Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaur Məmmədov: “Vətəndaşlar DTX-nı başqa qurumlarda da gözləyir”
Politoloq Zaur Məmmədov: “Bu, Xarici İşlər Nazirliyində sonuncu əməliyyat olmayacaq” – “Belə əməliyyatlar digər dövlət orqanlarında da davam edəcək”

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində əməliyyat keçirib. Həmin əməliyyat Nazirliyin bir neçə vəzifəli şəxsi korrupsiya cinayətlərində şübhəli bilinərək saxlanılır. Qaldırılmış cinayət işi üzrə təqsirkarların dairəsini müəyyənləşdirib istintaqa cəlb etmək üçün əməliyyat-istintaq tədbirləri görülür. DTX bu barədə rəsmi məlumat yayıb. Xarici İşlər Nazirliyi kimi mühüm dövlət qurumunda aparılan əməliyyatı, ümumilikdə, diplomatiyamızın hazırkı durumu ilə bağlı Bizimyol.info portalının suallarını siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov cavablandırıb.

Zaur Məmmədov Zaur Məmmədov

- Zaur müəllim, DTX-nın Xarici İşlər Nazirliyində apardığı əməliyyata necə baxırsınız? Nə baş verir?

- Bu, Prezidentin apardığı islahatlara uyğun olan bir addımdır...

- Orda korrupsiya əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

- Bəli, Prezident ölkəni korrupsiyadan təmizləmək üçün bu addımları atır.

- Diplomatiya hara, korrupsiya hara?

- Korrupsiya hər yerdə ola bilər. Dövlət idarəçilik statndartlarına cavab verməyən bütün rəsmi institutlarda islahatların tezliklə şahidi olacağıq.

- Yəni islahatlar deyəndə DTX-nin əməliyyatlarını nəzərdə tutursunuz?

- İslahatlar təkcə bu kimi əməliyyatlar deyil. Hal –hazırda dövlətçilik yeni modelinin qurulmasının ilkin mərhələsindəyik. Bir müddətdir, DTX istər mərkəzi, istər regional icra hakimiyyəti orqanlarında əməliyyatlar aparır. İslahatlar elə dövlət idarəçiliyinin neqativ hallardan təmizlənməsindən başlanır.

- Cəmiyyətdə, Sizcə, bu islahatın nəticəsini öz həyatında hiss edirmi?

- Hiss edir ki, DTX-nin bütün bu əməliyyatlarını birmənalı dəstəkləyir. Vətəndaşlar artıq qara maskalı əməliyyatçıları ayrı-ayrı başqa dövlət qurumlarında səbirsizliklə gözləyirlər. Fikir versəniz, əslində bütün o əməliyyatlar aparılan dairələrdən külli miqdarda şikayətlər vardı. Ayrı- ayrı ekspertlər bütün bunlarla bağlı dəfələrlə mənfi şərhlər də vermişdi.

- Sizcə, niyə XİN?

- Bilirsiniz, Xarici İşlər Nazirliyi (XİN) Mədəniyyət Nazirliyindən, regional icra hakimiyyəti orqanlarından fəqrli olaraq, daha strateji orqandır. Hər bir dövlətdə Xarici İşlər Nazirliyi ən əsas nazirliklərdən biridir. Dövlətin imici ilə, informasiya müharibəsi ilə məşğuldur.Eyni zamanda Azərbaycanı xarici ölkələrdə təmsil edən səfirlikləri idarə edir. Ümumilikdə xarici siyasətə cavabdehdir. Bu səbəbdən həmin orqanda, eləcə də, başqa qurumlarda əsl dövlətçilik, vətənpərvərluk ruhunda yetişən dövlət kadrlarının olması kifayət qədər vacibdir.

- Ancaq reallıqda məlum olur ki, dövlət maraqlarını qorumalı olanlar öz maraqlarını qorumaqla məşğul olub...

- Bu, hələlik ilkin rəsmi məlumatdır. İlkin məlumatlardan məlum olur kı, XİN –də korrupsioner dəstə fəaliyyət göstərirdi. Ətraflı şəkildə bir qədər sonra tam məlumat alacağıq. Bu baxımdan, bununla bağlı rəy bildirmək bir qədər tələskənlik olardı.

- Hər halda deyirsiniz, şikayətlər, ekspertlərin tənqidləri olub...

- Xarici İşlər Nazirliyinin ayrı -ayrı strukturları haqqında neqativ hallara millət vəkilləri bir neçə dəfə öz çıxışlarında toxunub. İctimaiyyət nümayəndələri də öz fikrini bildirmişdi.

- Belə çıxır ki, bu qədər şikayətə, tənqidlərə baxan olmayıb. İctimaiyyət nümayəndələrinin fikrinə toxundunuz. İctimai rəydə belə sual da var ki, bu əməliyyat həmin bir neçə idarə rəisi ilə kifayətlənəcəkmi, davam edəcəkmi?

- Düşünürəm ki, bu, DTX-nin təkcə Xarici İşlər Nazirliyində və sonuncu əməliyyatı olmayacaq.

- Bu proqnozunuz nəyə əsaslanır?

- Prezidentin çıxışlarına. Ölkə Prezidenti dəfələlrə müxtəlif kürsülərdən bəyan edib ki, məmurlar dövlətə xidmət etməli, Prezidentin apardığı siyasi kursa uyğun olaraq işlərini qurmalıdırlar. Onların korrupsiyaya yoluxması və yaxud ayrı -ayrı qanunsuz işlərlə məşğul olması yolverilməzdir. Dövlətin və cəmiyyətin inkişafı və təhlükəsuzliyi, dayanıqlı inkişafı üçün peşəkar və məsuliyyətli kadrlara ehtiyac var. Biz artıq bir neçə ildir ki, Prezidentin apardığı kadr islahatlarının şahidləriyik. Modernləşən və qloballaşan dünyada ən müasir standartlara cavab verən dövlət kadrlarının olması Azərbaycanda da çox vacibdir. Prezidentin kadr siyasətinin əsasında bu dayanır. Ən əsası, biz əmin olmalyıq ki ,yaxın zamanlarda hər hansı başqa dövlətlərə qulluq edənlər, “5-ci kolon” rolu oynayanlar, rüşvətxorluqla məşğul olanlar, bir sözlə, dövlətin apardığı siyasətə xələl gətirən məmurlar vəzifəsindən və kimliyindən asılı olmayaraq mütləq şəkildə cəzalandırlacaq.

- Həmin dediyiniz dairələrin müqavimətini nə ilə qırmaq mümkün olacaq?

- Prezidentin ətrafında birləşməklə. Bilirsiniz, bütün bu addımlar bizi xalq kimi Prezidentlə həmrəy edir. Biz - Bakı Politoloqlar Klubu Prezidentin apardığı bu siyasəti dəstəkləyirik.

- Xarici İşlər Nazirliyindəki əməliyyata qayıdaq. XİN-dəki bu qalmaqal, Sizcə, Qarabağ probleminin həllində hansı mənfi təsirlərini buraxacaq?

- Mən düşünmürəm ki, Qarabağ məsələsinin həllində Xarici İşlər Nazirliyindəki (XİN) bu günkü hadisələr ciddi təsir edəcəkdir. Hər halda Xarici İşlər Nazirliyinin statusu buna imkan vermir.Amma, ümumilkdə, təbii ki, Ermənistan- Azərbaycan münaqişəsinin diplomatik yolla həllində XİN mühüm orqandır. Hər halda səfirliklərin koordinasiyalı şəkildə Bakı ilə işbirliyində olması, onların olduqları ölkədə fəaliyyətinin sistemli və düşünülmüş şəkildə aparılması xüsusilə bu məqamlarda çox vacibdir.

- Sizcə, indiki halda XİN-in apardığı diplomatik xidmət, xarici siyasət uğurludurmu?

- Münaqişənin həllində diplomatiya və beynəlxalq müstəvidə davranış çox vadibdir. Sevindirici haldır kı, Prezident İlham Əliyevin özü diplomatik bacarıqlarına görə dünyada seçilən liderlərdəndir. Prezident özü baş diplomat kimi Azərbaycanı regional və beynəlxalq proseslərin mərkəzinə gətirə bilib. Azərbaycan indi xeyli regional, hətta qlobal layihələrin iştirakçısıdır. Bir çoxunun həm də təşəbbüsçüsüdür. Coğrafi və demoqrafik baxımdan nisbətən kiçik bir dövlət üçün bunlar böyük uğurlardır.

- Bəs xarici siyasətə cavab verən başqa qurumlar, vəzifəli şəxslər bunu etmir? Bu məsələdə Prezidenti meydanda tək qoymuş olmurlar ki?

- Əfsuslar olsun ki , biz Prezidentin atdığı addımlarla bağlı dediyimizi xarici siyasətə cavabdeh olan ayrı- ayrı vəzifəli şəxslər haqqında deyə bilmərik. Halbuki o vəzifəli şəxslər xaricdə, ümumiyyətlə, dövlətin informasiya siyasətinin koordinasıyası ilə məşğul olmalıdırlar. Bura xarici ölkələrin mediasında çıxışlardan tutmuş lobbiçilik fəaliyyətinin təşkilinə qədər çox məsələ daxildir.

- Deyirsiniz, Prezident ölkəni layiqincə xaricdə təmsil edir. Onu da deyirsiniz ki, çox məsələlər var. Çox məsələ var və Prezident də təkdirsə, bəs bu qədər işi görməli olan başqaları nə ilə məşğul olur? Xaricdəki səfirliklər, diplomatik nümayəndəliklər, diasporumuz...

- Təəssüf ki, bəzən xaricdəki nümayəndəliklərimizlə diaspor təşkilatları arasında, diaspor üzvlərinin öz arasında koordinasiyanın olmamasının şahidiyik. Bir çox hallarda formal xarakterli tədbirlər keçirirlər. Görüntü yaradırlar. Tezliklə XİN–də köklü dəyişikliklərin şahidi olacayıq.

- Bu durum nə zamana qədər davam edəcək. 30 il olacaq ki, müstəqil dövlətik...

- Azərbaycan kifayət qədər çətin coğrafiyada yerləşir. Ən azı 2 qonşu dövlət nəinki Cənubi Qafqaza az qala bütün dünyaya iddialıdırlar. Belə olan təqdirdə gənc dövlətlər daha çox çağırışlarla üz–üzə olurlar. Həm daxili, həm xarici. Amerika birdən qurulmadı.

- Diasporla səfirliklərin koordinasiyasına toxundunuz. Amma xaricdə yaşayan azərbaycanlıların heç də hamısı hökumətlə işləmir. Hətta ona qarşı işləyir. Bir çoxu müxalif mühacirlərdir. Eləcə də, xarici səfirliklərimizdə çalışıb, hətta Azərbaycanın səfiri olub sonra orda qalaraq müxalifət mövqeyinə keçənlər də var. Onlarla münasibət və ya onlara münasibət, Sizcə, necə qurulacaq?

- Bəli, xaricdə oturub Azərbaycana qarşı işləyənlər var. Siz hökumət dediniz. Ancaq onlar dövlətə qarşı işləyirlər. Təxribatlarla, təhqir, böhtan, qarayaxma kampaniyaları aparmaqla məşğuldurlar. Sağlam siyasi rəqabət, dialoq aparmaq əvəzinə bu cür utancverici əməllərlə məşğul olurlar...

- Ancaq həmin adamlar və qruplar da deyir: “Biz ölkədə sağlam siyasi rəqabət, normal dialoq mühiti olmadığına görə mühacirətdəyik” və sair.

- Bəli, elə deyirlər. Ancaq səbəb bu deyil.

- Səbəb bu deyil, yoxsa belə bir səbəb yoxdur?

- Səbəb donorların o qruplara və şəxslərə verdiyi sifarişdir. Azərbaycanlı mühacirlər arasından seçilib maliyyələşdirilən bu adamlar və qruplar sosial şəbəkə hesablarında, müxtəlif media kanallarında Azərbaycana, dövlətə, onun rəhbərliyində olanlara qarşı nə qədər çox təhqir, şantaj, böhtan, qaralama əməlləri aparırlarsa, o dediyim donorlardan bir o qədər çox maddi və sair dəstək alırlar.

- Donorun təhqiri, böhtanı maliyyələşdirməkdə məqsədi nə ola bilər?

- Onlar, əslində, Azərbaycan dövlətinə, onun başçısına təzyiqləri maliyyələşdirmək məqsədi güdürlər.

- Yəni doğru anladımsa, bizdə təhqir, böhtan, şantaj anlayışlarının məna tutumu ilə bəzi başqa ölkələrdəkində fərqlərə işarə edirsiniz. Bizdə söyüş, həqarət kimi qarşılanan bir ifadə başqa bir ölkədə belə qarşılanmır.

- Bəli. O da ola bilər.

- Yaxşı, elədirsə də, bu təzyiqlərlə nəyə nail olmaq istəyirlər dediyiniz həmin donorlar və sair dairələr?

- Azərbaycanın güclənməməsinə nail olmaq istəyirlər. Onlar Azərbaycanın müstəqil siyasətdən əl çəkməsinə nail olmaq istəyirlər. Təəssüf ki, bir çox azərbaycanlılar da o dairələrin əlində alətə çevrilirlər və anlamırlar ki, Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ kimi bir problemin olduğu halda azərbaycanlı olan hər kəs öz dövlətinin yanında olmalıdır, hansısa başqa xarici dövlətlərin, yaxud təşkilatların əmrində olmalı deyil. Biz – istər Azərbaycanda yaşayan, istər xaricdəki azərbaycanlılar - dövlətimizi zəiflədən əməllərdən çəkinməliyik.

- Ancaq onlar da deyir ki, Azərbaycanı öz hökumətinin siyasəti zəiflədir...

- Kökündən səhv fikirdir. Müstəqil siyasət dövləti zəiflədən deyil, əksinə gücləndirən amildir. Hər bir dövlət üçün çox vacib məsələlərdən biri müstəqil qərar verə bilmək, bu qərarın arxasında dayanmaqdır. Bunu nə qədər çox bacarırsa, o qədər çox güclənir.

- Müstəqil qərar verə bilməyən dövlətlər hansıdır? Misal gətirə bilərsinizmi?

- SSRİ dağılandan sonra qlobal müstəvidə, eləcə də, öz coğrafiyamızda baş verənlərə nəzər salsanız, bu suala özünüz də cavab tapa bilərsiniz. Kimin azad seçim edə bildiyinə, kimin isə əksinə xarici güclərin diqtəsi ilə oturub-durmasına dair keçmiş Sovet məkanında aydın görünən nümunələri var. Cənubi Qafqaz dünya ağalığı iddiasında olan dövlətlərlə və ya onların nüfuz dairəsindəki satellitləri ilə həmsərhəddir. Dövlətimiz çətin geosiyasi məkanda yerləşir. Bunu heç zaman unutmaq olmaz. Bu bölgədə Azərbaycan kimi bir dövlətin güclənməsində maraqlı olmayan, buna mane olmağa çalışan, Azərbaycan Prezidentinin müstəqil qərarlar verməsini həzm etməyən güclər, dairələr var – bunu unutmamalıyıq. Azərbaycanın beynəlxalq siyasətin faktorlarından birinə çevrilməsini istəməyənlər var.

- Yaxşı. Sualı belə qoyaq: Prezidentinin hansı qərarları olub ki, Azərbaycanı gücləndirib və dediyiniz dairələr də bunu istəməyib?

- Uzağa getməyək. Bax, elə təkcə son 3 ildə bir çox beynəlxalq iqtisadi layihələrin əsasını qoyan, reallaşdıran Azərbaycan onlara sərf etmir. Azərbaycan Prezidentinin sayəsində biz əslində bir çoxlarının skeptik yanaşdığı, reallaşmasını mümkünsüz saydıqları layihələrin reallaşmasının şahidiyik.

- Məsələn?

- Məsələn, Ələtdə tikilən böyük dəniz limanı, Şimal- Çənub, Şərq -Qərb layihələri, eyni zamanda pandameya olmasına baxmayaraq, Azərbaycan Prezidentinin liderliyi və vasitəçiliyi ilə müxtəlif təşkilatların onlayn videokonfranslarının keçirilməsi. Ən əsası, Birləşmiş Millətlər Təşkilatının (BMT ) üzvü olan 130 dövlətin Prezident İlham Əliyevin təklifini qəbul edərək, COVİD 19-la bağlı xüsusi sessiyasını keçirilməsinə razılığını bildirməsi. Bu, yeri gəlmişkən, BMT tarixində çox nadir hadisələrdən biridir və müəllifi Azərbaycandır.

- Müsahibə üçün təşəkkür edirəm.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »