Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın BMT-dəki nümayəndəsi: “İlham Əliyevin çağırışı dəstəklənməlidir”

Beynəlxalq ictimaiyyət Azərbaycan prezidenti İlham Əliyevin koronavirusla bağlı BMT-nin baş assambleyasının xüsusi sessiyasını çağırmaq təşəbbüsünü yüksək qiymətləndirir. Bu, xüsusilə üzv ölkələrin bir-birilə əməkdaşlığının vacib olduğu dönəmdə əhəmiyyətli görünür.

Bizimyol.info xəbər verir ki, “Moskva-Baku”ya danışan Rusiyanın BMT-dəki daimi nümayəndəsi Dmitri Çumakov İlham Əliyevin təşəbbüsünün dəstəyə layiq olduğunu bildirib.

“Rusiya COVİD-19 ilə mübarizə üçün beynəlxalq səylərin birləşdirilməsi və BMT nizamnaməsinə uyğun olaraq, üzv ölkələrin əməkdaşlığının tərəfdarıdır. Azərbaycan Respublikasının prezidentinin təşəbbüsü, heç şübhəsiz, bu məcrada vəzifənin həllinə xidmət edir. Eyni zamanda, belə təklifin həyata keçirilməsi bir sıra texniki və prosedur baxışların tənzimlənməsi tələbini ortaya çıxarır. Çünki biz virtual rejimdə işləyirik. Təşəbbüsün reallaşdırılması ilə bağlı məsələlərin müzakirəsində iştirak etməyə hazlırıq”, - Çumakov deyib.

Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama hərəkatının sədri kimi mayın 4-də təşəbbüs irəli sürmüşdü. Reaksiyalar təşəbbüsün əhəmiyyətindən xəbər verir. Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev bildirib ki, BMT-nin 130 üzv ölkəsi dövlət başçısının təklifini dəstəkləyir. Ermənistandan başqa təşəbbüsə qarşı çıxan olmayıb. Halbuki Azərbaycan bu istiqamətdə bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

“Əminik ki, xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiya ilə mübarizədə tam səfərbər edilməsi üçün şərait yaradacaq və bu qlobal təhlükəyə cavab axtarışına müsbət töhfə verəcək. COVID-19 pandemiyasının davam etməsi bir daha göstərir ki, dünyanı bürümüş təhlükədən çıxış yollarını müzakirə etmək və həllini tapmaq üçün dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi iclasında dünya dövlətləri, hökumət başçılarının təcili, təxirəsalınmaz toplantısına böyük ehtiyac var”, - Hikmət Hacıyev deyib.

Azərbaycan pandemiya dövründə mübarizə və dövlətləri bu məsələ ətrafında birləşdirmək üçün fəal siyasət yürüdür. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının hazırkı sədri olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da COVID-19 və onun dövlətlər üçün yaratdığı fəsadlara dair videokonfrans vasitəsilə Türk Şurasının təcili sammiti keçirildi. Mayın 4-də isə Qoşulmama hərəkatının əlaqə qrupunun onlayn sammiti baş tutdu. Burada BMT baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Avropa İttifaqı, Afrika Birliyinin nümayəndələri iştirak etmişdilər.

Azərbaycan pandemiya başlayandan 30-a yaxın dövlətə maddi və humanitar dəstək verib. İrana 5, Ümumdünya Səhiyyə Təşkilatına 10, pandemiya dövründə çətinlik çəkən başqa dövlətlərə 5 milyon dollar ayrılıb.

Son xəbərlər
Bütün xəbərlər »