Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlər koronavirusdan düzgün qorunurlarmı - Həkim açıqlaması

Son iki həftədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub. 6 həkim sağalıb, 27-nin müalicəsi davam etdirilir, 6-nın vəziyyəti ağırdır.

Bu barədə Bizimyol.info-ya ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

Həkimlərin bu qədər yoluxması xoşagəlməz faktdır. Bu gün virusla mübarizədə ən önəmli rol oynayan həkimlərimizin xəstələnməsi bütün cəmiyyətin müdafiəsiz qalmasıdır desək yanlış sayılmaz.

Bu günlərdə Bakı Sağlamlıq Mərkəzində tibb bacısı kimi fəaliyyətə başlayan Günel Rüstəmova (ad şərtidir) söhbət zamanı mənə bildirdi ki, 8 saatlıq növbə əsasında fəaliyyət göstərirlər. Qoruyucu geyimi hər dəqiqə çıxartmaq məcburiyyətində olmasınlar deyə, hətta altdan böyüklər üçün bez geyinənlər belə var. Nahar fasiləsinə, su içməyə belə yalnız növbə bitdikdən sonra gedirlər.Növbə bitdikdən sonra onlar üçün ayrılmış xüsusi otelə gedir, səhər tezdən yenə işə başlayırlar. Özünü qorumaq həddən artıq çətindir.

Həkimləri, tibb personalını koronavirusdan necə qorumaq olar? Və yaxud sualı fərqli şəkildə versək onların özlərini qoruması düzgün təşkil olunubmu?

Bu suala hazırda Ərəbistanda yaşayıb işləyən həmyerlimiz, kordioloq Azər Mustafayev cavab verir.

Kardioloq Azər Mustafayev Azər Mustafayev

“Qorunma bir qədər nisbi məsələdir. Virus yenidir, tam araşdırılmayıb. Bəlkə fərqli yoluxma yolu da var. Viruslar müxtəlif səthlərdə ola bilər. Sanitarlar otağı necə təmizləyiblər, maskanı, mühafizə geyimini necə taxıb çıxartmaq, bu geyimlərin hansı qaydada sterilizasiya olunması, bütün bunlar hamısı önəmli şərtdir.Səbəb çoxdur. Otaqlar infeksion xəstəliklər üçün nəzərdə tutulmayıb. Mənfi təzyiq yoxdur deyə virus zərrəcikləri sorulub getmir. Xəstə asqırıb-öskürdükcə otağın havası virusla dolur. Tibbi personal maskada olmuş olsa belə müəyyən vaxtdan sonra maska özü də köhnəlmiş, yoluxmuş ola bilər.Mühafizə kostyumunun geyinilməsi çıxarılması, otaqdan çıxandan sonrakı davranışlar, dizenfiksiya və sterilizasiyanın nə dərəcədə aparılması, maskaların vaxtlı – vaxtında dəyişdirilməsi, xəstələrin olduqları otaqların havalandırılması, sterilliyi çox ciddi nəzarət altında olmalıdır.Nəzərə alın ki, işdən sonra o həkimlər, orta tibb personalı bir yerə yığışırlar. Onlardan biri qorunma qaydalarını pozub yoluxubsa, kifayət edir ki, digər həkimlər və tibb işçiləri də yoluxsunlar. Bu anlamda bütün günü xəstələrlə kontaktda olan həkim və tibb işçiləri çox böyük risk altındadırlar”,- deyə Azər Mustafayev bildirb.

Virusu araşdıran mütəxəssislər bildirilər ki, koronavirusdan sağalan şəxslər aylarla özlərinə, sağlamlıqlarına nəzarət etməlidirlər, çünki ikinci bir xəstəlik baş qaldırarkən koronavirusun yenidən özünü göstərməsi, hansısa orqanı zədələməsi faktları da mövcuddur.

Bizim xəstəxanaların bir çoxunda mənim şəxsən öz müşahidəm bunu deməyə əsas verir ki, orta tibb personalı qoruma, müdafiə tədbirlərini sadəcə dövlət qayda qanun qoyduğuna görə, göstəriş xatirinə edirlər. Məsələn bu gün Bakı Diaqnostika Mərkəzində gördüyüm mənzərə bu idi ki, müxtəlif səbəblərlə və yalnız koronavirusdan analiz verənlər hamısı eyni yerə toplaşır. Binanın alt qatında, demək olar ki, zirzəmidə yerləşən bu hissədə sosial məsafədən söhbət gedə bilməzdi. Üstəlik qoruyucu kostyumda olan tibb personalında da bu kostyumlar görüntü xatirinə geyinilmiş tərzdə idi. İncə kostyum var , bəli, amma əl, ayaqlar, saçlar açıq.Əldə üzük, qulaqda sırğa. Məncə bunun özü belə bu şəkildə olmamalıydı. Xanım tibb bacısı əlindəki labarator şüşələri ilə ( dolumu, boşmu bilmədim) koronavirus üçün yoxlanmağa gələnləri qarşılayır. Yeri gəlmişkən sözügedən özəl klinikada koronavirus testi 50 manata aparılır.Qəbul otağında, girişdə oturan gənc xanımların da bəzilərində maska var idi, bəzilərində yox. Halbuki bu təhlükəsizlik tədbirləri məhz onların özlərini qorumaları üçündür.

Korona gözlə görünmür deyə onun kimdə gizli olduğunu kimsə bilmir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »