Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığına dair Qayda təsdiq olunub

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”nı təsdiq edib.

NK-dan APA-ya verilən xəbərə görə, Qayda avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun (bundan sonra – operator) məsul şəxsinin (şəxslərinin), həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair proqramları, habelə həmin proqramlar üzrə məsul şəxs (şəxslər) və sürücülər üçün hazırlığın və yenidən hazırlığın keçirilməsi qaydasını və müddətini müəyyən edir.

Operatorun məsul şəxsinin (şəxslərinin), həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığı bu Qaydanın tələbləri nəzərə alınmaqla, bu Qaydaya 1, 2 və 3 nömrəli əlavələrdə göstərilən tədris proqramları əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra – Xidmət) tərəfindən həmin Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki “Nəqliyyat Təlim-Tədris Mərkəzi” Məhdud 3 Məsuliyyətli Cəmiyyətində və ya Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqında akkreditasiyadan keçmiş digər qurumlarda təşkil edilir və keçirilir.

Hazırlıq üzrə məşğələlər tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksəkixtisaslı və təcrübəli müəllim və (və ya) təlim ustaları cəlb olunmaqla təşkil olunur. Hazırlığın yüksək keyfiyyətini və səmərəliliyini təmin etmək məqsədilə tədris qrupları 25 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda (sürücülərə münasibətdə) olmaqla formalaşdırılır. Tədris proqramları üzrə məşğələlər nəzəri (mühazirələrdən) və praktiki hissələrdən, həmçinin yekun qiymətləndirmədən ibarətdir. Məşğələlər bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir.

Hazırlıq zamanı məsul şəxslərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluqları, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, müxtəlif müqavilə növlərinin hüquqi və praktiki aspektləri, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların maliyyə menecmenti, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri barədə məlumatlar verilir. Hazırlıq üzrə məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, təhlükəsiz yerləşdirilməsi, bərabər paylanılması, bərkidilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri, eləcə də sərnişin daşınmasının ümumi şərtləri, baqajın (əl yükünün) daşınmasının təşkili və saxlanılmasının şərtləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir. Məsul şəxslərin və sürücülərin hazırlığı üzrə tədris proqramında nəzərdə tutulmuş dərslərin saatı bu tədris proqramlarında qeyd olunan qədər olmalı, yenidən hazırlıq isə həmin proqramlar əsasında 35 saatdan az olmamalıdır.

Hazırlıqda iştirak etmək üçün müraciət etmiş və müvafiq sənədləri təqdim etmiş şəxslərə hazırlığın başlanılmasına azı 10 (on) gün qalmış bu barədə məlumat verilir. Hazırlıq və yenidən hazırlıq üzrə məşğələlər əyani formada keçirilir. Hazırlıq və yenidən hazırlıq zamanı şəxslər kağız və (və ya) elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunurlar.

Hazırlıq və ya yenidən hazırlıq üzrə məşğələlərdə iştirak edən məsul şəxsin (şəxslərin) və ya sürücülərin hazırlıq səviyyəsi hazırlığın və ya yenidən hazırlığın yekununda test üsulu ilə yoxlanılmaqla qiymətləndirilir. Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 60 faizinə və ya daha çoxuna cavab verən məsul şəxslər və sürücülər hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər və onlara hazırlıq keçmələrini təsdiq edən, etibarlılıq müddəti 5 (beş) il olan və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən şəhadətnamə və tədris olunan mövzulara dair əyani yaddaş materialları təqdim edilir. Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 60 faizinə cavab verə bilməyən şəxslərin proqramın mövzuları üzrə bilikləri 6 (altı) ay ərzində təkrarən qiymətləndirilir. Qiymətləndirmədə qeyri-məqbul nəticə göstərən şəxslər müvafiq proqram üzrə hazırlığı bitirdikdən sonrakı 6 (altı) ay müddətində təkrar qiymətləndirmədə müvəffəqiyyət göstərmədikdə, hazırlığı və ya yenidən hazırlığı təkrar keçməlidirlər.

Son xəbərlər
Bütün xəbərlər »