Son günlər sosial şəbəkələrdə Kür çayında suyun azalmasını əks etdirən görüntülər ciddi narahatlıq doğurur.
Kür və Araz çaylarında suyun miqdarı kəskin şəkildə azalıb. Sözün həqiqi mənasında Araz aşığımızdan olub, Kür topuğumuzdan. Su çatışmazlığı Aran rayonlarında özünü xüsusilə kəskin şəkildə biruzə verməkdədir. Dövlət qurumlarının nümayəndələri isə göndərdiyimiz sorğulara biganə şəkildə “quraqlıqdır” deməklə işlərini bitmiş hesab edirlər. Bir sözlə günah keçisi təbiətdir. Deyək ki, lap təbiətdir, iqlimdir, qırılıb batmalıyıq? Buna uyğun hərəkət planlarımız olmalı deyilmi? Dubay səhrada salınmış çiçəklənən bir şəhər olmağı necə bacardı? Bizim potensialımız var və ondan çoxdursa niyə əlimizdə olanları da xərabəyə çevrilib, iş- işdən keçəndən sonra ayılmalıyıq?
İqtisadçı Natiq Cəfərlinin fikrinə görə tezliklə dünyada su ehtiyatlarına malik dövlətlər hegemonluq edəcəklər.

“Onlarla ciddi beynəlxalq araşdırmalarda, Beyin Mərkəzlərinin sənədlərində (ictimayətə açıq və qapalı) qeyd edilib ki, yaxın 30-50 ilin ən böyük problemi içməli (şirin) su problemi olacaq. Hətta gələcəkdə “su müharibələrinin” olması ehtimalı da var. Bol su resursu olan ölkələr gələcəkdə ciddi resurs və nüfuz qazanacaq, hətta son illər Rusiya-Qərb, Rusiya-Çin münasibətlərinin təməlində su resurslarına çıxış uğrunda açıq-gizli mübarizə dayanır. Çinin ən böyük strateji məqsədlərindən biri Rusiyanın Uzaq Şərq və Amurətrafı bölgələrindəki su qaynaqlarına çıxış əldə etməkdir. Çünki, Rusiya dünyada ən çox şirin su resurslarına malik ölkədir, söhbət tək Baykal gölündən getmir – bol sulu çaylar da məhz Rusiya ərazisindədir.
Haşiyə: 2011-ci ildə Tacikistanın ömürlük “öndəri” Raxmon ərazisinin 1%-nə yaxınını, Pamir dağları ətəyində olan torpaqları Çinə satdı – deyilənə görə Raxmonun ailəsi buna görə Çindən 500 mln. dollar almışdı. O zaman Qərb mətbuatında Çinin bu addımını “ağılsızlıq” adlandıranlar da olmuşdu – dağətəyi qayalardan ibarət ərazinin Çin tərəfindən satın alınmasını anlamırdılar. Sonradan məlum oldu ki, həmin ərazidə bol sulu çaylar, yeraltı su qaynaqları var”,- deyən ekspert çıxış yolunu da göstərib. Yaxın 30 ildə məmləkətin ağrılı problemləri sırasına içməli (şirin) su problemi də qatılacağını deyən Natiq Cəfərli indidən görülməli olan tədbirləri sadalayıb.
“Bu problemin həlli yolu da ağıllı və elmə əsaslanan idarəetmədən keçir: 1) Hökumət (istər indiki, istər gələcək) aqrar sektorun prioritetlərinə yenidən baxmalıdır. Suvarma problemin həlli ilk olaraq pambıq sevdasından imtinadan keçir – bol su tələb edən, zamanla da torpağı şoranlaşdıran pambıqçılıq Azərbaycan üçün yararlı və lazımlı deyil. Ölkə daha çox meyvə-tərəvəz, göyərti əkini üzrə ixtisaslaşmalıdır, 2) Suvarma sitemləri yenidən qurulmalı, “damcı üsulu suvarmaya” keçid edilməlidir. Bunun üçün dünyada ən yaxşı təcrübə olan İsrail təcrübəsindən yararlanmaq lazımdır, 3) Xəzərin suyundan istifadə etmək üçün yatırımlara, dəniz suyunun şirinləşdirilməsi və istifadəyə yararlı hala gətirilməsi üçün ölkədə təsisatlar yaradılmalıdır. Bəli, bu baha texnologiyadır, böyük həcmdə elektrik enerjisi tələb edir – amma ağıllı hökumət proqramları olsa dəniz kənarında quraşdırılacaq təsissatları alternativ enerji hesabına çalışdırmaq olar (günəş, külək, dalğa enerjisi), 4) Sudan istifadənin optimallaşdırılması və su itgisinin qarşısının alınması üçün ciddi sosial layihələrə, təşviq və təbliğat addımlarına ehtiyac var. Bəzən görürsən ki. yağış yağır, amma Bakı Şəhərinin yaçıllaşdırma idarəsi həm də qazonları, parkları sulayır – belə mənasız işlərdən əl çəkmək lazımdır, 5) Ölkə ərazisində, əsas da Bakıda və Abşeron yarmadasında onminlərlə “moykalar”, maşın yumaq üçün obyektlər var və hamısında da içməli sudan istifadə olunur. Bu mənasız su itgisidir – belə obyektlər, həm də zavod-fabriklərdə işlədilən su üçün ayrıca texniki su xəttləri çəkilməlidir. SSRİ zamanı belə bir infrastruktur olub, sonra “YAP kapitalizmi” dönəmində bütün infrastrukdur dağıdıldı - əsas da yöndəmsiz və plansız binaların tikintisi zamanı bu xəttlər, həm də kanalizasiya xəttlərindən ayrıca olan yağış sularının axıdılması xəttləri də 90-cı illərin sonundan başlayaraq məhv edildi. Bu infrastruktur bərpa olunmalıdır, 6) Kanalizasiya sularının boş-boşuna Xəzərə axıdılıb dənizi üfunət ocağına çevirməkdənsə, həmin suların təmizlənərək texniki xəttlər vasitəsi ilə istehsal və kənd təsərrüfatında istifadə edilməsi üçün infrastuktur yaradılmalıdır.
Biz hər sahədə gecikirik, hökumət hər sahəda gecikmiş və düşünülməmiş addımlar atır – amma bu problem artıq qapımızı israrla döyür, bu gün addımlar atılmasa, həll yolları tapılıb uyğulanmasa, bir neçə ildən sonra Gürcüstana neft verib əvəzinə daha baha qiymətə su almağa məcbur qalacağıq. Daha bir önəmli məsələ odur ki, bizim əsas su arteriyalarımız olan Kür və Araz çaylarının son ünvanı Azərbaycandır, bizdən əvvəl o çayların keçdiyi ərazilər məmləkətimizə, yumşaq desəm, dost olmayan ölkələrin ərazisidir və o su resurslarının başına min oyun açırlar – yəni, biz hər iki çayla bağlı qonşulardan asılı vəziyyətdəyik, bu isə ölkəmizə təzyiqlər üçün həmin dövlətlərə əlavə fürsətlər və imkanlar yaradır-yaradacaq”.
Qeyd edək ki, bir neçə gün öncə “Ümid “ partiyasının sədri İqbal Ağazadə Araz çayında suyun səviyyəsinin azalmasını İranın işğal edilmiş torpaqlarımızda Su Elketrik Stansiyası tikməsi ilə əlaqələndirmişdi. Sözügedən stansiyanın gizlin tikilməsi ilə bağlı mətbuatda geniş müzakirələr aparılmış, Cəbrayıl rayonunun 3 kəndini su altında qoymuş bu anbarın bizdən çox ermənilərə faydalı olması barədə ziyalılar tərəfindən fikirlər səslənmişdi.
İlhamə Rəsulova