Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aleksey Fenenko: “Təəssürat yaranır ki, Paşinyan Azərbaycanı kəskin addımlar atmağa təhrik edir”

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilən videokonfransdan bir müddət sonra Qarabağa gedib və işğalçı rejim nümayəndələri ilə danışıqların nəticələrini müzakirə edib.

Baxmayaraq ki, gözlənildiyi kimi, videokonfrans real nəticələr vermədi, Zöhrab Mnatsakanyan Qarabağda etdiyi çıxışda danışıqlar prosesində qondarma rejimin iştirakının zəruriliyini təkrarladı. Daha sonra Ermənistan KİV-lərinə verdiyi müsahibədə Ermənistan Xarici İşlər naziri Ermənistanın Qarabağda “təhlükəsizlik və azadlığın yeganə qarantı” olduğunu bildirdi.

Ancaq ilk dəfə deyil ki, işğalçı Qarabağ rejimi... “işğal altındakı ərazilərin işğalına son qoyulmasını” tələb etdi (söhbət Azərbaycanın nəzarətində olan Qarabağın şimal hissəsindən gedir - red.). Bu, münaqişəni həll etmək üçün mərhələli plan üzrə aparılan sülh danışıqları ilə necə uzlaşa bilər? Yenidən Qarabağ xalqının (əlbəttə, azərbaycanlılarsız) fikirlərini nəzərə almağın zəruriliyi haqqında fikirlər səsləndirildi.

Bu barədə tanınmış rusiyalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının mütəxəssisi, Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko media.az-a müsahibə verib.

- Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə videokonfrans formatında görüş keçirildi. Heç bir nəticə əldə olunmadı. Lakin sonra Qarabağın işğalçı rejimi “işğal olunmuş əraziləri” geri qaytarmaq niyyətlərini açıqladı. Söhbət Azərbaycanın nəzarəti altında qalan Qarabağın şimal ərazilərindən gedir. Nə baş verir?

- Bu mesajın Azərbaycana ünvanlanmadığı aydındır. Bakıda bu, neqativ münasibətdən başqa bir şey yarada bilməz, dünyanın digər ölkələrində isə təəccüblə qarşılanacaq. Mən burada iki variant görürəm. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı hər hansı kəskin addımlar atmağa təhrik edib, daha sonra danışıqları pozmaqda günahlandırmağı düşünür.

İkinci məqam Nikol Paşinyana Qarabağ rejimi tərəfindən müəyyən təzyiqlərin olmasıdır. Bu, Ermənistan baş nazirinin onları nə qədər müdafiə etməyə hazır olduğunu yoxlamaq cəhdi ola bilər. İstənilən halda, bu, “planlaşdırılmış təxribat”dır.

- Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Qarabağa səfər etdi. Yenə də müzakirələrdə Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan “xalqlarının” münaqişənin sülh yolu ilə həlli variantına razılığının zəruriliyinə toxunub. “Qarabağ xalqı” ifadəsi altında bu ərazinin yalnız erməni əhalisi nəzərdə tutulur.

- Bu, ATƏT-in Minsk qrupunun prinsiplərinə tamamilə ziddir. Heç bir yerdə “Dağlıq Qarabağ xalqı”nın (dırnaq işarələri bizimdir - red.) danışıqların subyekti olduğu qeyd edilmir. Söhbət ilk gündən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən gedib.

Əgər Nikol Paşinyan, Xarici İşlər Nazirliyi vasitəsilə də olsa, belə açıqlama verməyi məqbul bilirsə, sual yaranır: ümumiyyətlə, o, ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyətini davam etdirmək fikrindədirmi? Əgər bu qrupun “ölü” olduğuna inanırsa, qoy bunu açıq və konkret şəkildə söyləsin və Ermənistanın danışıqlarda iştirakını dayandırıldığını elan etsin. Lakin o, bunu etmir və qarşı tərəfi təxribata çəkmək məqsədi hiss olunur.

Bir daha vurğulayıram ki, danışıqların nəticəsiz qalması qaçılmaz idi. Dağlıq Qarabağ münaqişəsi ətrafında vakuum yaranıb. Nikol Paşinyan qərar verməlidir: əvvəlki plandan imtina edirmi?

Son xəbərlər
Bütün xəbərlər »