Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Dövlətin atdığı addımlar ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq”
Koronavirus - Bakıda Karantin

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yerlərdə tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumşaldılmasından sonra vətəndaşların bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən bu infeksiyaya yoluxanların sayının artması təhlükəsi yaranıb. Koronavirus infeksiyasının yaratdığı təhlükənin qarşısını almaq üçün müvafiq addımlar atılır.

İkisi Bakıda, ikisi Gəncə və Sumqayıtda, biri Abşeronda olmaqla hər biri 200 çarpayılıq 5 modul tipli müasir xəstəxanalar tikilib. Yaxın həftələrdə bu xəstəxanaların sayı 10-a qaldırılacaq. Ölkəmizdə 700-dən çox xəstəxana tikilib və yenidən qurulub.

Mövzu ilə bağlı Bizimyol.info-nun əməkdaşı Milli Məclisin deputatı Tamam Cəfərovadan müsahibə alıb. Müsahibəni təqdim edirik:

Tamam Cəfərova Tamam Cəfərova

- Tamam xanım, doğrudanmı, bu qədər potensial, yaradılan şərait hazırda xəstələri normal müalicə etməyə imkan vermir? Yoxsa sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir?

- Bildiyiniz kimi iyunun 24-də Gəncə şəhərində 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan modul tipli xəstəxananın açılışı oldu. Bu, Cənab Prezidentin iştirakı ilə istifadəyə verilən 5-ci bu tip xəstəxanadır. Və yaxın vaxtların hədəfi, bu modul tipli xəstəxanaların sayını 10-a çatdırmaqdır. Məqsəd budur ki, digər xəstəxanalardan əlavə, 2 min çarpayı virusa yoluxmuş insanların sağalmasına xidmət etsin. Nəzərə alsaq ki, koronavirusa yoluxanların sayı artır, bu tip xəstəxanalar COVİD-19-la mübarizədə effektivliyə təsir edəcək. O ki qaldı sosial şəbəkələrdə yazılanlara, təbii ki, nəzarətdən kənar, heç bir məsuliyyət daşımayan şəbəkə istifadəçilərinin əksəriyyəti, müxtəlif qüvvələrin əlində alətə çevrilib. Hansı ki, o qüvvələr dövlətin vətəndaşa olan qayğısını, vətəndaşına verdiyi dəyəri həzm edə bilmirlər. Cənab Prezidentin də vurğuladığı kimi, səhiyyəsi dünya üçün etalon hesab olunan ölkələrdə belə vəziyyət getdikcə çətinləşir. Çünki heç bir ölkənin səhiyyəsi belə sürətlə artan xəstəliyin müalicəsinə hazır deyildi, eyni zamanda bizim... Burada, bir sıra faktorla yanaşı, həkim sayının xəstələnən insanların sayına adekvat olmaması da rol oynayır. Cənab Prezident öz çıxışında bunu da vurğuladı.

- Prezident çıxışında bildirib ki, hazırda ölkəmizdə yoluxanların sayı, əhalinin ümumi sayı ilə müqayisədə çox deyil. Buna münasibətiniz.

- Cənab Prezident rəqəmlərə istinad edir. O rəqəmlərə ki, doğrudan da yoluxanların sayının əhalinin ümumi sayı ilə müqayisədə az olduğunu göstərir. Bütün sahələr üzrə ölkəmizlə müqayisəsi bərbad olan Ermənistandakı vəziyyətə nəzər salsaq, ümumi mənzərə aydın olar. Əhalisi 3 milyon olmayan bir ölkədə bir gün ərzində yoluxanların sayı 700 nəfəri ötüb. Bu xüsusda bir çox ölkələri misal çəkə bilərik. Əhalisinin sayı 10 milyonu ötən Azərbaycanda cəmi 13 min yoluxma faktı qeydə alınıb. Onun da müəyyən hissəsi yumşalma qərarından sonrakı dövrün payına düşür. Birinci mərhələdə görülən tədbirlərin, atılan addımların nəticəsidir ki, bu gün rəqəmlər bizi təhdid etmir. Sadəcə, dövlət maksimum çalışır ki, vətəndaşı daha az əziyyət çəksin və ya daha az vətəndaşı əziyyət çəksin...

- Sizcə, aprel və may aylarında tətbiq edilən sərt karantin rejiminin yenidən tətbiq edilməsinin əsas səbəbi nədir?

- Koronavirusun yayıldığı ilk gündən, Cənab Prezidentin birbaşa göstərişləri əsasında ciddi tədbirlər planı həyata keçirildi. Fevralın sonunda Nazirlər kabineti yanında Operativ Qərargah təşkil edildi, ölkənin qapıları bağlandı, eyni zamanda, xüsusi reyslərlə ölkəyə gətirilən Azərbaycan vətəndaşları xüsusi karantin zonalarında yerləşdirilərək müayinə olundu və bu proses davam edir. Sərt karantin rejimi tətbiq edilməklə, vətəndaşların kütləvi yığışma, ünsiyyət qurma imkanları məhdudlaşdırıldı. Maarifləndirici çarxlarla yanaşı müxtəlif təbliğat vasitələrindən istifadə olundu. Bütün bunların nəticəsində, yoluxma halları minimum həddə qiymətləndirildi. Lakin, müxtəlif səbəblər nəzərə alınmaqla baş verən yumşalmalar, vətəndaşlarda arxayınlıq yaratdı. Yenidən iaşə obyektlərində sıxlıq yarandı, sosial məsafə anlayışı qulaqardına vuruldu. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq qoruyucu maskalardan istifadə həddi aşağı düşdü. Beləliklə, məsuliyyət yükünün azalması yoluxmanın sayına təsir etdi. Nəticədə, sərt karantin rejiminin tətbiqi qaçılmaz oldu. Düşünürəm ki, bu tətbiqolunmada vətəndaş məsuliyyətsizliyi xüsusi rol oynadı.

- Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, vətəndaşların qaydalara əməl etməməsi, yoluxma sayının artmasına təsir etdi. Sizcə, bu insanlara qarşı ictimai qınaq yetərlidirmi və ya ictimai qınaq hansı formada olmalıdır?

- Cənab Prezidentin öz çıxışında qeyd etdiyi kimi, dövlət virusla mübarizədə nə etmək mümkündürsə, hər şeyi edib və etməkdə davam edir. Və pandemiya ilə mübarizədə beynəlxalq maliyyə qurumlarından kredit istəyən, böyük dövlətlərdən yardım uman ölkələrdən fərqli olaraq, Azərbaycan öz gücünə mübarizəni davam etdirir. Özü də, o səviyyədə ki, dünya ölkləri üçün nümunə göstərilir. Amma təəssüf ki, bəzi insanlar bunu dərk etmir və ya etmək istəmir. Cənab Prezident məhz o insanları - məsuliyyətsiz insanları bunu dərk etməyə çağırdı. Bundan ötəri o insanlardan çox şey tələb olunmur. Sadəcə, bir neçə qaydalara əməl etmək lazımdır və o əməllərdən biri də qoruyucu maskaların istifadəsidir. Hansı ki, ölkənin birinci şəxsi - Cənab Prezident özü bu qaydalara ciddi şəkildə əməl edir. Bu baxımdan, ictimai qınağın yükü böyük rol oynamalıdır. Hər bir vətəndaşın borcu xüsusi qaydalara əməl etməklə yanaşı, ətrafında olan insanlardan da bunu tələb etməkdir. Nəzərə alaq ki, ictimai qınaq Azərbaycan cəmiyyəti üçün xarakterikdir.

- Prezident bildirdi ki, dövlət vətəndaşının yanındadır. Mövcud vəziyyətdən zərər çəkmiş sahələrə dəstək davam edəcək. Sizcə, ilkin mərhələdə dövlət dəstəyi effektli oldumu? Və bundan sonrakı dəstəyin təsirini necə görürsünüz?

- Bildiyimiz kimi, bir çox sektor xeyli müddətdir ki, məlum səbəbdən fəaliyyət göstərə bilmir. Amma dövlət həmin sahələrin və o sektorlarda çalışan insanların probleminə biganə qalmır. 600 mindən çox isan lazım olan vəsaitlə təmin olunur. Aztəminatlı ailələrə verilən 190 manat müavinətin müddəti də uzadıldı. Və Cənab Prezidentin də dediyi kimi, bütün bunlar böyük vəsait hesabına başa gəlir. Amma dövlət tərəddüd etmədən bu dəstəyi davam etdirir. Qeyri-rəsmi işləyən vətəndaşdan tutmuş sahibkara qədər, müxtəlif təbəqədən olan insanlar dövlətini yanında hiss edir. Düşünürəm ki, bütün bunlar Cənab Prezidentin gərgin əməyinin nəticəsidir. Dövlət başçımız qətiyyətlə bildirdi ki, heç bir sosial ixtisar olmayacaq, pandemiyanın miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalacaq. Necə deyərlər, xalq dövlətin, dövlət xalqının yanındadır!

- Prezident qəti şəkildə bildirdi ki, karantin rejiminə ciddi nəzarət olunmalıdır. Və bunu milli təhlükəsizlik məsələsi adlandırdı. Sizcə, dövlət qurumları və vətəndaşlar təhdidin miqyasını və təhlükəsini tam olaraq, dərk edirmi? Nədən insanlar arasında hələ də, koronavirusun mövcudluğuna və ya miqyasına inanmayanlar var?

- Cənab Prezidentin qeyd etdiyi kimi, “biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik.

Yenə də vətəndaş məsuliyyəti burada öz rolunu oynayır. Fərqi yoxdur sadə vətəndaş olsun və ya müəyyən statusa sahib şəxslər olsun. Qanun, verilən qərarlar hamıya aiddir və birmənalı olaraq əməl olunmalıdır. Bəzi sadə vətəndaşların məsuliyyətsiz davranışından danışdıq. Amma bu qaydaları müəyyən mənada pozan idarə-müəssisə rəhbərləri də var ki, onlar da məsiliyyətli davranmalıdır. Məsələn, elə müəssisə rəhbəri var ki, tabeliyində olan işçiləri müxtəlif əsaslarla işə cəlb edirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi son mətbuat konfransında da bu hala toxunuldu. Hər bir dövlət və özəl qurumlar mübarizəni birinci növbədə öz təşkilat və müəssisələrindən başlamalıdır. Əməkdaşlarının sosial qaydalarına əməl edib-etməmələrinə ciddi şəkildə nəzarət etməlidirlər. Düşünürəm ki, bu yolda böyük bir nümunəmiz var. O, Cənab Prezidentdir!

Ramid İbrahimov

Paylaş »
››› Naməlum ölkə Azərbaycanı Rusiya bazarından kənarlaşdırır
››› İ.Ağazadə Güney azərbaycanlılara səsləndi: "O maşınları durdurun!" - Video
››› Erməniləri Qarsda qəbul edən bələdiyyə başçısı həbs edildi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »