Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir Yankauskas: ““Şərq Tərəfdaşlığı” təşəbbüsünün ideyası həmişə aydın və sadə olub”

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskasın (Kestutis Jankauskas) APA-ya müsahibəsini təqdim edirik.

- Cənab səfir, ilk sualım Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” ölkələrinin liderlərinin bu yaxınlarda keçirilən virtual görüşü ilə bağlıdır. “Şərq Tərəfdaşlığı” Xarici İşlər nazirlərinin, daha sonra dövlət və hökumət başçılarının iştirakı ilə telekonfrans keçirildi. Bu konfransdan əsas çıxarışlar nədir?

- Əsas çıxarış - “Şərq Tərəfdaşlığı” Avropa İttifaqı üçün vacib prioritet olaraq qalır. “Şərq Tərəfdaşlığı” ölkələri yaxın qonşularımızdır və biz təhlükəsizlik, sabitlik və dayanıqlığı qurmaq üçün birlikdə çalışmaq istəyirik. Pandemiya səbəbindən bu il tamhüquqlu canlı "Zirvə" keçirilmədi. 2021-ci ilin mart ayında növbəti “Şərq Tərəfdaşlığı” Sammitinin canlı olaraq keçirilməsinə, bu münasibətlə bəyannamə qəbul edilməsinə razılıq verildi. Liderlərimiz 2021-ci ilin mart ayında qəbul ediləcək və qarşıdakı illər ərzində tərəfdaşlığımızı və əməkdaşlığımızı istiqamətləndirəcək yeni hədəflərin hazırlanmasını qarşıya vəzifə kimi qoydular. Artıq bunun üzərində işləməyə başlamışıq.

- Keçən ildən Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq Sazişinin demək olar ki, tamamlanmaq üzrə olduğunu eşidirik. Bu məsələ ilə bağlı son vəziyyət necədir?

- Yeni Tərəfdaşlıq sazişi ilə bağlı danışıqlarımızı necə yekunlaşdıracağımıza dair son məsləhətləşmələrimiz 2019-cu ilin dekabrında, cənab Mikayıl Cabbarovun İqtisadiyyat naziri vəzifəsinə təyin olunmasından qısa müddət sonra baş tutdu. Bu ilin əvvəlində Azərbaycan ticarət məsələləri üzrə yeni məsul şəxs təyin etdi. Təəssüf ki, koronavirus pandemiyası İqtisadiyyat Nazirliyi üçün yeni təcili prioritetləri meydana çıxardı, daha geniş, canlı koordinasiya və hazırlıq görüşlərinin, həm də səyahət etmək imkanlarının qarşısını aldı. Ölkələrimiz virus pandemiyasının öhdəsindən gəldikcə, hazırlıq işləri davam edir, yaxın zamanda məsləhətləşmələrin və ya danışıqların növbəti raundunun aparılacağını gözləyirəm.

- Bu yaxınlarda Aİ Komissarı cənab Varheyli və Aİ-nin Ali Nümayəndəsi cənab Borrellin qatıldığı mətbuat konfransında Aİ Komissarı aviasiya sektorundan bəhs etdi. Xahiş edirəm bu barədə daha ətraflı məlumat verəsiniz.

- Bəli. Yeni Tərəfdaşlıq Sazişi çərçivəsində davam edən danışıqlardan əlavə, Azərbaycan ilə Avropa İttifaqı arasında Aviasiya razılaşmasının ilkin versiyasını hazırladıq. 2013-cü ildən bəri bunun üzərində işləyirik. Sərhədlərin bağlandığı və hava səyahətlərinin azaldığı bir zamanda, aviasiya müqaviləsi haqqında danışmaq ilk baxışdan qəribə görünə bilər. Daha dərin düşündüyünüz zaman isə bu razılaşmanın xüsusilə pandemiyadan sonrakı dövrdə çox faydalı olacağı ortaya çıxır. Niyə? Hər şeydən əvvəl pandemiya həyat tərzimizə və iqtisadiyyatımıza təsir etdi. Biz yenidən bunu qurmağa çalışarkən, onu əvvəlkindən daha yaxşı şəkildə qurmaq istəyə bilərik. Bu müqavilə Azərbaycana ən yaxşı keyfiyyət və standartlar təmin edən Avropa aviasiya sahəsinə qoşulmağı təklif edir. Oxşar müqavilələr imzalayan bütün ölkələrdə bu günə qədər birbaşa hava uçuşlarının, sərnişinlərin sayı artıb, biletlərin qiyməti düşüb. Ciddi şəkildə təsirə məruz qalmış otel biznesinin ən qısa müddətdə bərpa olunmasını asanlaşdırmaq, daha çox avropalını regiona gətirmək, ailə biznesinə və kiçik və orta biznesin canlanmasına kömək etmək pandemiyadan sonra Azərbaycanın ehtiyac duyduğu bir şey deyilmi?

O da qeyd olunmalıdır ki, müqavilə daha əvvəl oxşar müqavilələri imzalayan ölkələrin milli aviadaşıyıcılarının fəaliyyətinə mənfi təsir göstərməyib, tam əksinə, bu razılaşma onların daha səmərəli və məhsuldar işləməsinə kömək edib.

- İddia olunur ki, 2009-cu ildə başlayan Aİ-nin “Şərq Tərəfdaşlığı” siyasətində prioritet təşkil edən transformativ ambisiyalar zəifləyərək, təşkilatın region ölkələri ilə son vaxtlar geosiyasiləşən münasibətləri fonunda nisbətən arxa plana keçib.

- “Şərq Tərəfdaşlığı” təşəbbüsünün arxasında dayanan ideya həmişə aydın və sadə olub: bu altı tərəfdaş ölkə Avropa İttifaqının qonşusudur, yaxın qonşularımız təhlükəsiz, sabit və firavan olmadan biz Aİ-nin təhlükəsizliyini, sabitliyini və rifahını təsəvvür edə bilmirik. “Şərq Tərəfdaşlığı” diqqətimizi və imkanlarımızı yönəltmək üçün unikal bir çərçivəni təmin edir. Son on il ərzində bu çərçivə əhəmiyyətli dərəcədə böyüyüb, möhkəmlənib və genişlənib. “Şərq Tərəfdaşlığı” tərəfdaş ölkələr üçün müxtəlif ambisiyalarını və milli prioritetlərini uyğunlaşdırmaq baxımından kifayət qədər geniş, çevik və inkluziv platformadır.

Hər bir ölkə öz milli maraqlarına və siyasi ambisiyalarına ən uyğun gələn sahələri seçə bilər. Hətta assosiasiya sazişini imzalayan üç ölkənin belə “Şərq Tərəfdaşlığı”nın praktik faydaları və transformasiya potensialından istifadəsi tam tükənməyib. Biz həqiqətən hər bir ölkənin öz prioritetlərini və tənzimləmələrini sərbəst seçmək hüququna inanırıq.

Düşünürəm ki, gələcək illərdə Aİ-nin azad seçimlərə imkan yaradaraq və transformativ imkanlar təklif edərək, yaxın qonşuluğumuzdakı bu ölkələrə öz təsirini daha çox artıracağını hesab etmək ədalətli olardı. “Şərq Tərəfdaşlığı” bunu təmin edəcək əsas platformadır.

- 2020-ci ildən sonra Aİ-nin bu ölkələrə müdafiə və təhlükəsizlik məsələlərində dəstəyini daha da gücləndirəcəyini gözləyə bilərikmi?

- 2019-cu ilin yayından bəri altı tərəfdaş ilə sıx əməkdaşlıq şəraitində liderlərimiz gələcək illər üçün tərəfdaşlığımızın beş prioriteti barədə razılığa gəliblər. Bunlar aşağıdakılardır:

- xüsusilə gənclər üçün iş yerləri yaradan iqtisadiyyat;

- yaxşı idarəçilik və demokratik təsisatlar, insan haqları, gender bərabərliyi və qanunun aliliyi vasitəsilə güclənən tərəfdaşlıq;

- xüsusilə rəqəmsal transformasiya vasitəsilə əlaqəlilik;

- davamlılıq iqlim dəyişikliyi yaşıl transformasiya;

- ən yaxşı təcrübə və innovasiyalar vasitəsilə vətəndaşlarımıza nəzərəçarpan nəticələrin davamlı çatdırılması.

Bütün bu prioritetlərdə "dayanıqlığın möhkəmləndirilməsi" dediyimiz bir ifadənin izini tapa bilərsiniz. Bu günlərdə müdafiə və təhlükəsizlik sırf hərbi anlayışdan daha üstün mənaya gəlib. Bu, həm də ölkələrimiz üçün müxtəlif müasir təhdidlərə tab gətirə biləcək sistemin, idarəetmə modelinin qurulması, cəmiyyətlərin gücləndirilməsini əhatə edir. Bu baxımdan “Şərq Tərəfdaşlığı” çox şey təklif edir.

Onu da qeyd etmək lazımdır ki, illər ərzində Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə siyasəti sürətlə inkişaf edir, buna görə də tərəfdaşlarımıza daha çox şey təklif edə bilərik. Azərbaycanla biz məlumat mübadiləsi və gələcək əməkdaşlıq üçün prioritetləri müəyyənləşdirməyə kömək edən müntəzəm və uğurlu təhlükəsizlik dialoqları aparırıq.

- Aİ-nin “Şərq Tərəfdaşlığı” siyasətinin Kreml tərəfindən xoş qarşılanmadığı sirr deyil. Rusiya ilə münasibətləri pozmaq istəməyən bəzi ölkələrin, məsələn, Fransa və İtaliyanın istəksizliyi “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığın inkişafını zədələyə bilərmi?

- Birincisi, gəlin, qoyaq Kreml özü mövqeyini və fikirlərini özü şərh etsin. Avropa İttifaqına gəlincə, “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı son on-on bir ildə baş verənlər Avropa İttifaqının razılaşdırılmış və vahid siyasətinin nəticəsidir, bu, bütün üzv dövlətlər tərəfindən tam təsdiqlənib və dəstəklənib.

Avropada biz həqiqətən hər bir ölkənin öz gələcəyini seçmək hüququna inanırıq.

“Şərq Tərəfdaşlığı” heç kimə qarşı yönəlməyib. O, tərəfdaşlarımıza və qonşularımıza inkişaf və daha yaxşı gələcək seçimi təklif edən əməkdaşlıq proqramıdır.

- Cənubi Qafqazdakı qeyri-sabitlik Avropa İttifaqının təhlükəsizliyinə təhdiddir. Əslində, həll olunmamış Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələri Avropanın qonşuluğunda müharibələrə çevrilə bilər. Sizcə, öz təhlükəsizliyinə zəmanət vermək üçün Aİ bu mübahisələrin həllinə daha çox səy göstərməli, siyasi aktivliyini artırmalı deyilmi?

- Həqiqətən, qonşuluğumuzdakı qeyri-sabitlik potensial təhlükədir. Bu münaqişələr təkcə Cənubi Qafqazda deyil, Moldova və Ukraynada da mövcuddur. Bu münaqişələrin hər birinin öz tarixi, dinamikası və ya dinamikasının olmaması, nizamlanmanın ayrı-ayrılıqda formatları var.

Tarixən Avropa İttifaqı mövcud həll mexanizmlərində fərqli rol oynayır. Avropa İttifaqının razılaşdırılmış tənzimləmə mexanizmlərində birbaşa rolu olmadığı hallarda, biz vasitəçilərə dəstək olmağa, sabitliyə, münaqişə tərəfləri arasında daha yaxın təması və dialoqu asanlaşdıran müxtəlif proqramlar təqdim etməklə prosesə kömək olmağa çalışırıq. Biz bunu edirik, çünki münaqişələrin ən qısa müddətdə həll olunmasını, təhlükəsizlik və sabitlik zonasının genişlənməsini istəyirik. Bu münaqişələrdə iştirakçı tərəflərin arzu etdikləri halda biz məsələlərin həlli üçün daha çox səy göstərməyin yollarını nəzərdən keçirməyə hazırıq.

- Bu günlərdə dünya COVID-19 pandemiyası ilə mübarizə aparır, Aİ rəsmiləri açıqlamalarında bu böhranın qlobal reaksiya, həmrəylik tələb etdiyini vurğulayırlar. Bilirik ki, pandemiya böhranının nəticələrini aradan qaldırmaq üçün Aİ müxtəlif ölkələrə, o cümlədən Azərbaycana maliyyə yardımları ayırıb. Maddi yardımın lazımi şəkildə xərclənməsinə nəzarət edən mexanizm mövcuddurmu?

- Avropa İttifaqı tərəfindən göstərilən bütün maliyyə yardımları Aİ-nin qaydaları və standartları ilə idarə olunur və Aİ-nin daxili və xarici audit nəzarəti altındadır. Onlar prinsipial və sərtdir. Risk analizinə əsaslanan yoxlamalar tez-tez və müntəzəm şəkildə həyata keçirilir. Nəticələr ictimaiyyətə açıqdır. Başqa sözlə, Aİ-nin yardımı Avropanın çatdırılma və tətbiqetmə standartlarına uyğundur. Hər hansı şübhə varsa, dərhal bildirilməlidir və bu məsələ təqib ediləcək. Hamını səmimi qəlbdən buna təşviq edirəm.

- Ənənəvi olaraq, dezinformasiyanın döyüş meydanı olan region son zamanlar COVID-19 konspiroloji nəzəriyyələrinin hədəfinə çevrilib. Aİ bu ölkələrə dezinformasiya ilə mübarizədə necə kömək edə bilər?

- Təkcə bu region dezinformasiyaya məruz qalmır: hamımız buna məruz qalırıq. Mövcud rəqəmsal və mobil şəbəkələr, İnternet və sosial media platformaları məlumat əldə etmək üçün çox faydalı olsa da, onlar müxtəlif manipulyasiyalara və sui-istifadəyə qarşı həssasdır. İlk növbədə, mövcud çatışmazlıqlara baxmayaraq, dəqiq informasiyanın əldə olunması üçün media azadlığından daha yaxşı bir yol yoxdur. İkincisi, Aİ və üzv ölkələr son illər strateji kommunikasiya, media resurslarının dayanıqlığı və faktların yoxlanılmasına çox sərmayə qoyub. Bu davam edən bir prosesdir. Hamını səylərimizə qoşulmağa və dezinformasiyanı tapmağa, bildirməyə və düzəltməyə kömək etməyə çağırıram. Və həmişə istifadə etdiyiniz məlumat mənbələrini yoxlayın.

- Bu pandemiya böhranı Avropaya pis təsir etdi. Bəziləri, xüsusilə də sağçı qüvvələr, Aİ-nin hər zaman fəxr etdiyi həmrəylik və birliyini göstərə bilmədiyini iddia edir. Bu böhranın vətəndaşlar arasında Aİ-yə inamın azalması, bloka olan etimad baxımından təsiri olacaqmı? Aİ-yə üzv ölkələr Bərpa Planı ilə bağlı hələ razılığa gəlməyib. Bu məsələ ilə əlaqədar Brüsseldə canlı görüş 17-18 iyulda keçiriləcək. Sizcə, nəhayət, üzv ölkələr razılığa gələcəklərmi?

- Davam edən pandemiya səbəbindən bütün iqtisadiyyatların üzləşdiyi bu böhranı təsvir etmək üçün "misli görünməmiş" ifadəsini istifadə etmək təkrar səslənə bilər, lakin bu, onun ən dəqiq təsvirdir. Əksər ölkələr iqtisadi itkilərini maliyyə yastıqlarından istifadə edərək hədəflənmiş subsidiyalar vasitəsilə kompensasiya etməyə çalışsalar və ya beynəlxalq kredit imkanlarına müraciət etsələr də, Avropa İttifaqı ilk dəfə üzv ölkələrin, xüsusilə də pandemiyadan daha çox təsirlənən üzvlərin iqtisadiyyatlarına qrant və kreditlər verilməsini təmin edən son dərəcə iddialı cavab təklif etdi.

Avropa İttifaqının cavab ambisiyası bəzilərində narahatlıq dolu təəccübə, bəzi ölkələrdə aşkar müzakirələrə səbəb oldu. Avropa İttifaqı Şurasındakı ilkin müzakirələr müxtəlif fikirlərin qeydə alınmasına və bəzi anlaşılmazlıqların aradan qaldırılmasına imkan yaratdı.

Avropa İttifaqı Şurasına Almaniyanın Prezidentliyi növbəti yeddi il üçün yeni maliyyə perspektivlərini - Aİ büdcəsinin qəbul edilməsini özündə ehtiva edən razılaşma ilə bağlı Avropa Şurasında geniş müzakirələr üçün zəmin hazırlayır.

İndi Avropa İttifaqının bütün üzv dövlətləri bu müzakirələrdə nəyin əsas olmasının fərqindədir: Avropa ölkələrinin iqtisadiyyatı bir-biri ilə sıx bağlıdır. Avropanın ümumi cavabı bütövlükdə Avropa iqtisadiyyatının bərpası üçün vacibdir. Əminəm ki, liderlər Avropa İttifaqının doqquz ölkəsində keçirilən son sorğuda səhiyyə və iqtisadi bərpa ilə əlaqədar sahələrdə Avropanın daha böyük rol oynamasını istəyən avropalıların əhval-ruhiyyəsini də nəzərə alacaqlar. Maraqlıdır ki, pandemiyadan ən çox əziyyət çəkən İtaliya və ya İspaniya kimi üzv ölkələrdə bu sorğu göstərdi ki, əhalinin böyük əksəriyyəti - 80-90% daha çox Avropaya üstünlük verir.

Son xəbərlər
Bütün xəbərlər »