Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan evdə müalicə olunanların müalicəsi kimin hesabına aparılır?

Çörək ala bilməyənlər dərman ala bilirmi?

Koronavirus xəstələrinin sayı artdığına görə, Operativ Qərargah xəstəliyi yüngül formada keçirən şəxslərin evdə müalicə almasına icazə verdi.

Lakin bir neçə gündür Bizimyol.info-ya gələn ardı- arası kəsilməyən şikayətlərdən belə başa düşmək olur ki, nə təcili yardım zənglərə vaxtında cavab verə bilir, nə də xəstələri vaxtında nəzarətə ala bilirlər. Hətta xəstəxanalarda belə dərman çatışmazlığı yaşanırsa, evdə müalicə kimin hesabına aparılmalıdır? Dövlətin, yoxsa vətəndaşın? Axı bu karantin müddətində işləməyən xalqın vəziyyəti onsuz da gərgindir. Çörək almağa imkanı olmayan adam od qitymətinə satılan dərmanları necə ala bilər? Üstəli koronavirusun müalicəsində istifadə olunan spesifik dərmanları apteklərdən tapmaq müşkül məsələdir. Koronaviruslu şikayətçilərin sözlərinə görə, həkim onlara resept yazır, amma orada yazılanları heç yerdən tapıb ala bilmirlər.

Jurnalist dostlarımdan birinin anası koronavirusa yoluxub və Sumqayıt ərazisində tikilmiş mobil xəstəxanada nəzarətə alınıb. Dostumun dediyinə görə, xəstə sayı çox, həkim sayı az olduğu üçün xəstələrə qulluq etməyə adam çatışmır.

“Anam şəkər xəstəsidir, bir gün su verən olmayıb. Bütün dərmanları özüm alıb ararıam. Dedilər dərman yoxdur, al gətir, qoyaq, xəstəniz özü saxlasın. Ayrı vaxt 7 manata satılan Abidolu tanışlıqla 50-70 manata, Tamiflyunu öz qiyməti 44 manat olmasına baxmayaraq, 155 manata almışam”,- deyir həmkarım.

Evdə müalicə olunanları dərmanla əslində dövlət təchiz etməlidir.

Rəvanə Əliyeva Rəvanə Əliyeva

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Bizimyol.info-ya bildirdi ki, bu sualın cavabını Səhiyyə Nazirliyindən almaq lazımdır, cavab onların səlahiyyətində deyil. “Müvəqqəti olaraq 103 və ambulator xidmətlər Səhiyyə Nazirliyinə verilib. Onlardan soruşun”.

Soruşaq soruşmasına da, amma bu sözlə, yaramızın qaysağını qopartdınız, Rəvanə xanım. Səhiyyə Nazirliyinin telefonları susur, Mətbuat Xidməti isə... Nə deyəsən ki, həm etiketdən kənar olmasın, həm ürəyin soyusun. Pandemiya dövründə, ictimaiyyət qarşısına ən çox çıxmalı olan simalar səhiyyə naziri və onun mətbuat xidməti olmalıydı. Gözəgörünməzlik oyunu ilə gözəgörünməz, lakin qorxunc düşmənlə necə savaşacaq bu nazirlik? Yaxşı, özləri qaçıb gizləndilər, bəs məsul olduqları bu insanları kimin və nəyin ümidinə qoyublar?

Bu arada təcili yardımla bağlı problemlərin TƏBİB-ə də dəxli var. Çünki pandemiya əleyhinə mübarizə bütövlükdə TƏBİB-ə həvalə olunub. Hətta pandemiya əleyhinə polisin də fəaliyyəti TƏBİB-in diqqətində olmalıdır və lazım gələrsə, iradlarını bildirməli və tələblər irəli sürməlidir. Hansısa xidmət, o cümlədən təcili yardım pandemiya əleyhinə mübarizəyə zərər verirsə, TƏBİB-in "bu bizə aid deyil" deməsi bu qurumun öz effektivliyini itirməsi anlamına gəlir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »