, kritik keçirir. Beş faizlik həmin qrupa reanimasiyada baxılır. Orada ən ağır xəstələr, vətəndaşlar üçün mübarizə aparırıq”.

APA-nın məlumatına görə, bunu “Real” TV-yə açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov bildirib. Onun sözlərinə görə, bu, çətin mübarizə və müharibədir: “Vəziyyət çətindir, ağırdır, amma əlimizdən gələni edirik. Günlük xəstələrin sayı 500-ü ötür ki, onların da 10%-nin vəziyyəti ağırlaşır, ciddi orqan çatışmazlığı yaranır. Xəstələrin sayı günlük 500-dən çox olduğu üçün həkimlərin də işi artmış vəziyyətdədir. Hər gün belə xəstələrlə qarşılaşırıq, bizə müraciət olunur. Biz həmin xəstələri şöbəyə qəbul etməyə həyatda saxlamağa çalışırıq”.

Şöbə müdiri bildirib ki, digər xəstəliklərdə olduğu koronavirusa yoluxma zamanı da nə qədər tez müraciət olunarsa, xəstəliyin üzərinə nə qədər erkən fazada düşülərsə, xəstəliyin ağırşma ehtimalı da bir o qədər az olur: “Gecikmə olarsa, kimsə düşünərsə ki, 10 gün evdə qalsın, özünü müalicə etsin, onda ağırlaşma ola bilər. Təxminən 70-80 faiz adam bu xəstəliyi yüngül keçirir, xüsusən də gənc, yaşı 30-dan aşağı olanlar. Kimin immun sisteminin necə olduğu bəlli deyil, ona görə də xəstəlik ciddi, öldürücü olduğu üçün mütləq həkimlərlə, tibb məntəqələri ilə, xəstəxanalarla kontakta girmək lazımdır. Qoyulan qaydalara əməl etmək lazımdır”.

E. Qasımov qeyd edib ki, koronavirus orqanizmə yad olan yeni virusdur, bu virus əsasən ağciyəri, bundan başqa, böyrəyi, ürəyi, hətta son zamanlarda məlum olub ki, sinir sistemini zədələyir: “Biz, eyni zamanda dünyadakı həkimlər bu cür orqan çatışmazlığı yaranan xəstələrə vaxt qazandırmağa çalışırıq. Reanimasiyanın, intensiv terapiyanın əsas məntiqi, fəlsəfəsi vaxt qazandırmaqdır. Yəni dəstəkləmək, simptomatik, potogenetik və dəstək müalicəsi ilə orqanizmə vaxt qazandıraraq hüceyrələrin ölümünün qarşısını alırıq ki, orqanizm bərpa olunsun, özü mübarizə aparsın. Koronavirusun əsas mənfi tərəflərindən biri budur ki, sağalma prosesi uzundur, ən azı 14-15 gün davam edir. Orqanizmin, zədələnən orqanların, xüsusilə də ağciyərin bərpa olunması üçün ən azı 14 gün lazımdır. Bu, “donuz qripi”ndə daha qısamüddətli idi. Müddətin uzun olması bizə çətinlik törədir. Pandemiya olduğu üçün eyni anda çoxlu sayda xəstə müraciət edir, hamısı ağır olur, bununla mübarizə aparmaq təbii ki, çətindir. Dünyanın heç bir yerində səhiyyə sisteminin buna gücü çatmır”.

Şöbə müdiri koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinikasında reanimasiyanın şöbə müdiri Cavid Paşayevin vəziyyəti barədə də danışıb: “Cavid Paşayev martın sonlarından aktiv olaraq bu işə qoşulub və Cərrahiyə Klinikasında çox xəstəni müalicə edib, xəstəliklə mübarizə aparıb. Çox təəssüf ki, son 7-8 gündür onun özünü də xəstələndiyini bilirik. Viral yük deyilən bir şey var ki, tibb işçiləri olaraq biz risk altındayıq. Hər gün koronaviruslu xəstələrlə kontakta olduğumuz üçün bizdə viral yük çox olur. Viral yükü çox olanlarda prosesin daha ağır olma ehtimalı çoxdur. Yəni normal olaraq küçədə bir insanla kontakta olmaqla koronavirusa yoluxan biri ilə viral yükü çox olanlar bir olmur. Viral yükü çox olanlarda ağciyərin, orqanların zədələnmə ehtimalı daha çoxdur. Cavid həkimin xəstələnməsinin bu səbəbdən olduğunu düşünürük. Hazırda vəziyyəti stabildir. Bildiyiniz kimi, Cavid Paşayevin vəziyyəti birinci vitse-prezident Mehriban Əliyevanın tam nəzarətindədir. Dünyada bu xəstələr üçün olunan hər şeyin ən yüksək səviyyəsi, hətta EKMO cihazının belə hazırlıqları görülüb. Aldığım son məlumata görə, hələlik ona ehtiyac yoxdur, ancaq hər ehtimala qarşı o cihazın belə hazırlığı görülüb. Cavid həkim üçün hər şey olunur ki, tezliklə sağalsın. O, güclü insandır, inanıram ki, bu xəstəlikdən sağalıb tezliklə sıralarımıza qayıdacaq”.

Şöbə müdiri deyib ki, virusdan qorunmaq üçün birinci növbədə maska taxmaq lazımdır: “Sual verilir ki, bu məsələ Çində niyə belə tez həll olundu? Fakt budur ki, Cənub-Şərqi Asiyada, Çində insanlar bu cür viruslara çox öyrəndikləri üçün maska taxmağa meyllidirlər. Çətindir, yay aylarıdır, amma boğulma hissindən, xəstəxanada olmaqdan çətin deyil. Məsafə saxlamaq da çox önəmlidir. Çünki 1,5-2 metr məsafə saxlanılmalıdır. Bir də ictimai qınaq olmalıdır. Məsələn, marketə gedəndə bir-birimizə deməliyik ki, məsafə saxla. Bir də əl tez-tez yuyulmalıdır. Bunlar həqiqətən də qoruyucudur, məsləhətim də budur”.

Son xəbərlər
Bütün xəbərlər »