Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentə vətəndaş məktubları: Sizi güclü edən xalqın məhəbbətidir

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə vətəndaşlarından minnətdarlıq məktubları gəlməkdə davam edir.

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qarşı zamanında verdiyiniz uğurlu qərarlar sayəsində ölkəmiz bu virusla mübarizədə qətiyyətli addımlar atır. Bunun üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanırıq ki, bütün dünya, o cümlədən bizim ölkəmiz tez bir zamanda bu virusdan xilas olacaq, insanlar normal həyatlarına davam edəcəklər.

Hörmətlə,

Hüseynova Dilbər Ələddin qızı

Füzuli rayonu Arayatılı kənd tam orta məktəbinin 7-ci sinif şagirdi”.

***

“Möhtərəm cənab Prezident.

Bir gənc olaraq, Sizə minnətdarlıq etməyi özümə vətəndaşlıq borcu bilərək, bu təşəkkür məktubunu ünvanlayıram.

Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər görürsünüz. Bu tədbirlər Azərbaycan xalqını gözə görünməyən düşməndən - COVID-19 pandemiyası bəlasından qoruyur. Xalqımıza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

İsmayilov Tural

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

***

“Hörmətli cənab Prezident.

1992-ci il mayın 18-də doğma yurd-yuvamız olan Laçın rayonundan məcburi köçkün düşərək, 28 il Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində şəraiti ağır olan qamış evlərdə yaşamışıq. Mən doğma yurd-yuvamı canlı olaraq görməsəm də, böyüklərimin mənə danışdığı və sosial şəbəkələrdə gördüyüm görüntülər mənə işğal altında olan əzəli torpaqlarımızın bir cənnət olduğunu çox yaxşı anladıb. Bəlkə də, elə mənim və mənim kimi minlərlə gəncin ağır şəraitdə yaşamasına və ali təhsil almasına inam hissi Sizin kimi Ali Baş Komandanınızın olmasıdır. Məcburi köçkün olaraq bu diqqət və qayğının şəxsən özüm şahidi olmuşam. Bu müraciəti ünvanlamaqda məqsədim də ailəmizə qarşı göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir.

Cənab Prezident, 2019-cu ilin sonunda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə ailəmiz də evlə təmin olundu. Bizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən də Azərbaycan gənci olaraq daim siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli vətəndaş olmağa çalışıram. Tanrı Sizləri qorusun.

Hörmətlə,

İsgəndərov Nəcəf Namiq oğlu

Azərbaycan Respublikası, Laçın rayonu, Şeylanlı kəndi”.

***

“Möhtərəm cənab Prezident.

Bu gün mən firavan bir ölkədə yaşayıram. Ölkəm gündən-günə gözəlləşir. Yaşadığım Suraxanı rayonunda da abadlıq-quruculuq işləri aparılır, hər yaşdan olan sakinlərin asudə vaxtını səmərəli keçirməsi üçün şərait yaradılır, gözəl parklar salınır, uşaqların əylənə bilməsi üçün maraqlı attraksionlar quraşdırılır.

Cənab Prezident, bunların hamısı məhz Sizin vətəndaşlara verdiyiniz dəyər sayəsində başa gəlir. Məlum olduğu kimi, bütün dünya COVID-19 pandemiyasından xilas olmaq üçün mübarizə aparır. İnanıram ki, Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində, ölkəmizdə də bu virusun qarşısı alınacaq və yenidən sağlam həyata davam edəcəyik. Allah Sizi qorusun.

Hörmətlə,

Babayev Arif Mülhət oğlu

Fərdi sahibkar”

***

“Əziz Prezidentimiz.

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Dağlıq Qarabağla bağlı tarixi faktlara əsaslanan çıxışınızı ailəmlə birlikdə dinlədik. Şəxsən mənə çox böyük qürur hissi verdi. Xüsusilə də erməni baş nazirin yersiz müdaxiləsinə verdiyiniz tutarlı cavab qəlbimi riqqətə gətirdi. Öz terrorçuları ilə məşhur olan ermənilərin azərbaycanlıları irqçilikdə günahlandırmaq cəhdi gülüş doğurur. Bu, qəbuledilməz bir böhtandır və növbəti erməni təxribatıdır. Çünki bütün dünya Azərbaycanı tolerant və multikultural dəyərlərin bərqərar olduğu ölkə kimi tanıyır və bu təcrübəni başqalarına nümunə göstərir.

Mənim ulu babalarım Qərbi Azərbaycan torpaqlarında yaşayıblar. Məhz, ermənilərin etnik təmizləmə siyasəti nəticəsində onlar tarixi torpaqlarından, öz yurd-yuvalarından köçürülmüşlər. Güman edirəm ki, hər bir azərbaycanlı öz tarixini dərindən bilməlidir.

Sizinlə fəxr edirik, cənab Prezident.

Hər bir sahədə olduğu kimi, beynəlxalq arenada da Sizə güvənirik. Təşəkkür edirik.

Hörmətlə,

Paşazadə Məhəmməd Elxan oğlu

Azərbaycan Respublikası, Lənkəran şəhəri”.

***

“Möhtərəm Prezident cənab İlham Əliyev.

Bütün Azərbaycan vətəndaşları kimi, biz də ailəliklə Sizin və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndiririk.

COVID-19 pandemiyasının ölkəmizə ayaq açdığı andan virusun qarşısını almaq üçün gördüyünüz bütün qabaqlayıcı tədbirlərə və bu gün də apardığınız mübarizəyə görə Sizinlə fəxr edirik. Allahdan Sizə və ailənizə möhkəm cansağlığı diləyir, bizi hər zaman düşündüyünüz və ölkəmizin qayğısına qaldığınız üçün təşəkkürümüzü bildirirəm.

Allah Sizi Azərbaycana və azərbaycanlılara çox görməsin. Biz birlikdə güclüyük!

Hörmətlə,

Qəmbərova Şəhla Yaşar qızı

“Qızıl Qələm” mükafatı laureatı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

***

“Möhtərəm cənab Prezident.

İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitindəki çıxışınızı dərin rəğbət hissi ilə izlədim. Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən videokonfrans zamanı Ermənistanın ölkəmizə qarşı təcavüzkar, terrora və faşizm ideologiyasına söykənən dövlət siyasətini beynəlxalq müstəvidə bir daha tam çılpaqlığı ilə ifşa etdiniz, beynəlxalq hüquq normalarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə istinad etməklə “Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” – deyərək xalqımızın səsini, haqq işimizi peşəkar siyasətçi və dövlət xadimi kimi növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırdınız. Videokonfransda iştirak edən Ermənistanın avantürist hökumət başçısının konkret və müfəssəl çıxışınıza münasibət bildirmək cəhdi tarixi faktlara söykənən ritorikanız nəticəsində fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil olunmuş panel müzakirələrdə olduğu kimi, yenə də uğursuzluqla nəticələndi.

Bir vətənpərvər kimi Sizinlə qürur duyuram!

Hörmətlə,

Əliyev Cəfər Murtuz oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu”.

***

“Hörmətli cənab Prezident.

Bu məktubu yazaraq, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyada qlobal problem olan koronavirusla üz-üzə dayanmışıq. Bütün dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Şükürlər olsun ki, digər dövlətlərlə müqayisədə ölkəmizdə koronavirusun fəsadı azdır. Çünki Siz koronavirusun ciddiliyinin fərqinə tez vardınız və təxirəsalınmaz işlər gördünüz.

Cənab Prezident, Azərbaycan xalqının bu çətin günlərində hər bir vətəndaşın sağlamlığının qayğısına qaldığınız üçün Sizə ailəmiz adından təşəkkür edirəm. Mən əminliklə deyə bilərəm ki, bütün uşaqlar Sizi sevir. Siz bu çətin günlərdə bütün məktəblilərin dostu oldunuz. Bizi xəstəlikdən qorudunuz. Biz evdə qalsaq da, təhsilimizdən geri qalmırıq. Hər gün müəllimlərimiz bizə onlayn dərslər keçirlər. Düzdür, məktəbimiz, müəllimlərimiz, yoldaşlarımız üçün çox darıxmışıq. Lakin evdə qalmaqla sağlamlığımızı qorumalıyıq. Biz evdə qaldığımız müddətdə virtual şəkildə dərslərimizi keçir və boş vaxtlarımızda kitablar oxuyuruq. Bununla da həm təhsilimizi davam etdirir, həm də “evdə qal” aksiyasına qoşulmuş oluruq. Çox şanslı uşaqlarıq ki, Azərbaycan kimi müstəqil dövlətdə yaşayırıq. Biz fəxr edirik ki, bu dövlətin Sizin kimi qüdrətli, savadlı, uzaqgörən Prezidenti, Mehriban xanım Əliyeva kimi müdrik, fədakar Birinci vitse-prezidenti var. Mən bir şagird olaraq bunları görür və çox sevinirəm.

Dərin hörmətlə,

Əliyeva Nübar Rəşad qızı

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri”.

***

“Möhtərəm cənab Prezident.

Bu gün ölkəmiz Sizin qabaqlayıcı tədbirləriniz və məqsədyönlü addımlarınız sayəsində dünyanın bir çox ölkələri ilə müqayisədə koronavirusa qarşı az itki ilə mübarizə aparmaqdadır. Bu ağır gündə aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğı, onlara maddi və ərzaq yardımlarının verilməsi, ölkənin birinci xanımı Mehriban Əliyevanın da dəstəyi bir daha sübut etdi ki, Siz hər zaman xalqın yanındasınız.

Bu proseslərin gedişi ərəfəsində bütün ölkədə olduğu kimi, bizim Mingəçevir şəhərində də tikinti-quruculuq, abadlıq işləri aparılır. Şəhərimizdə illərdir baxımsız qalan təqribən üç hektara qədər böyük bir ərazidə tikilən Nəsimi adına park-əyləncə mərkəzində aparılan abadlıq işləri bizim üçün böyük bir hədiyyə oldu. Yaşadığımız ərazidə - şəhərdən bir qədər kənarda, Günəşli bağlar massivində Sizin göstərişiniz əsasında su-kanalizasiya sisteminin qurulması, küçələrə yeni asfalt çəkilməsi şəhərə gediş-gəlişimizi asanlaşdırdı.

Möhtərəm cənab Prezident, bu işlərə görə biz Mingəçevir sakinləri Sizə təşəkkür məktubu ünvanlamağı qərara aldıq. Biz bir daha əyani şahidi olduq ki, Siz bu çətin günlərdə belə xalqın üzərindən diqqət və qayğınızı əskik etmirsiniz. Sizə sevgimiz və hörmətimiz sonsuzdur. Allah Sizi və ailənizi daim qorusun, ucaltsın, ölkəmizi çiçəkləndirsin, uğurlarınızı əbədi etsin! Biz Sizinlə birlikdə güclüyük!

Hörmətlə,

İsmayılova Mətanət Tərlan qızı

Məmmədov Ələddin Kamil oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

Qədəmşah Əzizov və başqalarından, Cəlilabad, Azərbaycan”.

***

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın ən yüksək zirvəsinə yüksəlmiş, dünya birliyində özünə layiqli yer tutmuşdur.

Aqrar sektorun inkişafına göstərdiyiniz qayğı biz fermerlərə böyük dəstəkdir. Bizim əsas məşğuliyyətimiz kartofçuluqdur. İstehsal etdiyimiz məhsul respublikanın tələbatını ödəməklə yanaşı, xarici bazarlara da çıxarılır.

Xüsusi karantin rejiminin davam etməsinə baxmayaraq, tapşırığınıza əsasən məhsulun Rusiyaya göndərilməsinə şərait yaradıldı. Becərdiyimiz məhsuldan yaxşı qazanc götürmək üçün fermerlərə göstərilən qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun!

Hörmətlə,

Əzizov Qədəmşah Yavər oğlu,

Məmmədov Həbull Fətdah oğlu,

İsayev Səxavət Mənsiməli oğlu,

Əliyev Şahin Rafiq oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu”.

***

“Əziz Prezidentimiz.

Mənim 87 yaşım var. Kənd təsərrüfatı elmləri namizədiyəm. Dəfələrlə qabaqcıl fəaliyyətimə görə təltif olunmuşam. Həyatın bütün sınaqlarını görmüş adam kimi bugünkü Azərbaycanla qürur duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan gülüstana çevrilir, dağ başındakı kəndlərə də yol çəkilir, nümunəvi məhəllələr, parklar yaradılır, müasir məktəblər, xəstəxanalar tikilir, gündən-günə gözəlləşən diyarımız göz oxşayır.

Siz neftdən gələn kapitaldan səmərəli istifadə edərək, xalqın xoş gələcəyi üçün zəmin yaratdınız. Bütün sahələrlə yanaşı, turizmi inkişaf etdirdiniz. Bir mütəxəssis kimi deyim ki, aqrar sahəyə də çox böyük qayğı göstərirsiniz. Dövlətin baramaçılığın, pambıqçılığın, taxılçılığın inkişafına diqqəti sayəsində fermerlər Azərbaycan məhsulunu dünyada tanıdır.

Bu gün bütün dünya sınaq qarşısındadır. Amma mən əminəm ki, Sizin xalqla birliyinizin, xalqa bağlılığınızın sayəsində bu bəladan tezliklə qurtulacağıq. Siz güclü lidersiniz, xalq Sizin arxanızdadır, Sizinlə qürur duyur, Sizi sevir. Sizi güclü edən xalq məhəbbətidir. Sizinlə Azərbaycan da güclüdür və bütün çətinliklərin öhdəsindən gələcəkdir.

Sizə şərəfli işinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun!

Yaşasın Azərbaycan!

Hörmətlə,

Hüseynov Bayram Məhəmməd oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

***

“Hörmətli cənab Prezident.

Biz Göygöl rayonunun Aşıqlı, Köşkü və Üçbulaq kənd sakinləri bu üç kəndi birləşdirən avtomobil yolunun asfaltlaşdırılması işinin yüksək səviyyədə başa çatdırıldığına görə bütün əhali adından Sizə öz dərin minnətdarlığımızı bildiririk. Bütün əhali yolun çəkilişini böyük sevinclə qarşıladı. Yolun əvvəlki narahatlığı bizim gediş-gəlişimizi çətinləşdirirdi, maşınlar tez-tez sıradan çıxırdı, yağış və sel suları olan zaman gediş-gəliş daha da pisləşirdi. Kəndlərimiz meşə zolağında yerləşdiyindən asfalt yolun çəkilməsi növbəti illərdə kəndlərə turist axınını daha da artıracaq, bizim yaşayış səviyyəmizin daha da yüksəlməsinə səbəb olacaqdır.

Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Kənd sakinləri adından

Mustafayeva Gülsarə Allahverən qızı,

Məmmədov Taleh Məhərrəm oğlu,

Hüseynov Ədalət Xəlil oğlu,

Vəliyev Cəmil İlqar oğlu,

Ələsgərov Yasin Nadir oğlu və başqaları.

Azərbaycan Respublikası, Göygöl rayonu”.

***

“Hörmətli cənab Prezident.

Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı, xüsusilə də pambıqçılığın inkişafına verdiyiniz dəstək nəticəsində Salyan rayonunun Qızılağac kənd sakinlərinin əməyə və zəhmətə həvəsi daha da artmışdır. Əvvəllər bir çox çətinliklər ucbatından əlimiz işdən soyumuşdu. İndi isə işləmək istəyən insan üçün hər bir şərait mövcuddur.

Qızılağac və qonşu kəndlərdə 2020-ci il mövsümü üçün 706 hektar pambıq əkini planlaşdırılmışdı. Pambıqçılığın inkişaf etdirilməsi məşğulluğu artırmaqla bərabər ailə büdcəmizə də xeyli mənfəət gətirir. Odur ki, bizim üçün yaratdığınız bu şəraitə görə Salyan rayonu Qızılağac kənd sakinləri Sizə uzun ömür, cansağlığı və işlərinizdə uğurlar arzulayır.

Dərin hörmətlə,

B.Yolçiyev,

R.Əliyev,

M.Həsənov,

H.Kazımov,

A.Cəlilov və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Qızılağac kəndi”.

***

“Hörmətli cənab Prezident.

Bütün dünyanı ağuşuna almış koronavirusa qarşı Azərbaycanda Sizin rəhbərliyiniz altında görülən mübarizə tədbirlərini ürəkdən alqışlayırıq. Bəşəriyyətin təhlükəli virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin yaşlılara, uşaqlara, bir sözlə, hər kəsə göstərdiyiniz diqqət və qayğı bizi ruhlandırır. Bir daha gördük ki, dövlətimizin başçısı hər bir vətəndaşını fikirləşir, onun qayğısına qalır, sosial ehtiyaclarını təmin edir. Sizin sərəncamınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Mehriban xanım Əliyevanın bir illik əmək haqqınızı həmin fonda ianə etməyiniz, xəstəliyin geniş yayılmaması üçün qabaqlayıcı tədbirlər görməyiniz, xalqa müraciət edərək bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırmağınız ən xoş sözlərə layiqdir.

Cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuz üçün Sizə kürdəmirlilər adından minnətdarlığımızı bildirirəm. İnanırıq ki, bu çətinliyi birlikdə tezliklə dəf edəcək, yenidən firavan həyata qovuşacağıq.

Hörmətlə,

Ağasənov Vəli Şahin oğlu

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Şilyan kəndi”.

***

“Möhtərəm cənab Prezident.

Bakının Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı münasibətilə keçirilən tədbirdə etdiyiniz çıxış məni çox duyğulandırdı. Azərbaycan xalqının 1990-cı illərin əvvəllərində üzləşdiyi hadisələri, yaşanan tarixi faktları, o dövrdəki hakimiyyət nümayəndələrinin səriştəsizliyi ucbatından düşdüyümüz ağır durumu çox dəqiqliklə diqqətə çatdıraraq dediniz: “O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə vəziyyət yaransın?”

Bəli, mən də o dövrü yaşayan şəxslərdən biriyəm. Məhz ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi, dərin zəkası və siyasi ustalığı Azərbaycanımızı vətəndaş müharibəsindən, parçalanmadan xilas etdi.

Cənab Prezident, mən tam inanıram ki, Heydər Əliyev məktəbi tarixin öhdənizə buraxdığı bütün işlərin həllində köməyiniz olacaqdır. Məni təəssüfləndirən məsələlərdən biri xaricdə yaşayan və əleyhimizə danışan “azərbaycanlılar”dır. Əgər onlar doğurdan da Azərbaycanı sevirlərsə, bu ölkə üçün səmərəli xidmət göstərsinlər, düşmən dəyirmanına su tökməsinlər. Onu da bilsinlər ki, həmin dəyirman bir gün onların özünü üyüdə bilər.

Əziz Prezidentim, mətbuatdan görürəm ki, Sizə çoxlu sayda minnətdarlıq məktubları gəlir. Mən də bir azərbaycanlı kimi ölkə vətəndaşlarına qoşularaq dövlətimiz, xalqımız, millətimiz üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İnşallah, torpaqlarımız tezliklə azad olunar, bayrağımız Xankəndidə, Şuşada dalğalanar. Sizə cansağlığı, xalqımıza əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

Alışov Sabir Əlican oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu”.

***

“Hörmətli cənab Prezident.

Bu məktub vasitəsilə Sizə minnətdarlıq etməyi özümə vətəndaşlıq borcu bilirəm.

Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası dövründə “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, məni də qürurlandırdı. Koronavirus kimi qlobal məsələnin fonunda əhalinin sosial rifahı üçün atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş olduğunuzun təcəssümüdür. Sizi xalqa sevdirən də məhz bu müsbət amillərdir.

Cənab Prezident, əminəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyaya qalib gələcəyik. Allah bütün işlərinizdə köməyiniz olsun.

Hörmətlə,

Aslanov Elçin Əbülfəz oğlu.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Solquca kəndi”.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »