Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nigar Hüseynova: “Hamımız yoluxacağıq, amma hamı birdən xəstələnməyəcək”
Nigar Hüseynova - Həkim

Həkimlər həyatlarını təhlükə altında qoyaraq, koronavirus xəstələrinin sağlamlığı naminə mübarizəni davam etdirirlər.

Martın 26-dan etibarən Mərkəzi Neftçilər Xəstəxanası pandemiya tibb müəssisəsi kimi fəaliyyət göstərir. İyunun 26-dan həkim-oftalmoloq Nigar Hüseynova koronavirus xəstələrinin müalicəsinə qoşulub.

Media.az-a verdiyi müsahibədə o, həkimlərin çiyninə hansı düşməsindən və bu tibb müəssisəsində koronavirusa yoluxanların necə müalicə edildiyi barədə danışıb.

- Deyə bilərsinizmi, necə oldu ki, koronavirus xəstələrinin müalicəsinə qoşuldunuz?

- İndi həkim çatışmazlığı yaşanır, buna görə də, hər kəsi cəlb etməyə çalışırlar. Biz hamımız sanki müharibədəyik, amma burada mübarizə xəstəliyə qarşıdır. Bizi - klinikanın dar ixtisaslı mütəxəssislərini baş həkim çağırdı və kəskin həkim çatışmazlığının olduğunu dedi.

- Xüsusi müalicə xəstəxanasında işləməkdən imtina edə və getməyə bilərdiniz?

- Bəli, istəməyənlərin imtina etmək hüququ vardı.

- Bəs siz bu barədə düşünmədiniz?

- Əvvəlcə uzun müddət qohumlarla əlaqə saxlamamaqla bağlı tərəddüd var idi. Uşaqlara kimin baxacağını planlaşdırmaq çətin idi. Həyat yoldaşım işləyir, valideynlərimiz təcrid olunublar... Prinsipcə, mart ayında uşaq bağçaları və məktəblər işini dayandırdıqda, bu problemlə üzləşmişdik, işə çıxmalı idik.

Əlbəttə ki, imtina edə bilərdim, amma yenə də düşünürəm ki, razılaşaraq düzgün iş görmüşəm. Biz də etməsək, bu işi kim görsün?! Hər kəsin imtina üçün səbəbləri ola bilər. Ancaq hamı imtina etsə, insanları müalicə etməyə adam qalmaz. Axı, bu xəstələr arasında özümüz də, qohumlarımız da, valideynlərimiz də ola bilər... O zaman onları kim müalicə edəcək?! Əgər bir həkim kimi xəstələri müalicə etmiriksə, yaxınlarımızın müalicəsini tələb etmək ədalətsizlikdir.

- Amma xüsusi rejim xəstəxanasında işləyərək özünüz də yoluxa bilərsiniz...

- Təəssüf ki, bir çox həmkarımız xəstələnib. Həqiqətən, həkimlər xəstəliyə daha çox yoluxurlar. Sosial şəbəkələrdə həkimlərin zəif qorunduqları üçün yoluxduqlarını yazırlar... Bu, belə deyil. Fakt budur ki, pandemiya xəstəxanalarında virusun konsentrasiyası digər yerlərə nisbətən dəfələrlə çoxdur. Təsəvvür edin ki, burada eyni havadan nəfəs alan, öskürən, asqıran çox sayda xəstə var... Təbii ki, belə şəraitdə infeksiya riski daha yüksəkdir. Lakin yoluxduğunuz və ya yoluxmadığınız barədə düşünməyə vaxtınız yoxdur. Yeganə şey yaxınlarınızı yoluxdura biləcəyiniz qorxusudur.

- Sizdə iş qrafiki necədir?

- Əvvəlcə altı saat planlaşdırılsa da, hər gün 12 saat növbədəyik. Növbə həm gündüz, həm də gecə ola bilər. Bizə, dar ixtisas həkimlərinə, adambaşı altı-yeddi növbə düşür. Onları bitirdikdən sonra karantinə gedirik və yalnız bundan sonra ailəmizlə görüşə bilərik. Yoluxanların və tibb işçilərinin sayından asılı olaraq, bizə növbəti dəfə işə nə vaxt çıxacağımız barədə məlumat veriləcək. Bu, standart variantdır. Ümid edək ki, daha çox həkim və daha az xəstə olacaq. Belə halda, dar ixtisas mütəxəssisləri öz xəstələri ilə maraqlanaraq, növbəyə qalmalı olmayacaqlar.

- İndi harada yaşayırsınız?

- Həkimlər karantin hotelində qalırlar. Mən isə öz evimdə yaşayıram, çünki həyat yoldaşım və uşaqlarım valideynlərimin yanına gedib və heç kimə risk törətmirəm.

- Oftalmoloq olduğunuzu nəzərə alsaq, COVID-19 xəstələrinin müalicəsində gördüyünüz iş nədən ibarətdir?

- Hər şöbədə əsas təyinatları verən həkim-infeksionistlər var. Mənim vəzifəm xəstələr ilə danışmaq, onların əhvalını öyrənmək, ruh yüksəkliyi yaratmaq və əlbəttə ki, qanın oksigenlə doyma səviyyəsini ölçmək, temperatur, təzyiq, şəkərin yüksəldiyi vaxt təyinat vermək, xəstəlik tarixini həm kağızda, həm də kompüterdə doldurmaqdır. İlkin biliklərə sahibik, tibb universitetində bu bizə tədris olunub. Şübhə varsa, infeksionistə müraciət edirik, o da lazımı məsləhəti verir. İnfeksionistlər həqiqətən də, eyni vaxta bir neçə yerə bölünməli olurlar. Onların sayı azdır, mart ayından bəri fasiləsiz işləyirlər. Bəzən yeməyə belə vaxtları olmur. Onların bəziləri indi yoluxublar və müalicə olunurlar.

- Koronavirus xəstələri ilə işləməyin çətinliyini nədə görürsünüz?

- Ən əsası tibb işçilərinin çatışmazlığıdır. Şəxsən mənə yanımda azı bir həkim lazımdır. Ardıcıl 12 saat işləmək mənim üçün çox çətindir. Bəlkə də, mən oftalmoloq olduğum üçün və son 15 il ərzində belə halla qarşılaşmadığım üçün ağır gəlir. Əgər anestezioloq, reanimatoloq və ya növbətçi həkim olsaydım, mənim üçün belə rejim adi gələrdi. 12 saat ayaq üstə növbənin sonuna qədər işləməklə adam haldan düşür. Bundan əlavə, xüsusi qoruyucu selofan kostyumda işləmək heç də rahat deyil - çox tərləyirsən, ikiqat maska ​​altında dəri qaşınır və qıcıqlanır, üzünüzə avtomatik toxunmamaq və beləliklə də, yoluxmamaq üçün daim özünə nəzarət etməlisən. Kostyumu soyunandan sonra özündən asılı olmayaraq kondisionerin altında qalırsan, amma başqa seçim yoxdur. Daha çox həkim olsaydı, işləmək asan olardı.

Ancaq ən çətini psixoloji vəziyyətdir. Peşəm oftalmoloq olduğu üçün əməliyyatdan sonra görməyə başlayan xəstələrin sevincinə alışmışam. Burada isə tamamilə fərqli mənzərə var... Əlbəttə ki, sağalanlar da var və bu da hamımız üçün çox sevindiricidir. Ancaq vəziyyəti pisləşən və ya ağır vəziyyətdə gələn xəstələr var.

Xüsusilə, ağır xəstələr çox olduqda psixoloji cəhətdən məsuliyyət hissi insanı sarsıdır. Xəstələrin vəziyyətinin gecələr daha da pisləşməməsi, qanın oksigenlə doymasının aşağı düşməməsi üçün mütəmadi olaraq onları yoxlamalıyıq... Tibb bacıları, əlbəttə ki, çox kömək edir, xəstələrin vəziyyətini yoxlayır, amma yenə də prosesi nəzarətdə saxlamalıyıq.

Bəzi xəstələrin itaətsizliyi və şıltaqlıqları təəccüb doğurur. Belə olur ki, oksigen maskasını özbaşına çıxarırlar, təyinata uyğun olmayan dərmanlar tələb edirlər, həkimlər palataya daxil olanda maska ​​taxmırlar. Bir sözlə, vəziyyətə ciddi yanaşmırlar. Əlbəttə ki, bu davranış hər kəsdə müşahidə olunmur, çoxları xəstəliyə qarşı bizimlə birgə mübarizə aparır. Ancaq elələri də var ki, sanki hoteldə yaşayırlar. Daim şikayət edirlər, məsələn, bu gün axşam yeməyinin onların ağız dadına uyğun olmadığını demək üçün həkimi başqa bir xəstədən ayıraraq zəng edirlər. Yaxud “hər ehtimala qarşı” ağrıkəsici inyeksiya tələb edirlər, sadəcə ona görə ki, onların qonşusu, qardaşı və ya qudası bu cür müalicə olunub.

- Orta hesabla gündə neçə xəstə gətirilir?

- Dəqiq sayını demək çətindir, amma deyə bilərəm ki, bu gün praktiki olaraq boş yer yoxdur. Sağalanların yerinə yeni xəstələr gəlir. Xoşbəxtlikdən, xəstələrin əksəriyyətində vəziyyət sabitdir, əksəriyyəti sağalır.

- Xəstəxananızda ağır xəstələr var?

- Bəli. Çox ağır vəziyyətdə olanlar var, sağalanlar var, orta dərəcədə olanlar var. Məncə, xəstəliyin gedişi çox qəribədir, xəstələrin vəziyyətində kəskin dəyişikliklər müşahidə edilir. Ümumiyyətlə, koronavirus infeksiyası özünü hamıda fərqli şəkildə büruzə verir.

- Əksər xəstələrdə hansı əlamətlər olur?

- Əksər hallarda hərarət, hava çatışmazlığı, ürəkbulanma, zəiflik və ishal müşahidə edilir.

- Xəstələr daha çox hansı yaş kateqoriyasına aiddirlər?

- Yaş kateqoriyası kiçikdən böyüyə qədər çox fərqlidir. Fəaliyyət göstərdiyim dövrdə 33 yaşında ən gənc xəstə ilə tanış oldum. Eyni zamanda, 70 yaşdan yuxarı yoluxmuş insanlar var.

- Müalicə, ümumiyyətlə, neçə gün davam edir?

- Bu, xəstələrin vəziyyətindən və onların yanaşı xəstəliklərindən asılıdır. Bəziləri hətta yan xəstəliklər olmadan bu xəstəliyi ağır keçirirlər. Məsələn, təxminən 1,5 ay müalicə olunan xəstəmiz olub. Orta hesabla müalicə 8-10 gün çəkir, bundan sonra vətəndaşlar müalicə kursunu ev şəraitində davam edirlər. Belə xəstələrin vəziyyəti daim nəzarətdədir. Əvvəllər bu cür xəstələr sona qədər klinikada saxlanılırdı, ancaq yerlərin olmaması səbəbindən yeni gələnlərə yer ayırmaq üçün vəziyyəti yaxşılaşanları evə yazmaq məcburiyyətində qalırıq.

- Bəs evdə neçə gün müalicə gedir?

- Bir qayda olaraq, 28 gündən xəstəxanada müalicə müddəti çıxılır, qalan günləri xəstə evdə təcrid olunur.

- Müalicə haqqında daha ətraflı məlumat verərdiniz...

- Xəstələrin müalicəsi infeksionist tərəfindən aparılır, onların digər somatik xəstəlikləri varsa, başqa ixtisaslı həkimlərlə məsləhətləşmələr aparılır. Bu, xəstənin dializ, ürək, diabet xəstəsi olub-olmamasından asılıdır... Beləliklə, hər bir xəstə üçün müalicə fərdi sxemə əsasən aparılır. Əlbəttə ki, standart antiviral müalicə hər kəsə tətbiq edilir. Ancaq hətta bu vəziyyətdə də doza xəstənin böyrəklərinin və qaraciyərinin vəziyyətindən asılı olaraq dəyişə bilər.

- Epidemiyanın nə vaxt bitəcəyi ilə bağlı bir peşəkar kimi fikriniz var?

- Bunu demək çətindir, bu epidemiya standart deyil və başqalarına heç bənzəmir. Düşünürəm, çox güman ki, vətəndaşların əksəriyyəti xəstələndikdən sonra bu, mümkün olacaq. Məncə, 10 milyon nəfərdən yarısı xəstəliyi yüngül formada və müəyyən bir hissəsi ağır formada keçirəcək.

- Virusa inanmayanlara nə deyərdiniz?

- Xəstə olanlara müraciət etmək istəyirəm. İnanmayanları məhz onlar məlumatlandırmalıdırlar. Təəssüf ki, bir çoxları yoluxduqlarını gizlədirlər, buna görə, hələ də virusun olmadığını düşünməyə davam edən insanlar var.

- Oxucularımıza nə məsləhət görərdiniz?

- Özünüzü qoruyun - heç kim bunu sizin əvəzinizə etməyəcək. Bu günlərdə xəstələrin sayı çoxalıb. İndi xəstələnməyin vaxtı deyil. Deyirlər ki, əvvəl-axır hamımız xəstələnəcəyik. Bəli, hamımız yoluxacağıq, amma hamı birdən xəstələnməyəcək. İndi yaxşı bir fasilə verməli və xəstələrin sayını azaltmaq lazımdır ki, ən azı bəzi insanlar xəstəxananı tərk etsinlər və boş yerlər yaransın.

Paylaş »
››› Səhiyyə nazirimiz haradadır: Nazirlikdən sürpriz cavab
››› “TƏBİB ləğv olunmalıdır, fəaliyyəti ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır” - Açıqlama
››› Azərbaycanda polis genişmiqyaslı əməliyyata başladı: Saxlanılanlar var
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar
Son xəbərlər
Bütün xəbərlər »