Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: "Bəzən heç ÜST-ün çağırışları da düz çıxmır"

Mərkəzi Gömrük Hospitalının cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Aynur xanım, artıq virusa yoluxma faizi çoxalır. Həkim kimi artım tempinin səbəbini nədə görürsünüz?

- Ölkəmizdə virusa qarşı önləyici tədbirlər görülür. Tətbiq edilən karantin qaydaları virusun yayılma arealını məhdudlaşdırmışdı. Sonradan isə sosial izolyasiyada tətbiq edilən yumşalmalar sözsüz ki, yoluxma sayının artmasına da səbəb oldu.

Burada məsələnin ikinci tərəfi vətəndaşın öz məsuliyyətini dərk etməməsidir. Bəzi hallarda insanlar ya bilərəkdən, ya da məsələyə ciddi yanaşmamaq səbəbilə yoluxma sayının artmasına rəvac vermiş olurlar. Həkim olaraq, COVİD-19-la mübarizə aparan bir xəstəxanın əməkdaşı olaraq insanları belə bir məqamda özləri və yaxınları və ətrafındakı insanlar üçün məsuliyyətli olmağa səsləyirəm.

- Sizcə, xəstəxanalarımız virusla mübarizəyə zamanında reaksiya verə bildimi?

- Biz Mərkəzi Gömrük Hospitalı olaraq vaxtında COVİD-19-a qarşı mübarizə tədbirlərinə başlamışdıq. Bizim əməkdaşlar yanvar ayından sərhəd-burıxılış məntəqələrində yoxlanış aparırdılar. Sonradan TƏBİB bu işləri daha mütəşəkkil təşkil etməyə başladı. Amma son dönəmlərin karantin qaydalarının yumşalması artım faizinin yüksəlməsinə gətirdi.

- Həkimlərin virusa yoluxma riski daha yüksəkdir. Siz özünüz necə qorunursuz?

- Həkim kimi viruslu xəstələrlə işləyəndə xüsusi geyimlərlə təchiz olunuruq. Məhz bu şəkildə kovidli xətələrdən özümüzü qorumuş oluruq. Dediyim kimi, ölkəmizdə karantin qaydaları yumşaldılan kimi yoluxma sayında artım baş verdi. Həkim olaraq bu bizi çox üzür. Çünki yoluxanlar içərisində həkim həmkarlarım da çoxdur. Bir həkimin yetişməsi üçün illər lazımdır. Bu gün məhz həkimlər vətəndaşlara görə öz həyatlarını riskə atıb virusa yoluxurlar.

Həkim olaraq cəmiyyətimizə çağırış edirəm ki, özünüzün və cəmiyətimizin sağlamlığı naminə məsuliyyətli olaq.

- Sizcə karantin rejimlərini yumşaltmağa ehtiyac vardımı?

- Avropa ölkələri də bu yumşalmaya getdi. Amma insanların mental dəyərlərini də nəzərə almaq lazımdır. Bizim toplum üçün bir az sərt qaydalar tətbiq edilsə, daha yaxşı olardı.

- Tibb elmi COVİD-19 qarşısında niyə aciz duruma düşdü?

- Dünya səhiyyəsi COVİD-19-la mübarizəyə hazır deyildi. Çünki bu, yeni bir vəziyyət idi. Bu, yeni bir virusdur. Bu səbəbdən tibb elmi bu virus qarşısında çıxılmaz durumdadır. Hələ bu ilin əvvəllərində bu virusun yayıldığı elan edildikdə düşünülürdü ki, hansısa önləyici tədbirlə onu məhdudlaşdırmaq olar. Amma sonrakı proseslər bunun əksini göstərdi.

- Sizcə, ikinci dalğanın psixoloji yükünü daşımaq asan olacaqmı?

- İnsanlar ikinci dalğaya birinci dalğadan daha hazırlıqılı olacaq. Çünki artıq ölkə səhiyyəsi bunun öhdəsindən layiqincə gəlir. Sadəcə səhiyyənin yükü artıb. Səhiyyə sisteminin bəlli bir yükü var. Ondan artığını əhatə etmək çox çətin ola bilər.

10 milyonluq əhalisi olan bir dövlətin bəlli səhiyyə yükü və öhdəlikləri mövcuddur. Yoluxma sayı durmadan artacaqsa, bundan hər kəs əziyyət çəkəcək. Ona görə də hər şey insanların məsuliyətindən asılıdır. Yəni cəmiyyətimiz həkimlərin çağırışlarına ciddi əməl etməlidir.

- Vaksinlə bağlı fikirlər var. Sizcə vaksini gözləməyə dəyərmi?

- Vaksin hazırlanması haqqında hələlik bir fikir söyləmək olmur. Çünki yaxın zamanlarda bunun münkün olacağı görünmür. Hərçənd artıq bu cür vaksinlərin test sınaqlarının keçirilməsi ilə bağlı da fikirlər bildirilir. Ancaq hələ təsdiqlənmiş vaksin yoxdur. Düşünürəm ki, bu, böyük bir zaman alacaq.

- Ümumdünya Səhiyyə Təşkilatı simtomsuz xəstələrə bağlı məlumat yaymışdı. Belə halın olması mümkündürmü?

- Artıq ÜST-nın fikirləri də birmənalı deyil. Bir neçə gün öncə ÜST-nin nümayəndəsi bildirdi ki, 80 faiz xəstələr bu virusu simptomsuz keçirir. Onların keçiriciliyi də olmur. Bir gün sonra həmin fikir inkar edildi. Bütün bunlara rəğmən demək olar ki, belə vəziyyətlərdə insanların diqqətli olması əsas şərtdir. İndi bir əsas amil var: insanlar sadəcə məsuliyyətli olmalıdır. Çünki hər şeyi səhiyyədən, həkimlərdən gözləmək olmaz.

Son xəbərlər
Bütün xəbərlər »