Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Neftin əvvəlki vəziyyətinə qayıtması çox vaxt alacaq" - Devalvasiya olacaqmı...

İqtisadçı ekspertlər iqtisadiyyatın çöküş dövründə müxtəlif fikirlər səsləndirir. Gah qorxunc, gah ürəkaçan proqnozlar verilir. Son günlər devalvasiya olmasa, Azərbaycan manatı tamamilə öləcək şəklində də fikirlər dolaşmaqdadır. Neftin taleyi necə olacaq, iqtisadiyyatımız yenidən güclənə biləcəkmi, bunun üçün bizə nə lazımdır?

Bizimyol.info-nun bütün bu suallarını Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov cavablandırır.

Ramil Abbasov Ramil Abbasov

- Ramil bəy, yay aylarında neft yenidən bahalaşacaq deyirdilər, cüzi artım müşahidə olunmaqdadır. Sizcə neftin yenidən əvvəlki qiymət həddini yaxalaması mümkündürmü?

- Neftin düşmə səbəblərinə nəzər yetirsək görərik ki, neftin əvvəlki vəziyyətinə qayıtması çox vaxt alacaq. Təbii ki, ən böyük səbəb pandemiya sayılır. Tələbin azalması ilə təklif artıqlığı yarandı və vəziyyət daha da pisləşdi. OPEC üzvləri 31 marta qədər istehsalın məhdudlaşdırılması barədə razılığa riayət etdilər. Martın 6-da keçirilən iclasda Rusiya 1 aprel tarixindən etibarən hasilatı məhdudlaşdırmayacağını elan etdi. Rusiyaya cavab olaraq isə OPEC elan etdiki neft istehsalı həcmini qaldıracaq. Beləliklə bundan sonra neft hamımıza məlum olan rekord qiymətə aşağı endi. 20 aprel 2020-ci ildə bir barel neftin qiyməti mənfi 37.63 dollara düşdü. 12 aprel 2020-ci il tarixində OPEC və Rusiya neftin qiymətini tənzimləmək üçün hasilatın azaldılmasına razılaşdılar və bu 2022-ci ilin aprel ayına qədər davam edəcək. COVID-19 virusunun dərmanının tapılması haqqınnda yazılar gedir. Hətta bu məlumat təsdiqlənsə belə, düşünmürəm ki, ən yaxşı halda 6 aya kimi dünya iqtisadiyyatı özünə gəlməyə başlasın və neftin qiymətində dəyşiklik olsun. Təbii ki, sərhədlər açıldığı zaman neft qiymətinin nisbətən qalxdığını müşahidə edəcəyik. Neftin qiymətinin indiki vəziyyətdə dəqiq proqnozlaşdırılması mümkün deyil. İqtisadi baxımdan bəlkə də nəsə demək olar, amma müşahidələr göstərdiki hələki, dünya arenasında pandemiya və siyasət öz sözünü deyir. Havalar istiləndikdən sonra virusun yoxa çıxacağı ilə əlaqələndirərək yay aylarında neftin qiymətinin qalxması ilə bağlı proqnozlar var idi. Ancaq bu proqnoz özünü doğrultmadı və indi neftin əvvəlki qiymətdən çox aşağıdır. Hələki daha çox neftin 2020-ci ilin ikinci yarısı üçün ortalama qiymətinin 38 dollar, 2021-ci il üçün isə 48 dollar olaraq proqnozlaşdırılır. Əsl qiyməti gedişat göstərəcək, əgər möcüzə baş verməsə.

- Necə düşünürsünüz, devalvasiya gözlənilirmi? Əslində sadə xalqın koronavirus qədər qorxduğu ikinci söz də devalvasiyadır.

- İndiki vəziyyətdə devalivasiyaya getmək bizə xeyir gətirməz. Devalivasiyanın özünün müsbət və mənfi cəhətləri var. Müsbət odur ki, devalivasiyaya getdiyimiz zaman büdcə kəsiri aradan qalxacaq və ehtiyatlara qənaət edəcəyik. İxrac məsələsində isə elə də böyük ixracımız yoxdur ki, biz devalivasiya ilə onu canlandıraq. Bundan başqa bizdə istehsal olunan bəzi malların xammalı xaricdən gəlir və bu da nəticədə qiymət artımına gətirəcək və xarici bazarla rəqabətdə uduzacaq. Digər tərəfdən isə idxal mallarının qiyməti artacaq. Mənfi tərəfləri isə çətinliklə ayaqda qalan devalivasiyadan sonra yeni özünə gəlməyə başlayan banklar üçün demək olar ki, bu bir son ola bilər. Biznes və xarici dövlət borclarını artıracaq, sosial vəziyyəti pisləşdirəcək. Onu da nəzərə alaq ki, devalivasiya ilə bağlı artıq bizim mənfi təcrübəmiz var.

- İqtisadiyyatı yenidən gücləndirmək üçün nə lazımdır?

- İndiki halda iqtisadiyyatı yenidən işə salmaq üçün genişləndirmə monetar siyasətindən istifadəyə daha çox üstünlük vermək və iqtisadiyyatın pul təchizatını təmin etmək lazımdır ki, özəl sektor inkişaf etsin. Əlbəttə burada ucuz maliyyə vəsaiti mənbəyindən söhbət gedir. Dövlət artıq fiskal siyasətində addımlar atdı və 2020-ci il üçün xüsusi vergi rejiminə keçid etdi. Beləki biz orada yer alan müddəalara baxsaq görərik ki, sahibkara dəstək olaraq bir çox məqamlar yer alıb. Buna misal olaraq icarə ödənişləri zamanı gəlir vergisinin 50% azaldılması, 2019-cu il üzrə mənfəət vergisinin ödənilməsinin sentyabr ayına qədər uzadılması, bəzi sahələrdə 2020-ci il üzrə gəlirin 75%-nin mənfəət vergisindən azad edilməsi və sosial sığorta haqqlarında dəyişikləri göstərmək olar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »