Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun ailəsinin 115 min manatdan çox qazpulu borcu varmış. Buna görə icra başçısının həyat yoldaşı Çeşmi Hacıyeva məhkəməyə verilib.
Bizimyol.info xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi Ç.Hacıyevaya qarşı 115 min 68 manat qazpulu borcunun ödənilməsi tələbilə məhkəmədə iddia qaldırıb. Lakin Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyev bu iddiaya baxmaqdan imtina edib. Bu barədə qərardad çıxarılıb.

Hakim qərarını Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə istinad etməklə əsaslandırıb. Bu bənddə nəzərdə tutulub ki, tərəflər işə onların iştirakı olmadan baxılmasını xahiş etmədən məhkəməyə gəlməyibsə, bu halda, ərizə baxılmamış saxlanıla bilər.
115 min manatdan çox qazpulu borcunun Ç.Hacıyevaya məxsus obyektə görə yarandığı bildirilir.
Ç.Hacıyeva Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızıdır.
36 yaşlı Seymur Orucov gənc və islahatçı kadr olaraq 21 may 2020-ci il tarixində Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.