Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
QHT necə inzibati cəza protokolu tərtib edə bilər? – Bu biabırçılıq aradan qaldırılmalıdır
Ələsgər Əhmədoğlu

2020-ci ilin aprel ayında Milli Məclisin rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi yerləşdiridi.

İlk oxunuşdan keçmiş layihəyə əsasən, dövlət dili normalarının kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında pozulmasına görə inzibati cəza – cərimələr müəyyən edilirdi. Fiziki şəxslərin 100 manatdan 200 manatadək, vəzifəli şəxslərin 300 manatdan 400 manatadək, hüquqi şəxslərin 500 manatdan 1000 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulurdu.

Bu layihənin bir neçə aspektdən hüquqazidd olduğu və nədən qəbul edilməməli olduğuna dair bir yazı ilə çıxış etdim.

Əsaslandırmam belə idi:

“Hüquqi baxımdan istənilən öhdəlik qanunda (legitimlik və sosial zərurət, balanslılıq şərtləri çərçivəsində) müəyyən ediləndən sonra məsuliyyət nəzərdə tutula bilər. Dövlət dili ilə bağlı məsuliyyəti nəzərdə tutan qanun isə “Dövlət dili haqqında” qanundur. Onun 19-cu maddəsində məsuliyyət nəzərdə tutulub. Lakin məsuliyyətin subyektini İnzibati Xətalar Məcəlləsi yox, qanun özü müəyyən etməlidir, edib də.

“Dövlət dili haqqında” qanunun doqquz maddəsi (4, 5, 6, 7, 8, 9, 10, 11 və 12-ci maddələr) dövlət dilinin işlənməsinin zəruri olduğu sahələri göstərib. Qanunun həmin maddələrinə əsasən, rəsmi mərasimlərdə; təhsil sahəsində; televiziya və radio yayımlarında; xidmət sahələrində, reklam və elanlarda; xüsusi adlarda; coğrafi obyektlərin adlarında; hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda; beynəlxalq yazışmalarda dövlət dlinin işlənməsi zəruridir, eyni zamanda inzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə olunmalıdır.

Deməli, İnzibati Xətalar Məcəlləsindəki məsuliyyət bu çərçivə ilə məhdudlaşmalıdır. Amma məcəlləyə dəyişikliyi nəzərdə tutan layihədə həmin sahələrin birindən – reklam sahəsindən savayı heç birinə toxunulmur, üstəlik, layihə qanunda olmayan iki önəmli sahəni – kütləvi informasiya vasitələrini və interneti məsuliyyət çərçivəsinə salmağı planlaşdırır.

Diqqət etsək, görərik ki, “Dövlət dili haqqında” qanunda (6-cı maddə) kütləvi informasiya vasitələrindən yalnız televiziya və radiolar üçün məsuliyyət nəzərdə tutulub. (Əslində bu da mübahisəlidir, qanun yalnız dövlətin təsis etdiyi və maliyyələşdirdiyi televiziya və radiolarla məhdudlaşmalı idi).

Deməli, geniş şəkildə kütləvi informasiya vasitələri və internet resursları üçün məsuliyyətin müəyyən edilməsi mümkün deyil və buna hüquqi əsas yoxdur.

Dövlət dili normalarının pozulmasına görə bütövlükdə kütləvi informasiya vasitələri və internet resursları üçün inzibati cəzanın müəyyən edilməsi Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə də ziddir.”

8 may 2020-ci il tarixində Milli Məclisin plenar iclası haqqında dərc olunan materialda bəlli oldu ki, sadəcə İXM-yə olan dəyişiklik deyil, sahəvi bir sıra qanunlara dəyişiklik olub və müzakirə edilərək qəbul edilib:

“"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verdi.

Bildirdi ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Qeyd olundu ki, qanun layihəsinin ictimai müzakirəsi də keçirilib və bir sıra məsələlərə aydınlıq gətirilib.

Müzakirələr zamanı millət vəkilləri Siyavuş Novruzov, Nizami Cəfərov və Qüdrət Həsənquliyevin fikirləri dinlənildi və qanun layihəsi səsə qoyularaq təsdiqləndi.”

Müzakirə edilən və qəbul edilən dəyişikliyin mətni Milli Məclisin stenoqramlarının vaxtında sayta yerlşdirilmədi səbəbindən bəlli olmadı. Lakin 23 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında bu qanunların qüvvvəyə minməsini göstərən sənədlər yayıldı. Məlum oldu ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 533-1-ci maddədən layihədə olan internet informasiya resurslarında - sözü çıxarılıb, lakin kütləvi informasiya vasitələri saxlanılıb:

“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə- fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.

23 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında daha bir sənədin - Fərmanın qəbul edildiyi görülür. Bu, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 94-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanıdır.

Fərmana əsasən, Prezidentinin 2020-ci il 1 may tarixli 1013 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 60-1-ci hissə əlavə edilir:

“60-1. Məcəllənin 533-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

60-1.1. teleradio yayımlarına münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

60-1.2. digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından – bu Siyahının 31.2.2-ci yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər;

Fərmana əsasən dövlət dili normalarını pozan kütləvi informasiya vasitələrinin jurnalistləri, vəzifəli şəxsləri və KİV orqanları haqqında inzibati protokolu Azərbaycan Mətbuat Şurası adından – Şuranın sədri, onun müavini, Naxçıvan Mətbuat Şurasının sədri tərtib edəcək.

Milli Televiziya və Radio Şurası kolegial dövlət qurumu olduğundan onun teleradio sahəsinə dair inzibati xətalarla bağlı müəyyən səlahiyyətlərinin olması təbiidir.

Lakin diqqət çəkən 60-1.2-ci bənddə göstərilən Azərbaycan Mətbuat Şurasıdır. Mətbuat Şurası təşkilati-hüquqi formasına görə qeyri-hökumət təşkilatıdır.Onun Nizamnaməsinin 1-ci bəndində göstərilir:

”1.1. Azərbaycan Mətbuat Şurası (bundan sonra «Şura» adlandırılacaq) bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə nail olmaq üçün yaradılmış könüllü, özünüidarəedən, gəlir əldə etməyi fəaliyyətinin əsas məqsədi kimi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır.”

Təsisçiləri əsasən jurnalistlərdir. Nizamnaməsinin 3.2-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mətbu nəşrlərin təsisçiləri və hüquqi şəxs olan redaksiyaları, informasiya agentlikləri, jurnalist birlikləri və Şuranın Nizamnaməsinin tələblərini qəbul edən fiziki şəxslər Şuranın üzvü ola bilərlər”.

İctimai qurum olduğundan onun nə dövlət qurumu kimi nə də müvafiq icra hakimiyyəti orqanı kimi inzibati səlahiyyət alması hüquqi baxımdan mümkün deyil.

Artıq 3-cü dəfədir ki, Prezident Fərmanarında Mətbuat Şurasını inzibati orqan kimi “görür” və “müvafiq icra hakimiyyəti orqanı” yerində jurnalisti, vəzifəli şəxsləri, KİV-i cəzalandırma vəzifəsi yükləyir.

İlk dəfə 6 mart 2009-cu il tarixli 774-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Kütləvi informasiya vasitələrinə xitam verilməsini nəzərdə tutan KİV haqqında Qanunun 19-cu maddəsinə əlavə edildi. Bu əlavə ilə bəzi qurumların KİV-in fəaliyyətini dayandırma və ya xitam vermə məqsədi ilə məhkəməyə müraciət etmə hüququ tanındı. Prezidentin Fərmanı ilə dövri mətbu nəşirlərin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmalı olan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri müəyyən maddələr üzrə Azərbaycan Mətbuat Şurasına verildi.

Həmin sənədlə əlavə olaraq, KİV haqqında Qanunun 29-cu maddəsində “Dövri mətbu nəşrlərin, o cümlədən dövlət qeydiyyatına alınmaqdan azad edilən nəşrlərin pulsuz məcburi nüsxələri, tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qurum kimi Mətbuat Şurasına məcburi göndərilməsi” nəzərdə tutuldu.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Mətbuat Şurasının müvafiq icra hakimiyyəti orqanı kimi göstərilməsi ikinci dəfə 3 may 2017-ci ildə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulan əməllərə görə cəzalandırmaq üçün protokolları tərtib etmə səlahiyyəti də Mətbuat Şurasına verib. Mətbuat Şurasının inzibati protokol tərtib etdiyi hallar bunlardır:

Maddə 388. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə

388.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni:

388.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamağa;

388.0.2. mətbu nəşrdə çap olunan materialların “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;

388.0.3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;

388.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

Naraharedici haldır ki, hökumətin hüquq siyasətinə nəzarət edən şəxslər və qurumlar konstitusiyon hüquq pozuntusu olan bu məsələyə diqqət etmir, dövlət səlahiyyətlərini qeyri-hökumət təşkilatına yükləməyə davam edir.

Konstitusiyanın 6-cı maddəsində bildirilir: “Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz”.

Konstitusiyanın 7-ci maddəsində isə göstərilib:

“III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Konstitusiyanın 25-ci maddəsi deyir:

“III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.”

Halbuki hazırda praktikada bir mətbu orqan təsis edən QHT ilə, ona cərimə tətbiq edən QHT (Mətbuat Şurası) arasında hüquqi bərabərsizlik yaradılıb. Bir QHT-yə inzibati cərimə protokolu tərtib etmə hüququ verilib, digərinə o QHT-nin verdiyi cəzaya əməl etmə öhdəliyi yüklənib.

Təəssüf ki, bu dövrdə Mətbuat Şurası da öz Nizamnaməsində olmayan vəzifələri qanunla ona yüklədikdə səsi çıxmayıb, bu vəzifələrin onun nə misyasına nə də nizamnaməsində göstərilən “2.ŞURANIN FƏALİYYƏTİNİN MƏQSƏDİ VƏ PREDMETİ”-nə uyğun olmadığını dilə gətirməyib.

Bu hüquqi biabırçılıq dərhal dərk edilməli və düzəldilməlidir. Mətbuat Şurası dövlət qurumu, nazirlik deyil, özünü tənzimləyici qurumdur. Onun səlahiyyətləri üzvlərinin qəbul etdiyi Nizamnaməsi çərçivəsindədir və ondan kənara çıxa bilməz. Onun üzvü olmayanlara yönələn hər hansı qərar, protokol qəbul etməsi, səlahiyyətlərini aşmaqdır. Ona İnzibati vəzifələrin icrasının yüklənməsi isə hakimiyyət səlahiyyətini hüquqazidd “mənimsəmə”dir.

Paylaş »
››› Səhiyyə nazirimiz haradadır: Nazirlikdən sürpriz cavab
››› “TƏBİB ləğv olunmalıdır, fəaliyyəti ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır” - Açıqlama
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
Son xəbərlər
Bütün xəbərlər »