Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antipandemiya koalisiyası

130 dövlət Azərbaycan Prezidentinin təklifini dəstəklədi, BMT hərəkətə keçdi

Siyasət – söz sənətidir. Nəyi, harda, nə zaman, kimə və necə deməkdən çox şey, daha doğrusu, hər şey asılıdır. Həm də nə üçün dediyin də əsasdır. Biz çox tez-tez böyük dövlət adamı, sərkərdə və diplomat Otto Fon Bismarkın: “Siyasət mümkün ola biləcəklərin sənətidir” sözlərini tez-tez xatırlayırıq və xatırladırıq. Ancaq Bismarkın zamanından iki yüz il keçib və çox şey dəyişib. İndi siyasət həm də, bəlkə daha çox mümkünsüz ola biləcəklərin, yaxud mümkünsüz görünənlərin sənətidir.

Siyasətdə bu gün təkcə əlindən gələnləri deyil, bəzən “əlindən gəlməyən”ləri də etmək zorunda qalırsan. Mümkünsüzü mümkün edə bilmək üçün bütün düşüncənin gücünü, sözünün enerjisini və məntiqinin kəsərini ortaya qoymalısan. Bəzən öz çəkindən qat-qat ağır bir daşı təkbaşına tərpətmək, yatmış ağılları oyatmaq zorundasan. Məhəmməd Füzuli deyirdi: “Ver sözə ehya ki, tutduqca səni xabi əcəl, Edə hər saət səni ol uyqudan bidar söz”. Bəli, əcəl dünyanın qapısındadır, hətta hər kəsin evindədir. Və hər kəs evinə çəkilib oturmaqla bu bəladan – milyonlarla, hətta milyardlarla insanı hədələyən bu qlobal virus fəlakətindən kimsə təkbaşına qaça bilməz. Bu, Dünyanı təhdid edən bəladır və o Dünyanın içində ölkə, xalq olaraq biz də varıq. Və bəlkə də az sayda dövlətlərdən biridir ki, Azərbaycan özünün bütün çətinliklərinə, sıxıntılarına baxmayaraq, koronavirusa qarşı dura bilmək üçün 30 ölkəyə yardım edib. Dünya Səhiyyə Təşkilatına dəstək verib. Hər kəsi o xabi-əcəldən bidar etməyə, oyatmağa çalışıb.

Bəli, kimsə deyə bilər ki, özümüzə umac ova bilmədiyimiz yerdə başqasına əriştə kəsirik. Bu söz də bir baxımdan doğru olacaq. Ancaq biz dünyanın bir parçasıyıq; koronavirusa heç bir dövlət və xalq yalnız öz ölkəsində, öz yaşayış arealında qalib gələ bilməz. Bunu qlobal terrorizm Dünyanı təhdid edəndə daha dərindən anladıq. O zaman qlobal terrorizmə qarşı qlobal koalisiya yaradıldı. Azərbaycan da bu antiterror koalisiyasına aktiv qoşulan, dəstək verən dövlətlərdən biri oldu. Təkcə ona görə yox ki, Azərbaycan özü də terrorizmdən əziyyət çəkib və Ermənistan adlı bir terror dövləti ilə qonşudur, onun hədəfindədir. Bəli, bunlar da var. Azərbaycan anlayır ki, terror dünyanın hansı nöqtəsində yaranır-yaransın, harda, necə intişar tapıb böyüyür-böyüsün, bu bəla bir gün hər kəsin qapısını döyə bilər və döyür də. Məgər biz Orta və Yaxın Şərqdə bütöv dövlətləri ələ keçirməyi hədəfləyən terror savaşlarından zərər görmədikmi?! Nə qədər insanlarımızın beynini yuyub hətta bir çoxunu ailələri iləbirlikdə alova atmadımı bu terror?!

COVİD-19 yeni tipli koronavirus pandemiyası da belə bir qlobal bəladır. Adı üstündə: pandemiya. Bu bəlaya ayrıca götürülmüş bir ölkədə, hətta bir bölgədə qalib gəlmək mümkünsüzdür. Hər dövlətin özünə görə imkanları var. Birndə olan o birində ya yoxdur, ya da azdır. Müşahidələr göstərir ki, bəzən iqtisadi və sair imkanlar da hələ hər şey demək deyil. Bu savaşda başqa reallıqlar da yaranıb. Və bunlar yeni yanaşma istəyir. Ona görə kimsə qabağa çıxıb bu təhdidə qarşı birləşməyi, sinxron düşünərək unison davranmağı güdəmə daşımalı idi. Əlbəttə, bunu Dünyada hər kəs böyük dövlətlərdən, Dünya siyasətini yönləndirmiş qlobal güclərdən gözləyirdi. Ancaq, görünür, Dünya çox dəyişib; hər halda ən azı indiki dönəmdə Dünyanı yönləndirən gücün böyüklüyü-kiçikliyi coğrafi, isqtisadi, hərbi və sair parametrlərlə ölçülmür. İndiki yönləndirici güc doğruluğuna özün inandığın və qarşındakını inandıra bildiyin sözün, fikrin- Bismarkın SƏNƏT dediyi nəsnənin gücüdür. Hər kəsin ABŞ-dan, Çindən, Rusiyadan, Fransadan, Böyük Britaniyadan, Almaniyadan, Yaponiyadan, lap elə bəlkə də ən çox zərər görənlərdən olan İtaliyadan və sair və ilaxır gözlədiyini Azərbaycan edəndə qəribə gələ bilər. Bəlkə o böyük dövlətlər Taleyranın: “Dil fikirləri gizlətmək üçündür” fikrini postulat görüb, hətta daha pisi, aksiom sayıblar. Ancaq Azərbaycan Planetin bir parçası kimi öz xalqını bu Dünyanın içində qorumağı hədəfləyərək: “Dil doğru olan – bizi xilasa aparacaq fikirləri niyə gizlətsin?!” kimi haqlı ritorikaya söykəndi. Azərbaycan Prezidentinin sədrliyi ilə Türk Şurası COVİD-19 pandemiyasına qarşı necə birlikdə savaşmağın yollarını aramaq üçün Zirvə görüşü keçirən ilk təşkilat oldu. Mayın 4-də isə yenə Azərbaycanın sədrlik etdiyi və özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının videoformatda toplantısı oldu. Orda Azərbaycan dövlətinin başçısı İlham Əliyev çox maraqlı və mühüm bir təşəbbüslə çıxış etdi; pandemiya ilə mübarizənin yollarını daha geniş miqyasda, daha üstün formatda araşdırıb daha etkin imperativləri ortaya qoymaq üçün BMT-nin xüsusi sessiyasının çağırılmasını təklif etdi.

BMT-nin açmasında “birləşmiş millətlər” anlamı var. Azərbaycanın ideyasının mayasında da bu danılmaz ritorik məntiq dayanır: “Bu gün də birləşməyəcəksə bu millətlər, bəs nə zaman?!” Və bu suala BMT Baş Katibi Antonio Quttereş pozitiv cavab verdi; belə bir xüsusi sessiyanın keçirilməsi haqda Azərbaycan Prezidentinin, Qoşulmama Hərəkatının sədrinin – İlham Əliyevin təşəbbüsünü dəstəklədi. Və 130-dan çox ölkə bu təşəbbüsə tərəfdar çıxıb. Onların arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan nəhəng dövlətlərdən tutmuş kiçik ada dövlətlərinə qədər var. Belə bir sessiyanın keçirilməsi qərarını 97 ölkənin dəstəkləməsi də yetərli idi, ancaq əlavə olaraq daha 43 ölkə də razılığını bildirib. Başqa sözlə, Dünya dövlətlərinnin yarıdan çoxu Azərbaycan Prezidentinin təklifinə “hə” deyib. Bəlkə də bu sətirlər yazılanda hansısa dövlətlər də belə qərar verir… Hər bir halda xüsusi sessiyanın çağırılması üçün yetərli dəstək var. Bu, pandemiyaya qarşı savaşda ilk qlobal siyasi qələbə olacaq və bu qələbədə Azərbaycanın indidən çox böyük payı var.

Bəli, siyasət, dediyim kimi, yaradıcılıqdır, söz sənətidir. Təkcə sözü demək sənəti deyil, həm də və eşitdirə, inandıra bilmək sənətidir. İstənilən sənətdə uğur qazanmaq, SƏNƏTKAR olmaq üçün əvvəlcə bu sənətin dilini bilməlisən. Azərbaycan qlobal siyasət sənətinin dilini mənimsəmiş, bu dildə danışan, sözünü deyən, sözünü eşitdirən bir dövlətdir artıq. Bunu son olay da bir daha isbatlamış oldu.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »