Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Son günlərin acı statistikası hər kəsdən karantin rejiminə əməl etməyi tələb edir”

“Sosial şəbəkələrdə yayılan məlumatlarda, təbii ki, doğruluq əks etdirməyən xəbərlər də var, lakin cənab Prezidentimizin özünün də qeyd etdiyi kimi qabaqlayıcı tədbirlər sayəsində və verdiyi tapşırıqlar əsasında virusun yayılma sürəti digər inkişaf etmiş ölkələrə nisbətdə xeyli azdır və bu tədbirlər vaxtında görülməsə idi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üzləşə bilərdik. Hətta heç bir ölkənin səhiyyə sistemi belə sürətlə inkişaf edən virusla mübarizəyə hazır deyildi. Hazırda göstəriş əsasında inşa edilən modul tipli xəstəxanaların tikilmə səbəbi yalnız qabaqlayıcı tədbirdir”.

Bu barədə Bizimyol.info-ya açıqlamasında Milli Məclisində deputat Eldəniz Səlimov bildirib.

Eldəniz Səlimov Eldəniz Səlimov

Deputat qeyd edib ki, yumşalma dövrü virusun yayılma sürətinin kəskin şəkildə artması ilə nəticələndiyi üçün karantin şərtlərinin sərtləşdirilməsinə zərurət yarandı: “Vətəndaşlarımızın əksəriyyətinin bu həssas mövzuya bir qədər səthi yanaşması nəticəsində yoluxanların sayının artması müşahidə olundu. Təbii ki, atılan bütün addımlar və verilən qərarlar xalqımızın sağlamlığını qorumaq üçündür. Vətəndaşlarımıza da müraciətimiz odur ki, hazırki vəziyyətin ciddiliyini dərk edərək məsuliyyətli davransınlar. Hər kəs tibbi maska və əlcək taxmalı, sosial məsafəni gözləməli, məsuliyyətsizliyə son qoymalı, özünün və özgələrinin həyatını risk, təhlükə altında qoymamalıdır. Son günlərin acı statistikası da hər kəsdən bunu tələb edir. Əgər kimlərsə bu xəbərdarlıqlardan nəticə çıxarmazsa, məsuliyyətsizlik göstərməkdə davam edərsə, onlara qarşı da qanunun ən sərt üzü ilə, ən sərt formada davranılmalı, həmin şəxslər ciddi qınaq hədəfinə çevrilməlidir. Bir daha qeyd edirəm ki, əgər kimlərsə bunu istəmirsə, o zaman bütün tələblərə və şərtlərə sözsüz, birmənalı əməl etməlidir. Artıq ərköyünlük, məsuliyyətsizlik ola bilməz və olmayacaq! Sərtləşdirilmə dövrünün tələblərindən əlavə, ümumi karantin qaydalarına nə qədər əməl etsək, bu çətin günlərimiz tez bir zamanda geridə qalacaq.

Bu qaydalara əməl etməyən bəzi vətəndaşlarımız anlamalıdırlar ki, öz həyatlarından başqa digər insanların, hətta öz yaxınlarının belə həyatını təhlükəyə atmış olurlar. Hamı ətrafında olanları maarifləndirməli və diqqətli olmağa səsləməlidir. Həyat insana bir dəfə verilir və biz də çalışmalıyıq bu həyatı elə yaşayaq ki, ətrafımıza zərər verməyək. Düşünürəm ki, ictimai qınaq kifayət qədər deyil. Nəinki qaydalara əməl etmək, hətta elə insanlar var ki, virusun olmasına belə inanmır. Belə insanlar ictimai qınağa tuş gəldikdə düşünürəm ki, fikirlərində müəyyən dəyişikliklər baş verə bilər. Zənnimcə, ictimai qınağın ən effektiv üsulu sosial şəbəkələrdə olan qınaqdır, çünki dövrümüzdə sosial fəallıq çox yüksəkdir”.

Deputat Eldəniz Səlimov vurğulayıb ki, hər kəs bu məsələyə “cərimə olunacağam, tibbi maskadan istifadə edim” prinsipi ilə deyil, “sağlamlığımı qoruyum, tibbi maskadan istifadə edim” prinsipi ilə yanaşsa, bu çətinliyin öhdəsindən birlikdə rahat gələ bilərik: “COVİD-19 sağlamlığımıza vurduğu zərərdən əlavə, özü ilə bir çox başqa problemlər də gətirdi. Karantin müddətinin davam etməsi iqtisadiyyatımıza zərərsiz ötüşmür. Hazırda bir çox ictimai iaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Belə durumlarda, təbii ki, dövlət başçımız hər zaman vətəndaşlara, xalqına dəstəyini əsirgəmir. “Əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək”. Cənab Prezident bu sözləri Hövsan yaşayış kompleksinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsi zamanı qeyd edib.

Sonda qeyd etmək istərdim ki, cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət, qəbul etdiyi qərarlar müzakirə edilməzdir və onlara qeyd-şərtsiz əməl edilməlidir. Prezidentimiz hər bir vətəndaşa nümunə olaraq bütün qaydalara əməl edərək qapalı məkanlarda tibbi maskadan istifadə edirsə, hər bir vətəndaşın borcudur ki, qoyulmuş qaydalara riayət etsin”.

Ramid İbrahimov

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
Son xəbərlər
Bütün xəbərlər »