Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mövcud pandemiya şəraiti Ermənistanın ağır vəziyyətini daha da acınacaqlı edib”
“Bu gün kimin nə deməsindən asılı olmayaraq reallıq istənilən halda göz qabağındadır. Azərbaycan Respublikasının qüdrəti və gücü artdıqca ona qarşı və dövlətimizin timsalında ölkə rəhbərliyinə qarşı qərəzli münasibət də artır. Bu, yeni hadisə deyil və biz bu tendensiyanı daim görmüşük, izləmişik”.

Bu fikirləri Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

Eldəniz Səlimov Eldəniz Səlimov

Deputat qeyd edib ki, xüsusilə də müəyyən zaman kəsimlərində, qlobal böhran və çətinlik zamanlarında düşmən tərəfi və bəzi düşmən mövqeyində olan dairələr bu cür əsassız fikirlərlə, ittihamlarla özlərinə dividend qazanmağa və ya yaranmış situsiyadan öz məkrli planları üçün istifadə etməyə çalışırlar: “Ölkə başçısı cənab İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında da bir daha tarixi proseslərin və mövcud reallıqların fonunda mühüm məqamlara toxunub, zəruri izahlar və açıqlamalar verib, həmçinin, Azərbaycana qarşı mütəmadi olaraq tətbiq edilən ikili standartlara münasibət bildirib”.

Deputatın sözlərinə görə, aşkar şəkildə göz qabağındadır ki, Ermənistanın göstəriciləri və dünya üzrə reytinqi Azərbaycanla müqayisə olunacaq dərəcədə belə deyil: “Bu fərqlər iqtisadi, sosial və hərbi göstəricilərlə, ordu quruculuğu ilə, habelə siyasi proseslərdəki uğurlarda ifadə olunur. Ermənistan qlobal arenada gözdən düşmüş, hansısa himayədarlara sığınaraq onların vasitəsilə nəsə əldə etməyə çalışan, xəstə zehniyyətli hakimiyyətə və xislətə malik olan zəif bir dövlətdir. Bu gün Ermənistan iqtisadiyyatı yalnız xarici yardımların, hansısa himayədarların ümidinə qalıb. Bunu aparılan təhlillərin nəticələri, nüfuzlu dünya səviyyəli təşkilatların araşdırmaları belə təsdiq edir. Ölkə bütün bu qeyd edilən reallıqların fonunda ciddi demoqrafik böhran yaşayır. GALLUP WORLD beynəlxalq təşkilatının keçirdiyi sosial sorğunun nəticələri göstərib ki, Ermənistan əhalisinin təxminən 40%-i yaranmış ağır sosial-iqtisadi şəraitlə əlaqədar ölkəni tərk etmək niyyətindədir. BMT-nin ekspert qrupunun hesablamalarına görə isə 2025-2030-cu illərədək Ermənistanda əhalinin sayının azalaraq təqribən 1 milyon 500 min - 2 milyon nəfər olacağı gözlənilir. Düşmən dövlətin 2000-ci illərdən bəri yaşadığı iqtisadi və siyasi çöküş və onun bügünki ağır durumu obyektiv reallıqdır və yalnız sözdə deyilən fikirlər deyil.

Ermənistanda xüsusilə Paşinyan hakimiyyəti dövründə korrupsiya, diktatura qarşısıalınmaz həddə çatıb. Vəziyyət o dərəcədə ağırdır ki, bu həqiqəti Paşinyanın özü və erməni mətbuatı da dəfələrlə açıq şəkildə bildirib. Paşinyan iki il əvvəlki çıxışında şəxsən özü ölkədəki korrupsiyanın miqyasından şokda olduğunu bildirmişdi. Erməni mətbuatı da 2019-cu ildə aşkar şəkildə Paşinyanın sözdə “anti-korrupsiya” siyasətinin nəticə vermədiyini, ordudakı ağır şəraitin dözülməz həddə çatdığını qeyd edirdi. Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin (HVAVO) 2020-ci ilin ilk rübündə Ermənistan ordusunun itkiləri barədə hesabatına əsasən, qeydə alınan ölüm halları 2019-cu ilin eyni dövrü ilə müqayisədə artıb. Ordudakı korrupsiyanın və fərarilik hallarının isə sayı-hesabı yoxdur. Bu vəziyyət hələ də daha ağır formada davam etməkdədir”.

Deputat Eldəniz Səlimov bildirib ki, son dövrlərdə gedən siyasi proseslər də göstərdi ki, Ermənistan dövlətçiliyi özünü qoruyub saxlaya bilmək üçün yalnız güclü dövlətlər arasında siyasi manipulyasiya etməyə qadirdir və ölkə xüsusilə Rusiyanın diktəsindən heç cür xilas ola bilmir: “Zamanla yaranan “himayədar axtarışları” isə ölkədə ciddi qarşıdurmaların yaranmasına səbəb olur. Paşinyanın onu hakimiyyətə gəlməsinə təkan verən “Qərbə transformasiya” siyasəti də tamamilə iflasa uğradı və bunun ardından o, məcbur qalaraq Avrasiya İttifaqının onun üçün çox önəmli olduğunu bildirməli oldu. Qərb Ermənistandan sadəcə regionda Rusiyaya siyasi təsir vasitəsi kimi istifadə etməkdə maraqlıdır. Ermənistanın özü də çox yaxşı bilir ki, iqtisadiyyatı və siyasəti birbaşa Rusiyaya bağlı olan bir forpost dövlətin Avropa Birliyinə problemlərdən başqa verə biləcəyi heç nəyi yoxdur. Danılmaz bir faktdır ki, siyasət iqtisadiyyat üzərində qurulur və yalnız iqtisadiyyatı güclü olan dövlət müstəqil siyasət yürüdə bilər. Bu gün Ermənistanın böhranlı iqtisadi durumu isə tarixin lütfü kimi onun yalnız həyatda qala bilməsinə yetəcək qədərdir. Kənardan maddi və siyasi dəstək olmazsa, Ermənistanın dövlət kimi mövcudluğu belə sual altındadır. Bu səbəbdən, Ermənistanın müstəqil siyasət yürüdə bilməsi heç vaxt mümkün olmayıb və olmayacaq da.

Mövcud pandemiya şəraiti Ermənistanın ağır vəziyyətini daha da acınacaqlı edib. Ermənistanın asılı bir dövlət kimi pandemiya ilə mübarizə aparmaq üçün nə kifayət qədər maddi gücü, nə də idarəçilik təcrübəsi yoxdur. Pandemiyanın Ermənistanda sürətlə yayılaraq kritik həddə çatması, vəziyyətin nəzarətdən çıxması deyilənlərin bariz sübutudur. Paşinyan hökuməti pandemiya ilə mübarizə üçün yetərli vəsait ayıra, lazımi tibbi avadanlıq və ləvazimatları təmin edə bilmədi. Həmçinin, Paşinyan dövlət strukturlarına və əhaliyə məcburi göstərişləri icra etdirə bilmədi və yalnız xalqı təhdid etməklə kifayətlənməli oldu. Bu, onu göstərdi ki, Ermənistanda hakimiyyətin səriştəsizliyinə görə ona etimad göstərən yoxdur və onun tapşırılarına əməl belə etmək istəmirlər. Bu gün Ermənistanda yaşayan hər 70 adamdan biri artıq koronavirusa yoluxub və bu artım sürətlə davam edir”.

Deputat bildirib ki, Azərbaycan Respublikası isə aparılan məqsədyönlü və düşünülmüş siyasət nəticəsində gündən-gündən inkişaf edir, hərbi və iqtisadi potensialını artırır, regionda söz sahibinə çevrilməyə başlayır: “Bu gün regionda həyata keçirilən hər hansı bir layihəni Azərbaycansız təsəvvür etmək mümkün deyil. 2018-ci ildə Dünya İqtisadi forumunun nüfuzlu indeksi sayılan “İnklüziv İnkişaf İndeksi” üzrə hesabatda Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşıb. Azərbaycan göstəricilərinə əsasən Litva və Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyub. Hesabatı tədqiq və təhlil etdikdə, müşahidə etmək mümkündür ki, müxtəlif indikatorlar üzrə Azərbaycanın mövqeyi bir sıra Avropa ölkələrindən və bütün MDB-dən daha yaxşıdır.

Azərbaycan ordusunda ruh yüksəkliyi ən yüksək səviyyədədir və ordumuz ən müasir, yeni silahlarla təchiz edilib. Döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlər həyata keçirir. Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri mütəmadi olaraq yoxlanılır. “Global Fire Power” araşdırma şirkətinin dünya dövlətlərinin orduları üzrə araşdırmalarının nəticələrinə əsasən, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsi olmaqla 138 ordu arasında gücünə görə 64-cü pilləni tutur. Ermənistan isə bu siyahıda 111-ci yerdə qərarlaşıb.

Azərbaycanın Ermənistan fərqli olaraq həm kifayət qədər maddi resursu, həm də idarəçilik təcrübəsi var. Pandemiyanın meydana çıxdığı ilk günlərdən ölkə başçısı vəziyyətin nəzarətə alınması üçün öz göstərişlərini verdi və sistemli, planlı adımlar atıldı. Nəticədə Azərbaycanın pandemiya iə mübarizə təcrübəsi dünya dövlətlərinə nümunə göstərildi. Pandemiya dövründə ölkədə heç bir sosial layihə təxirə salınmadan icra edildi. Bununla yanaşı, pandemiya ilə mübarizə üçün həyata keçirilən layihələrin də xüsusi əhəmiyyəti oldu. Belə ki, qısa müddətdə Bakıda "Yeni klinika” tibb müəssisəsi, "Bakı Tekstil Fabriki” tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi, modul tipli 4 xəstəxana, "Gilan Tekstil Park”ın tibbi maska fabriki, qoruyucu kombinezonların istehsalı müəssisəsi tikildi. Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara, sosial həssas qruplara dəstək və atılan digər addımlar Azərbaycan nümunəsinin başlıca göstəricisidir. Azərbaycan həm daxildə, həm də xaricdə pandemiya ilə bağlı həyata keçirilən mübarizə tədbirlərinə əvəzsiz töhfələr verdi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayırdı. Bundan başqa, pandemiyadan əziyyət çəkən bir çox ölkələrə müxtəlif yardımlar göstərdi. Cənab İlham Əliyevin bu addımları dünya birliyi tərəfindən dəfələrlə təqdir edildi.

Bütün bu uğurlara baxmayaraq, cənab Prezident bunlarla kifayətlənmir və xalqımızın daha yaxşı həyat səviyyəsi ilə təmin edilməsi, dövlətçiliyimizin daha da güclənməsi üçün gecə-gündüz çalışır və apardığı islahatların əhatə dairəsini, miqyasını genişləndirir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »