Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda “Silikon vadisi” yaradılacaq - Gözləntilər və xətalar

“Hökumət bəyan edir ki, Azərbaycanda, Abşeronda “silikon vadisi” yaradacaqlar. İlk baxışdan əla ideyadır, hətta çox gecikmişik, amma, açıqlamalardan belə anladım ki, hökumət bu işin də fəlsəfəsini doğru-düzgün anlamayıb”.

Bizimyol.info xəbər verir ki, bu fikri iqtisadçı Natiq Cəfərli səsləndirib.

Məlumat üçün qeyd edək ki, “silikon vadisi” Kaliforniyada yüksək texnologiya, innovasiya, riskli kapital yatırımları və sosial şəbəkələr üzrə qlobal mərkəzdir.

Natiq Cəfərli Natiq Cəfərli

O fikrini bu şəkildə izah edib.

Dünyada “Silikon vadisi” ideyası keçən əsrin sonlarına yaxın yaranıb, bu yolla gedən bir neçə örnəklər var. Bunlardan ən uğurlusu Amerikanın Kaliforniya ştatındakı “Silikon vadisi”dir. Bundan başqa, Hindistanda, Çində, hətta Rusiyada belə mərkəzlər var. Bu örnəkləri öyrənərkən məlum olur ki, “Silikon vadisi”nin yaradılması texniki olaraq, o qədər də çətin deyil. Problem ilkin olaraq onun alt yapısını yaratmaq üçün mütəxəssislərin toplanmasıdır.

Koliforniyada “Silikon vadisi” ona görə uğurlu alındı ki, universitetlər təxminən ötən əsrin 80-ci illərindən başlayaraq, İT sahəsinə, yüksək texnologiyalar sahəsinə aid mütəxəssislər yetişdirməyə başladılar. Təqribən bir neçə ildən sonra, otən əsrin 90-cı, 21-ci əsrin əvvəlində bu ciddi effekt verməyə başladı. Çünki böyük mütəxəssislər ordusu var idi, bizneslə “Silikon vadisi”nin çox gözəl münasibətləri formalaşdı, bu sahənin maliyyələşməsinin çox böyük bir hissəsini biznes öz üzərinə götürürdü. Bunun nəticəsində “Silikon vadisi”nin həm dəyəri artdı, oradakı texnologiyaların dünyaya yayılması prosesi baş verdi.

Hindistanda isə başqa bir yol izləndi, onların investisiya imkanlarının məhdud olduğunu nəzərə alaraq, Amerikanın “Silikon vadisi”nin kiçik bir filialı kimi fəaliyyət göstərməyə başladı: “Amerikadan sifarişlər alaraq , onları daha tez və ucuz yerinə yetirdilər. Bəzi proqram təminatlarını da həyata keçirirdilər.

Rusiyada isə o qədər də uğurlu olmadı, bu ölkədə “Skolkovo” adlanan bir layihə var. İndiyədək 20 milyard dollara (125 mlrd. 400 mln. rubl) yaxın vəsait xərclənib, lakin bugünə qədər bir ciddi innovativ layihələrin ortaya çıxmasının şahidi olmamışıq. Hətta “Skolkovo”da atılan addımlar Rusiya mediasının çox zaman gülüş obyektinə çevrilib. Ona görə də, bir neçə komponent birgə olmalıdır ki, ciddi effekt yaransın.

“Silikon vadisi” üçün ilk və ən önəmli məsələ təhsildir - Məktəbdən tutmuş universitetlərə qədər ciddi bir təhsil alt yapısı olmalıdır. Doğrudur, çox sayda azərbaycanlılar son zamanlar böyük və nüfuzlu universitetlərdə mütəxəssis kimi yetişiblər. Onların içində hazırda xaricdə yaşayanlar da var. Bir Azərbaycanlı İT mütəxəssisi elə “Microsoft”un işçisi olan bir mütəxəssis bir proqram yaradıb 5 milyon dollardan baha satmışdı. Mütəxəssislər var, sadəcə onları ölkəyə cəlb etmək çətin görünür. Azərbaycanda həm əhali sayı, həm bazarın həcmi, həm də yeni başlayacaq bir sahə olduğundan güclü mütəxəssisləri Azərbaycana cəlb etmək o qədər də asan olmayacaq. Onlar Amerikanı qoyub, Avropanı qoyub Azərbaycana gəlməyəcəklər. Ona görə də, hədəf olaraq Azərbaycanda “Silikon vadisi”nin olması çox yaxşıdır, ölkədə innovativ texnologiyalarla bağlı, rəqəmsal iqtisadiyyata keçidlə bağlı , süni intellektin tətbiqi ilə bağlı ciddi addımlar atılmalıdır. Dünya bu yolla gedir. Ancaq biz bunu dövlət büdcəsindən böyük vəsaitlər ayıraraq həyata keçirsək və ciddi effekt verməsə, pul itkiləri ilə müşahidə olunsa doğru olmaz. Bu tam təbii şəkildə baş verməlidir, biznes buna can atmalıdır. Tez zamanda həyata keçiriləcək bir layihə deyil. Azərbaycan bu gün başlasa və hətta işini doğru qursa 10 ildən sonra effektini görə bilər. Yəni uzun zaman lazımdır. Amerika nümunəsində “Silikon vadisi”nin yaranmasında biznes maraqlı idi, burada dövlət yatırımı yoxdur. Bizdə isə bu layihənin xərclərini dövlət öz üzərinə götürmək istəyir. Bu doğru model deyil. İlkin startap olaraq dövlət maliyyələşdirmə həyata keçirə bilər, layihələr təqdim edə bilər. Ancaq biznesin də buna marağı olmalıdır. Bunun üçün isə Azərbaycanda böyük şirkətlər olmalıdır, onların innovativ layihələri olmalıdır. Azərbaycanda belə şirkətlər yoxdur. Ən böyük şirkətimiz dövlət şirkəti olan SOCAR-dır. Ondan başqa hər hansı şirkətin bu sahəyə iri yatırımlar edə biləcəyi inandırıcı görünmür.

Kadr məsələsinə gəlincə, daha bir önəmli nüans var: Hətta Azərbaycan xaricdə kadr hazırlığı həyata keçirsə belə, onları ölkə gətirmək və burada saxlamaq saxlamaq çətindir - Amerikada İT mütəxəssisinin illik maaşı ortalama 220 min dollardır. Azərbaycanda ildə 220 min dollar qazanan İT mütəxəssisinin olması üçün gərək elə layihələr həyata keçirilsin ki, o layihələrin xaricə satılması mümkün olsun. Bu bir qədər real görünmür. Bu çox uğurlu bir istiqamət olsa da, Azərbaycan çox gecikib. Estoniya 90-cı illərdən bunu etməyə başlayıb və indi bu sahədə ciddi effekt əldə edib. Biz indi başlayaq, doğru yolda gedək və 5-10 il sonra bunun nəticəsi olsun.

Ancaq elə olmamalıdır ki, Microsoft və digər dünya nəhəngi şirkətlər Azərbaycanda dövlət sifarişi hesabına hansısa işlər görsünlər və nəticə etibarilə effektiv bir nailiyyət əldə edilməsin. Bu məsələlərdən qaçmaq lazımdır. Yəni, bu yol pusularla doludur – Microsoft şirkətinin dərdi Azərbaycanda “silikon vadisi” yaratmaq, burada mütəxəssis yetişdirmək deyil, əsas məqsədi hökumətdən layihə alıb, on milyonlarla pul qazanmaqdır. Çünki bizim hökumətin düşüncə tərzini yaxşı bilirlər – anlayırlar ki, bizimkilərin əsas məqsədi qlamur PR-dır, bunun üçün pul xərcləyirlər, son məqsəddə hesablanmış plan-proqramları olmur. Ona görə də, ilkin olaraq yaxşı ideya olan məsələni primitiv yanaşma ilə puç etmək, bu məsələni də büdcə pullarının göyə sovrulması layihəsinə çevirmək olmaz..."

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
Son xəbərlər
Bütün xəbərlər »