Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etibar Əliyev: “Qısa vaxtda parlamentdə susmağı öyrəndim”

Millət vəkili Etibar Əliyevin “Yeni Sabah”a müsahibəsi:

- Koronavirus başlayandan bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də böyük problem yarandı. Onsuz da Azərbaycanda təhsillə bağlı durum yaxşı deyildi. Virus isə kifayət qədər geriləməyə səbəb oldu. Bunu kompensasiya etmək üçün nə lazımdır?

- Mənə görə virusun ən böyük təsiri Orta Təhsilə oldu. Pandemiya tədris ilinin başa çatmasına 3 ay qalmış təhsili yaxaladı. Yaşadığımız informasiya cəmiyyətində İKT alətlərindən istifadə günün tələbinə çevrilməli idi. Virus bütün ölkələrdə təhsil sistemlərini dondurdu. Bu donu distant təhsil qismən aça bildi. Görünən o oldu ki, bir neçə ali məktəb istisna olmaqla prosesə hazır deyildik. İKT alətlərindən daha çox təhsildənkənar məqsədlər üçün istifadə olunurdu. Lakin ənənəvi təhsil dayandıqdan sonra bunun əhəmiyyətini başa düşdük. Qeyd edim ki, pandemiyanın təhsilə təsirinin azaltmaq üçün şagird və tələbələrə xeyli güzəştlər olundu. Lakin buna baxmayaraq qanunverici bazanın olmaması işləri xeyli çətinləşdirdi.

Distant təhsillə bağlı qanunverici bazanın yaradılmasının vaxtı isə artıq çatıb. Ali məktəb müəllimləri mühazirələrini elektron məkanda yerləşdirməyə maraqlı deyillər. Bundan sonra məcburiyyət qarşısında qalaraq bunu edəcəklər.

- Etibar bəy, hadisələrə özünəməxsus yanaşmanız, duzlu atmacalarınız, öldürücü satiranızla sosial şəbəkələrə rəng qatmışdınız. Deputat seçiləndın sonra əksər məsələlərə laqeyd münasibət göstərirsiniz. Sizə də senzura tətbiq ediblər?

- Deyirsiniz ekoloji təmiz yumordan üz döndərmişəm? Ekoloji təmiz yumor ifadəsinin müəllifi mənəm... İndi məcburam pyes yazam. Milli Məclisdə ümumiyyətlə heç kimə senzura qoyulmayıb. Ola bilsin ki, məqalələrimin, paylaşmalarımın qəhrəmanları dəyişib. Ancaq elə bil ki, onlar da səhvə yol vermirlər. İndi bizləri tənqid edənlərin sayı çoxalıb. Mənə elə gəlir ki, yumor məzmununu get-gedə itirir. Buna sosial şəbəkələrdəki söyüşlərin də təsiri var. Həmişə satiradan istifadə etmək olmur. Və hər adamda da o potensial yoxdur. Sosial şəbəkələr ciddi yazıları sevmir. Məsələn istənilən köhnəlmiş lətifə Eynşteynin uşaqlara məktubundan çox bəyənilir. Ancaq sizə söz verirəm ki, yumor olacaq. Bir qədər fərqli olsa da....

- Söhbət sosial şəbəkədə passiv olmaqdan getmir. Siz heç Milli Məclisdə də fəal deyilsiniz... Yəni millət vəkillərinin vazkeçilməz tezisi var: deputatın işi yol çəkmək deyil. Amma susmaq da deputatın işi deyil. İcra başçıları, digər yüksək rütbəli məmurlar həbs olunur. Niyə bu məsələlərə münasibət bildirmirsiniz?

- Mən sosial şəbəkələrdə və Milli Məclisdə passiv deyiləm. Mənim Milli Məclisdə müxtəlif mövzularda 4 çıxışım olub. Növbə çatmayanda isə təkliflərimi Milli Məclisin katibliyinə təqdim etmişəm. İcra başçılarının həbsi ilə bağlı ən çox münasibəti mən bildirmişəm. Sadəcə mətbuat artıq qütbləşdiyindən hər deputatın çıxışı işıqlandırmır. Parlament danışmaqla yanaşı həm də susmağı öyrədən hakimiyyətin qoludur. Çox danışmaq keyfiyyəti ehtiva etməyə də bilər. Susmağı yaxşı mənada dedim. Qısa vaxtda mən parlamentdə həm də susmağı öyrəndim. Ancaq susmağı hələ də öyrənə bilməyən deputatların sayı çoxdur. Ötən əsrin ortalarında Avstriyada çox məşhur bir orator var idi. Karl Kraus. Onun seanslarına aylarla növbəyə dayanırmışlar. Nobel mükafatı laureatı Elias Kanneti də onun seanslarına gedirmiş, bir dəfə soruşurlar ki, Krausdan nə öyrəndin. Maraqlı cavabı olur: “Susmağı”.

- Sizcə, müavini həbs olunan generalı istefaya səsləmək ədalətli olmazdımı? Bu çağırış həm də seçicilərin ürəyincə olardı...

- Bu barədə mən oxşar fikir səsləndirmişəm. Mədəniyyət Nazirliyi barədə zaman-zaman tənqidi çıxışlar edənlərdən biri mən olmuşam. Mədəniyyətimizin deqradasiyasını görən ziyalıların böyük qismi isə nazirə bəy tərifi deməklə məşğul olurdular. Deputat siz dediyiniz məsələni qaldırmaqdan öncə nazirlərin özlərində istefa mədəniyyəti formalaşmalıdır. Mən uzun müddət təhsil nazirliyində işləmişəm. Nazirlərin işçilərə gizli nəzarət mexanizmi var. Hər bir işçinin nə işlə məşğul olduğunu bilirlər. Özlərini görməməzliyə vururlarsa, demək neqativ halların təşkilatçılarıdır. Yavaş-yavaş seçicilərin ürəyindən keçən şeyləri hiss etməyə başlamışıq.

- Etibar bəy, mətbuatın, cəmiyyətin sizdən gözləntiləri çoxdur. Şəxsən biz Hadı Rəcəbliyə heç vaxt bu cür suallar verməmişik. Yeni deputat Etibar Əliyevi köhnə deputat Hadı Rəcəblidən hansı cəhət fərqləndirir?

- Maraqlı sualdır. Nədənsə Hadı Rəcəbli bineyi–qədimdən etalona çevrilib. Söylədyi fikirlər tənqid olunub. Deputat fikirlərini səsləndirilməkdən öncə daha çox götür-qoy etməlidir. Mən təbiət etibarı ilə azad adamam. Və demək istəyirəm ki, müəllim dərsdən sonra evinə gedib kitab oxumalı və dərsə hazırlaşmalıdır. Fərqli cəhətlərimizdən biri də odur ki, mən parlamentdəyəm. O isə yox...

- Təhsil eksperti kimi təhsillə bağlı problemləri də ictimailəşdirdiyinizin şahidi olmamışıq. Yoxsa, işdən çıxandan sonra Əbülfəs Qarayevi yerdən-yerə vuran xalq artistləri kimi siz də əlverişli məqam gözləyirsiniz?

- Təhsildən ən çox yazan, fikir bildirən yenə də mənəm. Bu ərəfədə “Elmin tarixi” kitabını başa çatdırmışam. Yaxın günlərdə çapdan çıxacaq. Redaksiyanızda kitabla bağlı söhbət aparmağa hazıram. O ki qaldı əlverişli məqam məsələsinə. Mən kiminsə bağlı heç vaxt əlverişli məqam gözləməmişəm. İnsanı özündən başqa heç kim sürətli yıxa bilməz. Yeri gəlmişkən tövsiyyə edərdim ki, səliqəli saytınızda “elm və təhsil” güşəsi yaradasınız. Bundan sonra bizlərdən yazılar və informasiyalar tələb edəsiniz. Onda həm də kimin aktiv olduğunu da görəcəksiniz.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »