Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Berdıməhəmmədovun istefasını tələb edənlərin yaxınları təhdid olunur - Foto

Türkmənistanın siyasi fəallarının prezident Qurbanqulu Berdıməhəmmədovun istefası tələbi ilə Türkiyədə keçirdiyi aksiya səs-küyə səbəb olub.

Orta Asiya ölkəsində buna görə çox qəzəbləniblər.

Berdıməhəmmədovun istefasını tələb edənlərin yaxınları təhdid olunur

Bizimyol.info xəbər verir ki, Türkmənistanda ölkədən kənarda yaşayan siyasi fəalların valideynləri təhdid olunur. Onlar hətta xaricdə də ölüm qorxusu ilə yaşadıqlarını bildirirlər. İyunun 26-da İstanbuldakı aksiyanın iştirakçısı olmuş Xanım Rəsulovanın sözlərinə görə, onu iki nəfər tutaraq səfirliyə aparmaq istəyib: “Dedilər ki, gedək orada de görüm, hökumətinizdən niyə narazısan. Uşaqlar məni onların əlindən birtəhər ala bildi. Amma dedilər ki, harada yaşadığını, nə işlə məşğul olduğunu bilirik”.

Gənc qadın fəal Türkmənistan ordusunda həlak olmuş Seydulla Rəsulovun bacısıdır. 18 yaşlı əsgərin meyiti ailəsinə ölümündən bir ay sonra təhvil verilmişdi. Həkim rəyində hərbçinin meningitdən öldüyü yazılıb. Amma yaxınları onu köhnə əsgərlərin öldürdüyünə, Türkmənistan hökumətinin ordudakı başıpozuqluğu ört-basdır etməyə çalışdığına inanır.

Xanım Rəsulova deyir ki, onun yaxınlarına Türkmənistanda işgəncə verirlər. Onun sevgilisini xüsusi xidmət orqanları beş dəfə çağıraraq möhkəm döyüb. Qadının özünə zəng vuraraq ölümlə hədələyiblər. Xanım Rəsulova dayısının ona zəng vuraraq “sən nə edirsən orada, Türkmənistanda hər şey yaxşıdır” dediyini bildirir.

“Facebook”da “Türkmənistan, birləşək” səhifəsinin Türkiyədə yaşayan admini Bayram Allalıyevin yaxınları da təhdid olunur. Onun atasını, anasını, qardaşını, bacısını, hətta həyat yoldaşının valideynlərini polisə çağırıb Bayramı susdurmağı tələb ediblər: “Əks halda məni öldürəcəyini bildiriblər”.

Siyasi fəal deyir ki, xaricdə yaşamaq istəmir, ölkəsinə qayıtmağı arzulayır. “Beş ildir qürbətdəyəm. Azad ölkədə yaşamaq istərdim”, - Bayram Allalıyev deyir.

Son xəbərlər
Bütün xəbərlər »