Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
O eyvandan bu eyvana...

Gənc sənətçilərlə siyasətçilərin qarşılıqlı xoruna sözardı

(esse)

Gənc xanəndələr gedib Yasamalda mahnı oxuyub, polisə gül atıb. Sonra da dönər yeyib, üstündən coca-cola içib. Sosial şəbəkələrdə onlara sosial şəbədələr qoşulur, neçə gündür, gənc musiqiçiləri linç edirik. Əlbəttə, polisin vətəndaşı yatağından çılpaq apardığı binaya (lap başqa bina olsun -fərq etməz ) gedib eyvandan xorla mahnı oxumaq və polisə gül atmaq iyunun 8-də binaın eyvanlarından elə həmin polisi söyüb üzərinə zibil atanlara etiraz və polis işçilərinə dəstək aksiyasıdır. İnsanlar da sosial şəbəkələrdə buna görə həmin gənc musiqiçilərə hücum edir.

Mən geriyə qayıdıb iyunun əvvəlindəki olayların xırdalıqlarına varmaq istəmirəm; bu haqda çox deyilib, çox yazılıb. Mən də fikrimi yazmışam. Musiqiçilər düz edib, ya səhv edib?! Bu haqda da günlərlə danışılır və görünür ki, hələ çox danışılacaq. Mən şəxsən polisi təhqir edib üstünə zibil atanları da, vətəndaşı evindən çılpaq götürüb aparan, təhqir edən polis işçilərini də qınamışam. Flaşmöb eləyən musiqiçilərə gəlincə, onların istənilən binaya gedib mənzil sahibinin razılığı ilə istənilən eyvandan istənilən bir şəxsə və ya şəxslərə xitabən istədikləri mahnını oxuyub gül yağışına tutmaq hüquqları var. Onlara formal baxımdan heç kim bunu irad tuta bilməz. Ancaq əgər iyunun 8-dəki məlum polis əməliyyatı olmamış olsaydı və ya qanun və dövlət etikası çərçivəsini aşmamış olsaydı, gənc musiqiçilərin bu aksiyası polisə zibil atanlara etiraz və qanun keşikçilərinə dəstək anlamı daşıyacaqdı. Ancaq bir qrup polis məmurunun iyunun 8-də vətəndaşlara qarşı hərəkətlərində qanunun tələblərindən və təlimatdan kənara çıxması polisi haqlıykən haqsız duruma düşürmüşdü. İndi bu gənc xanəndələrin oxuduğu o mahmı "Yaşa, Azərbaycan" desə də, vətənpərvərlik ruhu aşılayan bir musiqi kompozisiyası olsa belə, bir çox insanlar bunu təkcə iyunun 7-də polisə zibil atanlara etiraz kimi deyil, həm də və bəlkə daha çox iyunun 8-də polis işçilərinin qanundankənar hərəkətlərinə melodik dəstək kimi yozaraq qəzəbləndilər. Ancaq, düşünürəm ki, buna başqa tərəfdən də yanaşmaq - vətəndaşlarla polis arasında qarşıdurma havası deyil, qarşılıqlı hörmət, bir az çox optimist olsaq, qarşılıqlı sevgi aşılamaq cəhdi kimi də yanaşmaq olardı (hətta o musiqiçilərdən birinin onları linç edənlərə: "Polis nə edibsə, düz edib" deməsini də nəzərə almadan).

...Mən böyük ədibimiz İsmayıl Şıxlının 1990-cı illərin gərgin qarşıdurma ortamında müdrikcəsinə dediyi: "Biz millətimizi daim parçalayan nöqtələr axtarmalı deyilik, birləşdirən nöqtələri tapmalıyıq" fikrini bir daha xatırlayıram və xatırladıram. Bu günlərdə, bu "ölüm-qalım" məqamlarında, ilan boğazının heybətli darlığından keçdiyimiz anda bir-birimizi aşağılayan, bizi bir-birimizdən qoparan nöqtələri deyil, yaxınlaşdıran nöqtələri qabartmalıyıq. Qarşı duran siyasi qüvvələr, ictimai zümrələr, sosial təbəqələr bir-birinə "xain", "satqın", "antimilli" və sair deyə-deyə ölkəni uçurumun kənarına sürükləməkdən çəkinmirlər nə yazıq ki!

Gənc xanəndələrə qayıdaq. Onları tənqid, hətta ittiham etmək istəsəm, mən də, yəqin ki, uyğun söz taparam. Allaha şükür, 30 ildən çoxdur ki, sözlə işləyirik, özümüzə görə mütailəmiz də azdan-çoxdan var. Aşağılamaq isə, Allah eləməsin! Nə özümə, nə başqasına yaraşdırıram. Bunları etmədən, məsələnin tamam başqa bir tərəfinə diqqət cəlb etmək istəyirəm. Düşünürəm ki, bu məsələni bu dərəcədə şişirtmək bizə çox şey qazandırmır, əksinə bizi bizim özümüzdən qoparır. Bir mahnı yox, lap yüz mahnı oxu, beş yüz şeir qoş, əgər bir kəsin, ya qrupun, ya elə qurumun əməli pis, mövqeyi haqsız, hərəkəti qanunsuzdursa, onu əməlisaleh, haqlı çıxara bilməzsən.

Gənc musiqiçiləri linç edənlər yaşları çatırsa, xatırlasınlar, yaşları çatmırsa, axtarıb tapsınlar ki, bəlkə də Yer üzündə Sovet dövlətinin banisi Vladimir Leninə, o quruluşuna, Kommunist Partiyasına qoşulan mahnı, şeir qədər heç kimə qoşulmayıb. Heç nə yox, elə Rəsul Rzanın "Lenin" poemasını tapıb oxuyun. Görün, indiki dildə desək, necə kreativ üslubda, necə yüksək bədii şövqlə, necə sənətkarlıqla yazılıb! Qara Qarayevin "Lenin" oratoriyasına qulaq asın. Necə ustalıqla bəstələnib! Səməd Vürğunun "26-lar", "Komsomol" poemaları, "Rəhbərə salam", "Partiyamızdır" və sair və ilaxır. Süleyman Rüstəmin, Məmməd Rahimin... yazdıqlarına baxın. Mən hələ ancaq öz şairlərimizi misal gətirdim. Eləcə də, nasirlər, bəstəkarlar, müğənnilər, rəssamlar, heykəltəraşlar... Nə qədər incə zövqlə, nə qədər daxili eşqlə bu əsərləri yazıb yaradıblar! Ancaq Sovet quruluşunun ömrü nə qədər oldu?! Bir insan ömrü qədər. 71 il! Ancaq o sənətkarlardan, eləcə də, başqa sənətkarlarımızdan heç biri o 71 il ərzində Azərbaycan Xalq Cümhuriyyətini, Məhəmməd Əmin Rəsulzadəni yada salmadı. Yada salan da lənətlədi nə yazıq ki! Ancaq bu gün Lenini, ya milli hökuməti devirən Əliheydər Qarayevləri, Çingiz İldrımları daha çox və hörmətlə xatırlayırıq, yoxsa Rəsulzadəni, Nəsib bəyi, Fətəli xanı?!

Quruluşa, dövlətə, o cümlədən, polisə, eləcə də, orduya, başqa rəsmi və ictimai institutlara sevgi onlara qoşulan mahnıların, yazılan şeirlərin, çəkilən rəsmlərin, qoyulan heykəllərin, bəstələnən musiqinin sayı və necə sənətkarlıqla yaradılmış olması ilə deyil, o qurumların və şəxslərin öz əməllərinin gücü ilə qazanılır. Əgər dövlət vətəndaşına xəstəlikdə-sağlıqda, hər çətin anlarında sahib çıxacaqsa, daim onun rifahını və təhlükəsizliyini düşünəcəksə, onu daxildə cinayətkardan, xaricdən təcavüzkardan qoruyacaqsa, vətəndaşı onu mahnısız da, şeirsiz də sevəcək, qürur duyacaq. Əgər polis də insanlara qanun və etika çərçivəsində yanaşacaqsa, hətta cinayətdə şübhəli bildiyi şəxsin də vətəndaş hüquqlarına, o cümlədən, şəxsi toxunulmazlıq və təqsirsizlik prezumpsiyası hüquqlarından yola çıxaraq yanaşacaqsa, əlbəttə, vətəndaş da ona hörmətlə yanaşacaq və hətta sevəcək. Eyni sözlər vətəndaşa da aiddir. Əlinizi ürəyinizin üstünə qoyun və deyin: normal vaxtda (sərt karantin rejimində deyil) qaydanı pozmasanız yol polisi sizi həmişə saxlayırmı?! Postlar və ya qanuni reydlər xaric. Xeyr!

Doğrudur. Vətəndaşlar arasında olduğu kimi polisdə də qanunu pozanlar var. Ancaq biz bizim millətdən olan bir və ya lap yüz residivistə, cinayətkara, oğruya görə bütün milləti cinayətkar adlandıra, saya bilərikmi?! Yenə də xeyr! 80-ci illərin sonunda insanların o zamankı milisdən ( indiki poisdən) yetərincə narazılığı da vardı. Ancaq Qarabağda müharibə başlayanda vətəndaşlardan qabaq milis işçiləri getdi döyüşlərə. Nə qədəri şəhid oldu. Nə qədəri sağlamlığını itirdi. Müharibədən sağ çıxanlardan bu gün polisdə, eləcə də, təhlükəsizlik, prokurorluq orqanlarında xidmətini davam etdirənlər də az deyil. Kim bilir, sabah savaş əmri gəlsə, indi birinə görə hamısını yamanladığımız polislərin neçəsi şəhid, neçəsi qazi olacaq?! Bəli, haqlısınız, kiminsə keçmişdə göstərmiş olduğu və gələcəkdə də göstərəcəyi ehtimal olunan xidmətləri onu bugünkü qanunsuz əməllərindən azad etmir, ona haqq qazandərmır. Ancaq bir, bir neçə, hətta bir neçə yüz adamın törətdiyi qanunsuzlara görə, polisdə, başqa hüquq-mühafizə orqanlarında, eləcə də, orduda xidmət edən on minlərlə insanın üzərinə kölgə salsaq, bu da doğru olmaz. Dediyim kimi, bu gün həbsxanalarda neçə minlərlə adam cəza çəkir. İndi kimsə onlara baxıb bütün xalqı cinayətkar elan etsin?! Mən hələ onu demirəm ki, o cəza çəkənlərin içərisində nə qədər günahsız da var.

O musiqiçi gənclərə qarşı da tənqidçilik ruhumuzu amansızlıq duğyusuna qapdırmayaq. Hətta cinayət edənə qarşı belə ədalət tərəzisi və yüngülləşdirici hallarda ifadə olunan mərhəmət duyğusu var. Qanunumuzda da, əxlaqımızda da. Vicdanlı yanılmalar da ola bilər, hətta bu, onların öz doğruları da ola bilər. Hələ şəxsi və yaradıcı həyatının çox böyük hissəsi sabahda olan gənc insanlara, hətta aralarındakı gənc xanımlara qarşı qanundan və əxlaqdan kənar ifadələr işlədilməsi məni dərindən üzdü. Səhv ediblər, ya düz ediblər - bu, müzakirə, ictimai mühakimə oluna bilər (necə ki də olunur və normaldır). Ancaq o gənc soydaşlarımızı aşağılamaq, şəxsiyyətlərini alçaltmaq, üzərlərinə elliklə hücuma keçib göz açmağa qoymadan qaralamaq, məzhəkəyə qoymaq... Mən bunu bizə yaraşdırmadım və yaraşdırmıram. Sosial şəbəkədəki milyonların, lap elə yüz minlərin, hətta minlərin birləşib hamılıqla bir neçə gənc sənətçinin üstünə qəzəb, nifrət saçmağı, yumşağ desək, bir az çox olmadımı?! Doğruları ilə, yanlışları ilə onlar da bizim oğullarımız, qızlarımızdır. İnsanları itirmək çox asandır, qazanmağa çalışmaq lazımdır. Biz o gənclərimizi (hətta səhv ediblərsə belə) niyə bu qədər amansızcasına linçləyib dışlayırıq?! Bunu edənlərin də çoxu siyasi kimliyi olan şəxslərdir. Siyasətdirsə belə, onun da əsasında adamları qazanmaq motivi durur, itirmək deyil. Çünki siyasət özü adamlar üçündür, hətta elə adamlar deməkdir.

P.S. Xalqımız böyük bir bəlaya düçar olub. Ölkəmiz risk qrupundadır. Bəlkə də bu sətirləri yazan, eləcə də, oxuyanlardan kimlərsə (Allah eləməmiş) bu yayılmış xəstəlikdən dünyasını dəyişəcək. Bizim sabaha sığortamız varmı bu fəlakətdən?! Yox! Nədən bir-birimizin əlindən məcazi mənada tutmaq əvəzinə bir-birimizin əlini qırırıq?! Ən pisi də ürəyini əlindən qabaq qırırıq....

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »