Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Həkim: Xəstə selinin qarşısını almağa imkan yoxdur
Koronavirus

Tanınmış həkim, invaziv radioloq Ağakişi Yəhyayev pandemiya ilə bağlı yaranmış və hamını maraqlandıran bəzi suallara aydınlıq gətirib.

Uzman doktor Ağakişi Yəhyayev Azərbaycan Tibb Universitetini bitirdikdən sonra İstanbul Universitetinin Tibb fakultəsinin Radiodiaqnostika bölməsində oxuyaraq 2011-ci ildə “Radiodiaqnostika uzmanı” dərəcəsi alıb. ABŞ-da Xarici Tibb Məzunlarının təhsil komissiyasının (ECFMG) Medikal Doktor diplomuna layiq görülüb. ABŞ-ın Mayami Ürək-damar İnstitutunda, Harvard Tibb məktəbinin Uşaq Xəstəxanasında, ABŞ-ın Cleveland klinikasında ixtisas kursu keçmişdir. Hazırda Respublika Diaqnostika Mərkəzində diaqnostik və invaziv radioloq kimi çalışır.Bizimyol.info Ağakişi Yəhyayevlə müsahibəni təqdim edir:

Ağakişi Yəhyayev - həkim Ağakişi Yəhyayev

- Doktor, ölkədə koronavirusla bağlı son vəziyyətə həkimlərin gözüylə baxılsa halımız necədir?

- ˝Tarixdə pandemiya-epidemiya halları həmişə olub: vəba, taun, ispan qripi kimi və kifayət qədər də insan ölümünə səbəb olub. Ona görə bu pandemiya halı dünya üçün yeni deyil.

Mən sizə ölkədəki indiki vəziyyəti deyim: Covid-19 xəstələri üçün ayrılmış bütün xəstəxanalar dolub. Dövlət xəstəxanalarında xəstə selinin qarşısında durmağa nə uyğun təchizat, nə də ki, tibbi personal var. Özəl xəstəxanalara bir-bir müraciət olunur ki, onlar da Covid-19 xəstəxanası olaraq fəaliyyət göstərsinlər.

Əksər inkişaf etməkdə olan ölkələrin belə səhiyyəsi pandemiyaya hazır deyildi və bu xəstəliyin əlində aciz qaldılar, bizim ölkə də həmçinin. Xəstələrə baxan həkimlərin, tibbi personalın arasında yoluxmalar sürətlə artır. Köməkçi dərmanlar sürətlə tükənir. Azərbaycana əksər dərmanlar xaricdən gəlir, pandemiya olduğu üçün dərman istehsal edən ölkələr də hazırda satışı ya dayandırıblar, ya da minimuma endiriblər.

Bir həkim olaraq narahatlığımız ictimaiyyətin məsələyə biganəliyidir. Karantin tədbirlərinə əhalinin cavabı birmənalı deyil, həftəsonu karantinindən hamı bir yolla qurtulmaq istəyir, bəziləri rayonlara üz tutur, bəziləri də bağlarda kollektiv şəkildə pikniklər təşkil edirlər. Maska taxanlara lağ edirlər, sosial məsafəyə diqqət olunmur.

- İnsanları bir sual çox düşündürür. Belarusda və bəzi ölkələrdə karantin elan edilmədi, bizdə edilsə belə nəticələr getdikcə pisləşdi?

- Belarusiya, Şimalı Koreya, yaxud da başqa bir ölkə bizim üçün meyar deyil. O ölkələrdə vəziyyətlə əlaqəli tam dəqiq bir statistika yoxdur, ona görə də müqayisə aparmaq düzgün deyil. Bir də ki, bu ölkələr səhiyyə sahəsində, pandemiya kimi ciddi hallarla mübarizədə heç bir zaman nümunə olmayıb. Səhiyyə sahəsində ciddi işlər və tədbirlər ortaya qoymuş əksər ölkələrin modeli onların təcrübəsinin əksini deyir. Elə isə biz nəyə görə bu sahədə söz sahibi olan ölkələrin müqabilində onları meyar götürməliyik? Avropanın əksər ölkələrində, Yaponiya, Şimali Koreya kimi ölkələrdə avtobus, metro pulu üçün nəzarət də yoxdur, insanlar qanundan yayınmadan özləri gedib ödəniş edirlər, yoxlansalar da, yoxlanmasalar da. Onlarda sosial və hüquqi qaydaların tətbiqində güclü nəzarətə elə də gərək olmur. Xalq özü məsuliyyət hiss edir. Eynilə dövlət izolasiya qaydalarını tətbiq edəndə də insanlar sanki bir robot kimi tabe olur, maska və digər tədbirlərə ciddi riayət edirlər. Bizim ölkəmizdə isə öncə vətəndaşın öhdəsinə buraxdılar, karantin olmadan, ümumi tövsiyə ilə qaydaları tətbiq etmək istədilər. Gördülər ki, alınmır, insanlar səhlənkar yanaşır, ondan sonra məcburən sərt karantin rejiminə əl atıldı. Bir də hətta o adı çəkilən ölkələrdə belə yoluxma və ölüm halları yüksəkdir. Karantinin olmaması onları virusdan qorumadı.

-Biz videolarda görmüşük ki, xəstəxanalara yerləşdirilən bir çox Covid-19 xəstələrinə həkim nəzarəti yoxdur, müalicə aparılmır. Heç bir şikayəti olmayan xəstələrin məcburi xəstəxanaya yatırılmasını mənasız hesab edənlərə nə deyərdiniz?

- Xəstələr ˝kobud˝ dildə desək, yüngül – orta – ağır olur. Böyük əksəriyyət xəstəliyi ayaq üstə keçirir.

İnkişaf etmiş ölkələrdə ağır xəstələr reanimasiyaya, ortalar palataya yerləşdirilir, yüngül xəstələr isə izolyasiya tədbirləri çərçivəsində evəburaxılır. Bax bu videoları çəkib paylaşanlar xəstəliyi yüngül keçirənlərdir. Başqa ölkələrdə onlara evdə qalmaları, narahatlıq hiss etdikdə, xəstəlik gücləndikdə xəstəxanaya gəlmələri tapşırılır.

İndi gələk öz ölkəmizə. Biz ölkəmizdə yüngül Covid-19 xəstələrini belə xəstəxanalara, hotellərə, Atletlər kəndinə, müxtəlif kiçik tibbi mərkəzlərə yerləşdirdik. Pandemiya başlayanda kifayət qədər yerimiz var idi, odur ki, yüngül xəstələrin izolyasiya qaydalarına riayət etməyib başqalarını yoluxdurmalarının qarşısını almaq üçün belə bir profilaktik tədbirə əl atdıq. Xəstəxanalarda yatan bu cür yüngül xəstələrə də heç bir dərman vermirik, çünki bu xəstələri əsasən izolyasiya məsqədi ilə və bir də xəstənin halı anidən şiddətlənərsə, vaxtında yardım edə bilməyimiz üçün qəbul etmişik.

Bu xəstələrdə də məntiqli olaraq belə sual yarandı ki, “Ay balam, məni tutub buraya gətiriblər, nə qapımı bir həkim açır, nə bir dərman verilir” və s. Videolar çəkib sosial şəbəkəyə qoydular. Onları başa düşürük, tam haqlıdırlar. Ancaq onların xəstəxanalara yerləşdirilməsi əsasən izolyasiya xarakteri daşıyır və bu addımlar da onların yaxınları və bütünlükdə cəmiyyətimiz üçün zəruridir.

- Cəmiyyətdə koronavirus xəstələrinin adlarının çəkilməməsi , ölənlər barədə məlumatların gizlin saxlanması da inamsızlıq yaratdı.

- Bir çox xəstəliklər var ki, onları da əyani olaraq görmürsünüz, ancaq qəbul edirsiniz. Məsələn,malyariya, siflis, QİÇS xəstəsini necə tanıyırsınız? Bir halda ki, bu xəstəliyin mövcudluğuna şübhə etmirik. Əgər mütləq bunu əyani olaraq görmək istəyən varsa, Semaşko xəstəxanasının, Tibb Universiteti xəstəxanalarının qəbul şöbəsinə baxmaq kifayətdir.

Mən özüm bu sahədə çalışan bir həkim kimi gün ərzində Covid-19 virusuna yoluxmuş bir çox xəstə ilə qarşılaşıram. Tanıdığım şəxslərdən də xəstəliyə yoluxanlar kifayət qədərdir. Sizə bunları canım yandığı üçün deyirəm, çünki bu xəstələrin ağırlaşma halında nə vəziyyətə qaldıqlarını öz gözlərimlə görürəm. Allah hamınıza can sağlığı versin və xalqımızı bütün bəlalardan qorusun.

İlhamə Rəsulova

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var - Döyüş davam edir
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbçilərin adını açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »