Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bir erməni gecikmir, bir də Putin...
Nikol Paşinyan, Vladimir Putin

Bu gün Rusiyada prezident seçkiləri keçirildi. Səhvimi tutmağa tələsməyin. Rəsmi adı Konstitusiyaya düzəliş, prezident səlahiyyətlərinin sıfırlanması olan bu günki səsverməni əslində Rusiyanın növbəti prezident seçkiləri də adlandırmaq olar. Putin daha 16 il Rusiyaya prezident kimi rəhbərlik etmək iradəsini ortaya qoydu.

Bu düzəliş-seçkinin nəticələri çoxdan məlumdur. Məşədi İbad demiş, biz də “bunu əvvəllər çox təcrübə etmişik”. Ölkə var ki, seçkinin sonuna bir saat qalmış prezidentinin kim olacağını bilmir, ölkə də var ki, beş ildən sonra prezidentinin kim olacağını bilir. Düzdür, dünyanın işini, Rusiyanın da başına nələr gələcəyini qəti şəkildə demək çətindir. Siyasi havanın proqnozunu verənlər Rusiyanın siyasi-iqtisadi səmasının heç də aydın olmadığını, böhran buludlarının daha da sıxlaşdığını desələr də, Россия – непредсказуемая страна, как загадочная русская душа - onu proqnozlaşdırmaq və anlamaq çətindir. Çətin olmayan proqnoz- avtoritar-diktator rejimlərinin gec-tez dağılmasıdır. Bir analitikin dediyi kimi avtoritar rejimlər 20-27 il, totalitar rejimlər 70 – 90 il mövcud ola bilirlər. Böyük rəqəmlərdir və insan oğlu fikirləşir ki, işə bax, dünyaya bir dəfə gələsən, onda da ömrün hansısa manyakın hakimiyyət illərinə təsadüf edə. İştah diş altındadır, Putin də ölənə oxşamır, 36 il tamam olanda deyəcək ki, I Pyotrun 43 illik çarlığını təzələmək istəyirəm. Rusiya tarixində heç vaxt demokratik idarəetmə sistemi olmadığına görə bu nəhəng ölkənin sistem dəyişmələri inqilablarla müşayət olunsa da yerinə gələn sistemlər mahiyyət etibarı ilə bir-birindən az fərqləniblər. 300 illik çar-monarxiya Rusiyası, Sovet İttifaqı, Putin rejimi. Putin erası başa çatacaq, amma perspektiv dəyişikliyin demokratik idarəetmə sistemi olması ehtimalı çox azdır. Rusiya hələ sivil demokratik rejimə hazır olmayan ölkədir. Toplumun xarakteri də buna imkan vermir.

Rusiyada baş verənlərə diqqət yetirməyimizin səbəbi Kamçatkada nələr olacağı deyil, Qarabağı işğal edib ermənilərə verməklə Cənubi Qafqazda təsirini davam etdirən imperiyanın təzyiq və təsirindən azad ola bilmək və əlverişli ola biləcək situasiyadan yararlana biləcəyimizi – Qarabağı azad edə bilmək şanslarımızı düşünürük. Putinin 20 illik hakimiyyəti dövründə Qarabağı işğaldan azad etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək mümkün olmadı. Daha doğrusu, buna ciddi şəkildə cəhd hiss olunmadı. Belə çıxır ki, Putin 16 il də hakimiyyətdə qalsa, Qarabağ işğaldan azad olmayacaq. Bəlkə Markedonov da elə bu vəziyyəti nəzərdə tutub açıq yazır ki, Qarabağ məsələsi yaxın 10 ilə həll olunmayacaq. Səməd Seyidova baxanda Markedonovun zaman kəsimi şükürlüdü. Nəsə, qayıdaq Putinə. Putin hələ yerindədi. 20 ili boşuna xərclədik. 16 ilin Putin dövrünə Azərbaycanın planı necə olacaq? Ümumiyyətlə, olacaqmı?

Millət vəkili Qüdrət Həsənquliyev bu gün real mövqe göstərib: ”Ya Rusiya münaqişənin həllinə razılıq verməli və biz səmimi hərbi - siyasi müttəfiqə çevrilməliyik, ya da Rusiya münaqişəni qoruyub saxlamaq siyasətini davam etdirərsə onunla münasibətlərə yenidən baxmalı, Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu tutmalıdır. Yoxsa 130 il də Ermənistanla danışıqlar aparsaq, heç nə dəyişməyəcək”.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi bir 14 il də apardığı siyasəti davam etdirəcəksə ..,” onda toyun mübarək, millət”.

16 ilə Qarabağda böyüyən, vuruşan insanlar da ölüb gedəcək. Kim Qarabağdan danışacaq, kim Qarabağı düşməndən azad etməyi tələb edəcək? Biz gecikdik. Biz çox gecikdik. Bir erməni, bir də Putin gecikmir.(moderator.az)

İlham İsmayıl İlham İsmayıl
Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
››› Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı
Son xəbərlər
Bütün xəbərlər »