Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Zülfüqarov: Rusiyanın qonşu dövlətlərin əksəriyyəti ilə problemləri var

ABŞ Prezidenti Donald Trampın əvvəlki Amerika administrasiyasının Rusiyaya məğlub olması barədə dediklərini bölüşmək mümkün deyil. Hər bir ölkənin xarici siyasətinin məqsədi öz dövlətinin maraqlarını qorumaqdan və gücünü təmin etməkdən ibarətdir. Bunun yolu ondan ibarətdir ki, ətrafda olan və səninlə əməkdaşlıq edən dövlətlər sənə daha da yaxın olsunlar, əməkdaşlığı daha da gücləndirsinlər. Mən hesab etmirəm ki, Amerika məğlub vəziyyətdədir. Əksinə, Rusiyanın sərhədlərinə baxsaq görərik ki, onun qonşuluğunda olan dövlətlərin əksəriyyəti ilə Moskvanın problemləri var.

Bunu Teleqraf.com-a açıqlamasında keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

O qeyd edib ki, bu, Rusiya xarici siyasətinin ən böyük problemidir:

“Normal inkişaf üçün sərhədboyu ölkələr arasında və dünyanın digər yerlərində dostların nə qədər çoxdursa, istər-istəməz bir o qədər yaxşıdır. Biz görürük ki, dostların azalması tendensiyası daha çox Rusiyaya məxsusdur. Amerika Birləşmiş Ştatlarının gücünə görə həm dost, həm tərəfdaş sayı mövcuddur. Təbii ki, problemlər də var. Amma nisbətə baxsaq, görərik ki, Amerika uduşlu vəziyyətdədir”.

T. Zülfüqarov bildirib ki, D.Trampın həmin açıqlamasına bu ilin noyabrında keçiriləcək seçki ərəfəsində ABŞ daxilindəki siyasi mübarizənin bir elementi kimi baxmaq lazımdır:

“Bilirsiniz, bu çox normal vəziyyətdir ki, istər fövqəl dövlət, istərsə də kiçik dövlət üçün xarici siyasətə dair müxtəlif məsələlər geniş şəkildə cəmiyyət içində müzakirə olunur. Müxtəlif fikirlər səslənir, mövqelər ortaya qoyulur. Ümumiyyətlə, bu diskussiya vacibdir. Bu diskussiya nəticəsində düzgün istiqamətlər, düzgün hədəflər seçmək üçün imkanlar yaranır. Heab edrəm ki, bu təcrübələrin bizdə də olması daha yaxşı olar”.

Qeyd edək ki, Donald Tramp bu ayın əvvəlində “Fox News Radio”ya verdiyi müsahibə zamanı Rusiyanın “G7” ölkələri klubuna qayıtmasının vacibliyini bildirib. Tramp bu günlərdə yenə həmin məsələyə qayıdıb. O deyib ki, Amerika tərəfi Moskvanın xarici siyasətdə ABŞ-ın keçmiş prezidenti Barak Obamaya qalib gəlməsi səbəbindən Rusiyanın “G8”dən çıxarılmasında təkid edib. Bəs Rusiyanın “G7” ölkələri klubuna qayıtması mümkün olacaqmı? Bu sualımızı da cavablandıran keçmiş nazir qeyd edib ki, Rusiyanın onsuz da Qərbin müxtəlif ölkələri, o cümlədən “G7” və “G20” ölkələri ilə əlaqələri mövcuddur:

“Amma başa düşməliyik ki, “G7” və “G20” qrupları əslində fikir mübadiləsinin aparılması və hansısa qərarların qəbul olunması üçün bir imkandır. Biz bu qruplara baxdıqda görərik ki, digər beynəlxalq təşkilatlardan fərqli olaraq orada nə nizamnamə, nə hansısa qaydalar, nə də veto hüququ var. Nə də onların qərarlarının bu və ya digər ölkələrə təsirləri mövcuddur. Onların qərarlarının yalnız siyasi təsirləri var, normativ, yəni qanunvericilik əsaslı təsirləri yoxdur. “G7” və “G20” yalnız məşvərət qurumudur. Rusiya “G20”nin üzvüdür. Mən istisna etmirəm ki, digər məşvərət qurumunun – “G7”nin üzvü olan Rusiya daha məntiqli və proqnozlara uyğun olan siyasət yürüdə biləcək. Yəni hansısa konfrontasiya və digər neqativ hallar azalacaq. Çünki problemləri konfrontasiya yolu ilə həll etmək təbii ki, çətindir. Ələlxüsus bu səviyyədə. Yaxşı olardı ki, onlar məsləhətləşmə çərçivəsindən istifadə edib öz aralarındakı problemləri həll etsinlər və digər ölkələrə onların bu konfrontasiyasının mənfi təsirləri olmasın”.

Əlavə edək ki, ABŞ Prezidenti Donald Trampın fikrincə, Amerika tərəfi Moskvanın xarici siyasətdə ABŞ-ın keçmiş prezidenti Barak Obamaya qalib gəlməsi səbəbindən Rusiyanın “G8”dən çıxarılmasında təkid edib.

“Rusiya onlar - ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Prezident Barak Obama üzərində təmiz qələbə qazandı. Onlar hakimiyyətdə olduqları zaman elə güclü şəkildə məğlub oldular ki, Obama Rusiyanı “G8”dən çıxarmaq istədi”, – deyə Tramp “Tvitter”də yazıb.

Onun sözlərinə görə, əvvəlki Amerika administrasiyası hər şeydə, xüsusilə Rusiya məsələsində zəif idi.

Son xəbərlər
Bütün xəbərlər »