Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Polis müstəntiqinin dayısı qohumuna arxalanıb torpağımı əlimdən almaq istəyir" - Şikayət

Saatlı rayon sakini Əliyev Eldəniz Akif oğlu redaksiyamıza şikayətlə müraciət edib. O bildirib ki, 2014-cü ildə Məmmədov Rafael Mətləb oğluna məxsus, Saatlı şəhər Həsən Əliyev, 186  ünvanında yerləşən 3 sot torpaq sahəsini onun və ailə üzvlərinin yazılı razılığı əsasında bələdiyyə vasitəsilə 1800 manata satın alıb. Rafael Məmmədov eyni həyətin qalan 3 sotunu da başqa bir vətəndaşa satıb.

İddiaya görə, bir müddət sonra, daha doğrusu, Eldəniz Əliyev aldığı torpaq sahəsində ev tikdikdən sonra Rafael Məmmədov torpağını geri tələb etməyə başlayıb. Eldəniz Əliyevin iddiasına görə, Rafael Məmmədov deyib ki, orada qızına ev tikmək istəyir. Amma torpağı geri qaytararkən yalnız torpağa görə aldığı pulu qaytarmağa razılaşır, o sahədə tikilmiş evin pulunu ödəməkdən imtina edir və deyir ki, "evi sök apar".

Şikayətçinin sözlərinə görə, Rafael Məmmədov rayonda polis müstəntiqi işləyən bacısı oğlu Qərib İsmayılova arxayın olaraq onu aldığı torpağa girməyə qoymur, deyir, sök evini apar. Eldəniz Əliyev bildirir ki, evin tikintisinə də, torpağa da xərc çəkilib, Rafael isə bunları nəzərə almaq istəmir: “Mənə deyir, o vaxt pula ehtiyacım vardı deyə satdım, indi satmıram, yurd yerimdir. Müstəntiqin dayısıdır, ona arxayındır, deyir ki, həyətə girsən, orada nəşə əkəcəm, qalacaq üstündə. Qorxumdan həyətə girə bilmirəm. Dəfələrlə prokurora, prokuror köməkçisinə müraciət etmişəm. Onlar da məni Qərib İsmayılova yönəldirlər. Qərib İsmayılov prokurora söz verib məsələni həll edəcəyini desə də, mənə deyir ki, hara şikayət edirsən, et. Dayısı da deyir ki, burada qanun bizik ”.

Şikayətçi deyir ki, etdiyi şikayətlər yenidən Qərib İsmayılovun üstünə qaytarılır: "Onu mənə tərifləyirlər. Mən Qərib İsmayılova pis demirəm ki, tərifləyirsiz, tərifləyin. Mənim sadəcə, hüquqlarım pozulub, onun bərpasını istəyirəm. Mən Daxili İşlər Nazirliyinə və ölkə Prezidentinə şikayət məktubu göndərmişəm. 102-yə də zəng etmişəm. Rafaelin ailəsi mənim ailəmi təhdid edib, atam yaşlı, xəstə adamdır, o gündən yataq xəstəsidir, yatır. Rafael satdığı yurd yerini geri istəyirsə, torpağın və tikilən evin xərcini ödəməlidir. Onu da eləmir”.

Çəkişmədə adı çəkilən müstəntiq Qərib İsmayılov Bizimyol.info-nun  sorğusuna cavab olaraq bildirib ki, Eldəniz Əliyev səhv edir. “Mənim Rafael adlı qohumum yoxdur, o adda adam tanımıram”.

Amma şikayətçi bildirib ki, "Rafael müstəntiqin dayısıdır. "Dayı" deyərkən hansı qohumluğu başa düşürsünüzsə, o şəkildə qohumdurlar. Dost-doğma... Müstəntiq öz doğma dayısını tanımırsa, o başqa məsələ."

Rafael Məmmədov da Bizimyol.info-ya açıqlamasında polis müstəntiqi Qərib İsmayılovla qohum olduğunu təsdiqləyib. O özünün də təqaüddə olan polis işçisi olduğunu bildirib: “O necə ev tikə bilər ki, torpağın "kupça"sı məndədir. Torpağı iki qardaş alıblar, sonra da aralarında söz-söhbət olub, özləri geri qaytarmaq istəyiblər. Mən torpağı 1750 manata satmışam. 1000 manatını qaytarmışam, 750 manatı durur. Verəcəm. Məni verib məhkəməyə. Sağ olsun. Məhkəmə yolu ilə həll edəcəyik. Mən 7 rayonda polis işləmişəm. Qanun nədir bilirəm”.

Şikayətçi isə deyir ki, problem də ondadır ki, "kupça" Rafael Məmmədovdadır və dövlət reyestrində torpağı ayırmağa imkan vermir: "Halbuki bütün ailə üzvlərinin yazılı razılığı ilə torpağı bələdiyyə vasitəsilə mənə satdığını təsdiqləyib. Həmçinin telefon danışıqlarımızın da səs yazıları var. Torpağı satmamışdısa, 2014-ci ildən bu yana o boyda evi elə onun gözünün qabağında orada neçə tikmişəm? Qardaşımla bağlı dedikləri də onun uydurmasıdır. İstəyirsinizsə, qardaşım da redaksiyanıza müraciət edib təsdiqləsin.".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayacağıq və yəqin ki, polis müstəntiqinin öz qohumunu himayə etməsi ilə bağlı iddialar nə dərəcədə doğru olub-olmadığı Nazirlik tərəfindən araşdırılacaq.

Son xəbərlər
Bütün xəbərlər »