Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Prezident çıxışında ölkə vətəndaşlarının sağlamlığının qorunmasının hər şeydən öndə durduğunu vurğuladı” - Deputat

“Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışındakı çıxışında pandemiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlərdən geniş bəhs etdi. Prezidentin çıxışının əsas istiqamətləri pandemiya ilə mübarizə sahəsində görülən işlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi mövqe ilə bağlı oldu”.

Bu barədə Bizimyol.info-ya Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

Deputat qeyd edib ki, bir çox dünya ölkələrində olduğu kimi pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədiyini qeyd etdi: “Ancaq bu virusdan ölkə iqtisadiyyatının və vətəndaşların əziyyət çəkməməsi üçün gərəkən addımların atılacağını, heç bir sosial layihədə gecikmənin olmayacağını xüsusi vurğuladı. Baxmayaraq ki, bu dövrdə neftin qiymətində də tənəzzül müşahidə olundu.

Prezident çıxışında ölkə vətəndaşlarının sağlamlığının qorunmasının hər şeydən öndə durduğunu vurğuladı. Bu məqsədlə ölkəmizdə yeni xəstəxanaların inşa olunduğunu və bu işin gələcəkdə də uğurla davam etdiriləcəyini qeyd etdi. Pandemiya dövründə Azərbaycan pandemiyadan əziyyət çəkən 30-a yaxın ölkəyə humanitar yardım və dəstək göstərdi”.

Ceyhun Məmmədov bildirib ki, Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsəslələrə də geniş toxundu: “Dövlət başçısı Ermənistanın hazırkı mərhələdə əsas məqsədinin danışıqlar prosesini pozmaq olduğunu bildirdi. Bu məqsədlə müxtəlif təxribatlara əl atdığını, beynəlxalq təşkilatların bu məsələyə adekvat reaksiya vermədiyini qeyd etdi. Xüsusilə ATƏT-in mövqeyini sərt tənqid etdi. Hər iki ölkəyə münasibətdə ikili standartlara yol verildiyini xüsusi vurğuladı.

Prezident həmçinin Azərbaycanla müqayisədə pandemiya ilə mübarizə sahəsində vəziyyətin yaxşı olmadığını, bu ölkənin hazırda pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd etdi. Buna təsir göstərən amillərdən biri Ermənistanın uzun illərdir Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyadır. Məhz bu səbəbdən Ermənistan bir çox regionla layihələrdən kənarda qalıb.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verməsi bu ölkənin iç üzünü və mahiyyətini bir daha açdı. Əslində pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri kimi Ermənistan BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalıydı. Bu qərəzli yanaşmanın kökündə bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür”.

Deputat bildirib ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməkdə Azərbaycanın məqsədi COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaq idi: “Bu təşəbbüsün reallaşması üçün 97 səs lazım olmuş, ancaq 130-dan çox ölkənin səsi əldə edilmişdi. Burada iki əsas məsələ öz rolunu göstərdi - bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Azərbaycan bu rəğbəti uzun illər həyata keçirdiyi ardıcıl xarici siyasət hesabına, prinsipial, müstəqil mövqe sayəsində qazanıb. Bu, doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycana yenidən verilən böyük beynəlxalq dəstəkdir, ölkəmizə olan inam və etimadın göstəricisidir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »