Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada asiyalılara virusa görə təzyiq olunur - Video

Koronavirus Çindən ayaq tutub yeriməyə başlamışdı. Çinliləri hələ də buna görə ittiham edirlər.

Bizimyol.info xəbər verir ki, “Deutsche Welle” Almaniyada asiyalılara psixoloji təzyiqlə bağlı reportaj hazırlayıb. Reportajın qəhrəmanı Viktoriyanın həyatı martdan dəyişib. Qatarda ona çəpəki nəzərlərlə baxmağa başlayıblar. Viktoriya Kure-Vu əvvəlcə bunu özünün kompleksi sayıb. Sonra insanların onun yanında əyləşmək istəməməsini müşahidə edib.

Viktoriyanın ailəsi çoxdan Almaniyaya köçüb. O, ölkə vətəndaşlığı da alıb. Asiya irqindən olması pandemiya dövründə ciddi psixoloji sarsıntı yaradır. Berlində ona çox təzyiq göstərirlər. Tanımadığı bir adam küçədə ona “sənə dezinfeksiya məhlulu püskürtməliyik” demişdi.

“O vaxtdan küçədə rahat gəzə bilmirəm. Hətta əksər hallarda başımı yuxarı qaldırmıram. Hər hansı barın qarşısında bir neçə adam görəndə küçə dəyişdirdiyim vaxtlar da olur. Çoxdandır Berlində yaşamağıma baxmayaraq, hələ də məni bir alman kimi qəbul etmək istəmirlər”, - qız belə deyir.

Sosial məsələlər üzrə mütəxəssislərdən Nao Ha duruma təəccüblənmir: “Sizin Almaniya pasportunuz ola bilər, amma istənilən halda “haralısan?” sualı ilə qarşılaşacaqsınız. Çünki almanlara oxşamırsınız. Alman olmaqla bağlı konkret çərçivələr müəyyənləşdiriblər”.

Viktoriya ilə dostluq edən çinli Popo Fan da çoxdandır Berlində yaşayır. İrqçi yanaşma ilə çox qarşılaşdığını, həmin epizodları telefonuna çəkdiyini bildirir: “Polisdən də əlimi üzmüşəm. Amma geri çəkilmək fikrim yoxdur. Həmişə irqçi münasibətə qarşı çıxacağam”.

Cənubi Koreyada doğulmuş opera müğənnisi Hyuneum Kim pis münasibətlə çox qarşılaşdığını deyir. O, hətta cinsi təcavüzə də məruz qalıb.

Cənubi Koreyanın Almaniyadakı səfiri Yonq Bum-qoo vəziyyətin onları çox narahat etdiyini söyləyir. Onun sözlərinə görə, durumun nəzarətə alınması üçün yerli hökumətə çox müraciət ediblər.

Viktoriya Kure-Vu da geri çəkilməyib. Asiyalı dostları ilə birlikdə adı “Mən virus deyiləm” kimi tərcümə olunan sayt yaradıblar. Bu yolla hamıya səslərinin çatdırılmasına çalışırlar.

Son xəbərlər
Bütün xəbərlər »