Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: İnsanlar koronavirus barədə şayiələrə inanırlar, amma elm adamlarına yox

“Ən çox səsləndirilən iradlardan biri də əhalinin maddi vəziyyəti ilə əlaqəlidir. Karantin dönəmində birmənalı olaraq əhaliyə maddi dəstək edilməlidir. Bu dəstək dövlətimiz tərəfindən göstərilir. Lakin tutaq ki, icra mexanizmində müəyyən problemlər, çatışmazlıqlar var. Kimsə ayrılan vəsaitin azlığından, kimsə vəsaitin ona çatmamasından narazıdır. Qəribə burasındadır ki, bəziləri bu narazılıqları öz sosial məsuliyyətsizliklərinə bir bəraət kimi istifadə edirlər, qazanc üçün deyil, etinasızlıq üzündən qaydaları pozurlar. Sən axı bu məsuliyyətsizliyinlə ətrafındakı insanların həyatını təhlükəyə atırsan?”.

Bu fikirləri Bizimyol.info-ya koronavirusla ön cəbhədə savaşan həkim, invaziv radioloq Ağakişi Yəhyayev söyləyib.O həmçinin cəmiyyətin tanınmış simalarının koronavirusla mübarizədə dəstək olmaq əvəzinə mane olmaları, yanlış təbliğatla başqalarının həyatını təhlükəyə atmaları barədə danışıb.

“Əsas nöqsanlardan biri də cəmiyyətin göz önündə olan üzvlərinin (həkim, ziyalı, müğənni və.s) karantin şərtlərinə tam riayət etməməsidir. Kaş ki belə olmaya, çünki bu şəxslər cəmiyyətin müəyyən qədər təsirləndiyi, izlədiyi, örnək aldığı şəxsləridir. Əfsus ki, biz insanlar bəzən öz əməllərimizlə cəmiyyətdə nə kimi fəsadlara səbəb olduğumuzu, yanlış davranışlarımızın cəmiyyətdə nə kimi əks təsirlərə səbəb olacağını unuduruq. Ancaq gəlin unutmayaq ki, nəticədə, hamımız insanıq. Bir insanın üzdə olması, populyarlığı onu nöqsanlardan uzaq etmir. Hər kəs səhv edə bilər, öz səhvindən peşman da ola bilər, olmaya da bilər. Bu, insana xas xüsusiyyətdir. Yaxşı, bu vəziyyətdə biz nə etməliyik? Eyni səhvi təkrarlamalıyıq? Bir insanın səhv addımı bizim də eyni addımı atmağımıza səbəb deyil axı. Bir insan laqeyddirsə, yanlış yoldadırsa, biz dəmi elə olmalıyıq? Bəzən cəmiyyət özü islahedici rol oynaya bilər.

İnsanların doğru addımları səhvə yol verənlərə xətalarını əyani göstərir. Axı bu qaydaları pozanlar cəmiyyətin çox az bir qismidir. Bunu bu qədər qabartmağa da ehtiyac yoxdur. Cəmiyyətdə kifayət qədər üzdə olan və eyni zamanda qaydalara əməl edən insanlar var. Bizim örnək yerimiz onlar olmalıdır. Bəzi videoçarxlarda bəzi həkimlər, elm adamları bu virusun bir oyun olduğunu, yaxud da bu virusa qarşı ifrat reaksiya verildiyini, 5G tətbiqi ilə bağlantısı olduğunu iddia edirlər. Bu necə? Biz indiyə kimi hansı mövzuda yekdilliklə eyni cür düşündük ki? Cəmiyyətdə həmişə hər mövzuda fikir ayrılıqları olub. Bir fikrin təsdiqinə və ya inkarına çalışan fərqli görüşlü insanlar həmişə olub. Bu müzakirələr elmi səviyyədə də gedə bilər. Ancaq bu, o demək deyil ki, hər iddia mütləq elmi müstəvidə öz təsdiqini tapmalıdır.

Bəziləri elə iddia kimi qalır, bəzi fikirlər isə elmi sübutlarına görə elmi dairələrdə təsdiqlənir. Bəzən bu qarşıçıxmaların cəmiyyətdə seçilmək, fərqli fikir sahibi olmaq istəyi kimi psixoloji kökləri də ola bilir. Biz indi niyə dəqiq elmi dairələrdə təsdiq olunmuş fikirləri deyil, hansısa bir həkimin və ya alimin təsdiqini tapmamış firkrini qəbul etməliyik ki? Kiçik bir qrupun fərziyyələri nəyə görə elmi düşüncənin üzərində olmalıdır ki? Məgər siz ətrafınızda xəstələnən insanları görmürsünüz? Ətrafınızda etibar etdiyiniz heçmi həkim yaxınınız yoxdur? Niyə bir-iki insanın cəfəng iddialarına görə dünya səhiyyəsinə bu qədər xidmət etmiş, bu qədər yeni nailiyyətlər ortaya qoymuş həkimlərin, elm adamlarının fikirlərini, onların elmi araşdırmalarını şübhə altına alırıq? Dünya səhiyyəsi savadlı, peşəsini sevən, özünü insanlara xidmətə həsr etmiş elm adamlarının hesabına indiki səviyyəyə yüksəlib. Bunu unutmaq olmaz. Orda -burda danışılan hər sözü qəbul etmək sağlam düşüncəli insanın xüsusiyyəti deyil”.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »