Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məndə çarə çoxdu, amma sənin qazın qalmayıb axı”

Biz tərəflərdə adını baytar qoymuş bir Yunus dayı var idi. Heyvanları sağalda bilməsə də, kolxozun fermasından bunun üçün maaş alırdı. Bir gün bu baytar Yunusun yanına kəndçisi gəlib deyir ki, həyətdə 60 qazım var, onlara azar düşüb, dərman yaz. Baytar Yunus da bir dərman verir ki, quşların yeminə qat ver yesinlər. Kişi dərmanı aparır, amma 3 gün sonra gəlir ki, təsiri olmadı, qazların 10 öldü. Baytar Yunus da yeni dərman yazır, 3 gün sonra kişi “20 qaz da öldü” deyib yenə çarəni Yunusda axtarır. Bu minvalla qazlar qırılır, baytar Yunus da dərmanları sınaqdan keçirməkdə davam edir. Son gün kişi başına döyə- döyə döyə gəlir ki, sən nətər doxtursan , bir çarə tapammırsan, qazları qırıldı qurtardı. Baytar Yunus da heç təhər- tövrünü pozmayıb deyir ki, kişi məndə çarə çoxdu e, sadəcə sənin daha qazın qalmayıb.

Sözüm ondadır ki, pandemiya dövründə bizim məmurların həyata keçirdikləri qoruma tədbirləri bir az baytar Yunusun çarələrinə bənzəyir. Onlarda çarə çoxdu, amma millətdə daha qaza gəlib özünü qorumaq həvəsi qalmayıb. Sanki son günlər koronavirusu reklam edirlər. Ancaq məşhurlar, siyastçilər yoluxur. Mən xəstəliyin varlığına şübhə etmirəm və yoluxmaqdan qorxanlardanam. İnsanları inandırmaq üçün panika toxumu səpməyin acı nəticələri ola bilər. Qorxu ilə inam yaratmaq olmaz. Görülən tədbirlər daha ağıllıca olmalıdır.Üstəlik atılan yanlış addımlardan dərs alınmalıdır.

Adı bir dərmanlama prosesini duz aparılmır. Maşın yolunun ortasına dərman tokurlər. Sanki virus maşınla gəzir, asfalt yollarla hərəkət edir. Sadəcə görüntü naminə edilən işlər bizi gülünc vəziyyətə salıb.

Hökumətin aldığı qərarlar həmişə yüz faiz doğrudur deyə bir hökm yoxdur. Quran ayəsi deyil, adi məmur təklifləridir. Ara- sıra müxalifətdə olub ağıllı təkliflər verən insanların da fikirlərinə nəzər salınmalıdır. Biz hamımız eyni gəminin içində üzürük. Ədaləti batmış korona bu dəfə kasıba, varlıya baxmadı. İndi milyardları olan məmurların da qaçıb gedəcəkləri başqa vətəni yoxdur. Hamımız içində oturduğumuz bu torpağın-Azərbaycanın təhlükəsizliyi naminə əlimizi daşın altına qoymaq məcburiyyətindəyik. Sadə vətəndaş olaraq bizdən məsuliyyət və özünü qorumaq tələb olunur, dövlətdən xalqın inamını qazanan qərarlar verib, icrasını həyata keçirmək.Həftəsonu iki günlük evdə qalma qadağasının əslində heç bir effekt verməyəcəyini ən sadə insan da baş düşə bilərdi. Bu qadağanı Türkiyə tətrbiq etdi, nəticə əldə olunmadı, onlar bu fikirdən əl çəkən günü biz niyə ondan yapışdıq? 15 gündə yoluxanların neçə faizinin ictimai nəqliyyatda yoluxduğu ehtimal olunur? Neçə faizi Mallarda yoluxub? Nə qədər insanın kafe-restoranlarda yoluxduğu bilinir? Bunları ölçüb-biçdilərmi? SMS-lə evdən çıxma da effekt vermədi, çünki, tədbiq edilən gün 78 nəfər yoluxmuşdu, ləğv edilən gün isə 113 nəfər. Amma yenidən bu metoda qayıtmalı olduq. Bizim millətin başı elmi yeniliklər etmək üçün yaxşı zəminə malikdir. Bunu ona görə deyirəm ki, hansısa qadağadan yayınmaq üçün elə ağlagəlməz , kreativ fikirlər tapırlar ki, şeytan dönüb “ay Maşallah!” deyir. Alternativ yollar mütləq tapılacaq. Ehtiyac sahibi olan insan hər cür cəzaya rəğmən bir tikə çörəyinin dalınca düşəcək. Əgər normal şəkildə Azərbaycan vətəndaşı təmin oluna bilərsə, bu karantin günlərini illərdir əldə etmədiyi dincəlmək şansı, məzuniyyət kimi dəyərləndirə bilər.Nələr etmək olar? Bu barədə dəyərli iqtisadçılar yetərli qədər ağlabatan təkliflər veriblər. Mən sadəcə verilən qərarların açıq olmasını, səmimiyyətinə insanları inandırmasını istəyərdim. O qədər hər şeyi gizlədib, yalan danışıblar ki, daha doğrulara da kimsə inanmır. Həyatı bahasına olsa belə.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »