Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi xidmətə çağırış müddəti yenə uzadıla bilər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti: “Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələr nəzərə alınmaqla situativ qərarlar veriləcəkdir”

Koronavirus səbəbindən Azərbaycanda hərbi xidmətə çağırış müddətinin avqustun 31-nə qədər uzadılma ehtimalları yenidən gündəmə gəlib. Yada salaq ki, belə bir hal ölkəmizdə bundan əvvəlki çağırışda yaşanıb. O zaman müddət mayın 31-nə qədər uzadılmışdı.

Doğrudur, dövlət başçısı İlham Əliyev iyunun 11-də Azərbaycan vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Amma iyunun 21-dən iyulun 5-nə qədər ölkədə sərt karantin rejiminin tətbiqini, eləcə də bu müddətin uzadıla biləcəyi ehtimallarını nəzərə alsaq, bir sıra suallar yaranır.

Emin Həsənli

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Emin Həsənli “Yeni Müsavat”a bunları dedi: “Bilirsiniz ki, hərbi xidmətə çağırış bu il ilk dəfə Azərbaycan tarixində aprel ayından maya keçdi. Artıq bu istiqamətdə Azərbaycan dövlətinin təcrübəsi var. Sevindirici haldır ki, hələ də ordumuzda bir koronavirusa yoluxma halı belə yoxdur. Aprel ayında tərxis olunanlar bir-bir evlərinə gətirildi. Bu da onların yolda virusa yoluxmamaları üçün edildi. Hərbi çağırışla bağlı çox sistemli iş aparılır. Keçən dəfə təhlil edilib, bir ay uzadılma oldu. İndi də dövlətimiz hər situasiyaya uyğun addımlar atır. Hökumət üçün ilk öndə duran məsələ vətəndaşının sağlamlığıdır”.

Hərbi ekspert situasiyaya uyğun addımların atılacağını da qeyd etdi: “İyuldakı hərbi çağırış hərtərəfli analiz ediləcək və situasiyaya uyğun addım atılacaq. Əgər situasiya həddindən artıq ağır olacaqsa, ona uyğun qərar verilə bilər. Çağırış müddəti gələn ayın birindən sonuna qədərdir. Zaman ertələnə də, ertələnməyə də bilər. Bir faktı da deyim ki, ordumuzda gənc əsgərlər gedən kimi köhnələrlə birbaşa təmasda olmurlar. Andiçməyə qədər tam hazırlanırlar və ondan sonra hərbi xidmətə başlayırlar. Onsuz da hərbidə bu məsələlərin hər biri nəzarətdədir. Ordumuzda mülkü insanlarla belə təmaslar demək olar ki, sıfıra endirilib. Valideynlərlə əlaqə telefon üzərindən saxlanılır. Bir çox hallarda valideynlərin arzusu ilə bu, görüntülü danışıqla həyata keçirilir”.

Müsahibimiz hərbi xidmətə çağırışın avqust ayına keçirilmə ehtimallarının olub-olmadığından da söz açdı: “Bu barədə indidən nəsə demək çətindir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıları yoxlayıb, sonra xidmətə yola salır. Hər bir hərbi hissə isə onları yoxlayıb qəbul edir. Koronavirus xüsusi xəstəlik olduğundan əvvəlkindən üçqat artıq həssaslıqla yanaşıram. Aprel ayında Milli Məclisin belə bir qərar qəbul etdiyini gördük. İndi də belə hal baş verə bilər. Yəni parlamentin fövqəladə toplanıb, hərbi xidmətə çağırışın avqust ayına keçirilməsi barədə qərar qəbul etməsi mümkündür. Amma hər halda, bu gün üçün ona bir zərurət yoxdur”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən “Yeni Müsavat”a bu mövzuda göndərilən açıqlamada isə deyilir: “Bildiririk ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 11.06.2020-ci il tarixli Sərəncamı verilmişdir. Əlavə olaraq onu da bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) respublikada yarada biləcək fəsadlarının qarşısının alınması istiqamətində aparılan tədbirlər çərçivəsində mövcud vəziyyət qiymətləndirilərək veriləcək qərarlara uyğun olaraq çağırışın həyata keçirilməsi planlaşdırılır. Hazırda mövcud vəziyyətlə əlaqədar iyul çağırışında hər hansı dəyişikliyin olmasına dair normativ hüquqi akt yoxdur. Çağırışçıların iyul ayı ərzində xidmət yerlərinə daşınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələri nəzərə alınmaqla situativ qərarlar veriləcəkdir".

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
Son xəbərlər
Bütün xəbərlər »