Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimdən qorxunc sözlər: "Xəstələrin vəziyyəti hər gün ağırlaşır"

17 iyun Beynəlxalq Tibb İşçilərinin Peşə Bayramı günüdür.

Teleqraf.com-un koronavirusa yoluxan şəxslərin müalicə olduğu xəstəxanalarından birində çalışan həkim-terapevt Məlahət İsayevadan aldığı müsahibəni təqdim edirik.

- Bu gün Ümumdünya Tibb İşçilərinin Peşə Bayramıdır. Bu günü pandemiya xəstəxanasında iş başında keçirmək necə hissdir?

- Əvvəla bütün dünya tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edirəm. Onlara can sağlığı arzulayıram. Mənim kimi xəstəxanalarda pandemiya ilə mübarizə aparan həkimlərə isə yorulmamağı, daha mübariz, daha cəsarətli olub, yaxın zamanda COVID-19 virusuna qalib gəlməyi diləyirəm. Əlbəttə, pandemiya xəstəxanasında işləmək özü həm bir məsuliyyət, həm də şərəfdi. Bu bayramı ailəmlə, övladlarımla keçirdə bilərdim. Amma fikirləşəndə ki, xəstə insanlara lazımsan və sənin yerin onların yanındadı, onlara daha çox yardım edə bilərsən, onda qürur hissi keçirirsən. Sizcə bu peşəni necə sevməmək olar? Necə fəxr etməmək olar? Məncə, bu hiss gözəl və unudulmazdı.

Dünən Cərrahiyyə Klinikasında çalışan bir qrup tibb işçilərimizin sonuncu iş günü idi. Kimisi 15 gün, kimisi isə 1 ay klinikada çalışıb, işini təhvil verdi. Hər dəfə klinikada çalışdığımız tibb personalını yola salanda kövrəlirik. Onlara o qədər öyrəşirik ki, ayrılıq gələndə çətin olur.

İşinin peşakarı olan bu insanlar alqışa və təşəkkürə layiqdirlər. 8 saatlıq yuxusuz gecələr, isti, hava keçirməyən skafandr formada gərgin, əsəbi, yorğun iş rejimi onları qorxutmadı. Peşələrini sevərək işə çan yandırdılar, dövlətinə, millətinə yorulmadan xidmət etdilər. Xəstələri müalicə edib, evlərinə yola saldılar. Onların hər biri qəhrəmandır.

- 3 aydır ailənizdən uzaqdasınız. Ev üçün darıxırsınızmı?

- Bilirsinisiz, özümə söz vermişəm, sona kimi buradayam. Hələ ki yorulmadan işləyirəm. Hər şey Allahın əlindədir. İnşallah, pandemiyanın ömrü bitər, biz də tezliklə evimizə dönərik.

- Çalışdığınız xəstəxanada xəstələrin vəziyyəti necədir? Ən çox hansı yaş qrupundan xəstələr var?

- Son ayda xəstələrin vəziyyəti çox ağırdır. Əvvəlki aylarda xəstələrin vəziyyəti daha yüngül idi. Adi qrip və hərarətlə bizə müraciət edirdilər. İndi isə xəstələrimiz klinikaya ağciyərin iki tərəfli pnevmoniyası ilə daxil olurlar. Yüksək hərarət, boğulma, təngnəfəslik xəstələri haldan salır.

Hər mərtəbədə 20-30 xəstə var. Hamilə qadınların, uşaqların, yaşlı insanların, xüsusilə şəkərli diabet, arterial hipertenziya, ürək-qan damar sitemili xəstələrin sayı daha çoxdur. Körpə uşaqdan tutmuş, yaşlı insanlara kimi bütün yaş qruplarından xəstələrimiz var. Bu virus uşaq, qoca bilmir, hər kəsi yoluxdurur.

- Hamilələr özlərini necə hiss edir?

- Əlbəttə, ən çox qorxu, həyəcan keçirən onlardı. Hər an bətnlərindəki körpələri üçün narahatdırlar. Onların da yoluxacağından və ya məhv olacağından ehtiyatlanırlar. Hamilə qadınlar klinikaya ağır vəziyyətdə gətirilir. Bəzilərində qanaxma, bəzilərində hərarət çox yüksək olur, bəzilərininsə öskürəyi dayanmır. Hamilələrimizdə pnevmoniya halları çoxdur. Onların müalicəsi çətin başa gəlir.

Əvvəllər hamilələr fərqli mərtəbələrdə yerləşdirilsə də, hazırda klinikada 7-ci mərtəbəni hamilələrə ayırmışıq. Onların müalicəsinə xüsusi ginekoloq və tibb bacıları nəzarət edir. Hamilələrin müalicələri çox ehtiyatla aparılır. Hazırda 35 hamilə xəstəmiz var.

- Xəstələr ən çox nədən şikayət edirlər? Mülaicə zamanı hansı dərmanlardan istifadə edirsiniz?

- Xəstələr ən çox hərarətin düşməməsindən, halsızlıqdan, baş ağrılarından, öskürəkdən, hava çatışmazlığından, ağızda dadın itməsindən, iştahasızlıqdan şikayətlənirlər. Virusla mübarizədə immunitetin güclü olması vacibdir. Bu səbəblə antiviral, antibakterial, vitaminterapiya və sairə kimi dərmanlardan istifadə edirik.

- Hazırda tətbiq olunan sərt karantin rejiminin nəticələrini görə bilirsinizmi?

- Hələlik yox. Xəstəxanalar ağır xəstələrlə dolub. Bəli, təkcə bizim xəstəxanadan gündəlik 5-6 xəstə evə buraxılır. Lakin xəstəliyə yoluxanların sayı sağalanların sayından çoxdur. Ona görə də bu rejimin nəticələrini hələ ki, görə bilmirik.

- Sizcə, bundan sonra koronavirusla yaşayacağıq?

- Bu barədə heçnə deyə bilmərəm. Yaşayarıq, görərik. Mənə elə gəlir az bir zamanda pandemiya ilə vidalaşıb, COVID-19-a qalib gələrik.

- Virusa yoluxduğumuzu bilmək üçün hansı əlamətlərin olması vacibdir?

- Bəzən heç bir əlamət olmaya da bilər. Buna simptomsuz xəstələr aiddi. Belə xəstələrdən bizim klinikada da var. Xəstədən burun və boğazdan yaxma götürülüb və nəticədə onda COVID-19 çıxıb. Bəzi xəstələrdə isə öskürək, hərarətin olması, boğulma və sairə əlamətlər olur.

- Nə üçün insanlar virusun ölkəmizdə olmadığını idda edirlər?

- Bunu insanlardan soruşun. Bu barədə heçnə deyə bilmərəm. Çünki bu virusa inanmayanlar tez bir zamanda ağciyərin iki tərəfli pnevmoniyası, boğulma, tənginəfəsliklə klinikamıza daxil olurlar.

Hər kəsi təmizliyə riayət etməyə, immunutetini yüksəltməyə çağırıram. Özünüzü və sağlamlığınıızı qoruyun. Karantin rejiminə riayət edin, sağlam bədəndə sağlam ruh olar.

- Virusun müəyyən müddət səthlərdə yaşadığı deyilir. Metro və avtobuslarda tutacaqlardan tutmaq təhlükəlidirmi?

- Əlbəttə, təhlükəlidir. Bu, təmas deməkdir. Onlarla insan hər gün neçə xəstə insanla təmasda olur, onun tutduğu tutacaqlara əl vurur. Beləliklə yoluxma sayı artır.

- Necə düşünürsüz, bu virusa qarşı vaksin tapıla bilərmi?

- Əlbəttə ki, tapılacaq. Çox inkişaf etmiş ölkələr var. Bəlkə də Çin özü tapdı. Ümid edək.

- COVID-19 səbəbilə ölənlərin sayı SARS virusundan ölənlərin 5-də biri qədər olsa da, koronavirus daha tez yayıldı. Bu baxımdan COVID-19-u vəbaya bənzədənlər var. Nə qədər həqiqətə uyğundur?

- İnsanlarda karonavirusun yaratdığı xəstəlik sadə soyuqdəymədən şiddətli kəskin tənəffüs çatışmazlığı sindromuna (SARS) qədər dəyişiklik göstərir. İnsan və heyvanlarda tənəffüs, bağırsaq , qaraciyər, nevrotik və nevroloji əlamətlərlə müşayiət olunan klinik mənzərələrə səbəb ola bilər. Xəstəliyin əsasən hava-damcı yolu ilə yayıldığı bildirilir. İnkubasiya dövrü 14 günə qədər davam edir. İnfeksiyanın əsas göstəriciləri tənəffüs simptomları - hərarət, öskürək, tənginəfəslikdir.

Daha ciddi xəstəlik halında - pnevmoniya, ağır kəskin tənəffüs yolu infeksiyası, böyrək çatışmazlığı və hətta ölüm baş verə bilər.

Vəba "vibrio cholerae" adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir və kəskin ishalla müşahidə olunur. Xəstəlik adətən nəcis bulaşmış çirkli sudan istifadı etdikdə, həmin su ilə yuyulmuş qidalar vasitəsilə yayılır. Vəbanı asanlıqla müalicə etmək mümkündür. Buna görə kanalizasiya və su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın geniş əraziyə yayılmasına səsbəb ola bilər.

Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion qaynadıldıqda və xlorlu əhəng, xloramin məhlulunun təsirindən məhv olur. Vəba və COVID-19 ayrı-ayrı xəstəliklərdir. Biri ağciyəri, digəri isə bağırsağı zədələyir. Ağır halda isə hər ikisi ölümə səbəb olur.

Hətta bu yaxınlarda mətbuatda da açıqlandı ki, Nigeriyanın cənub şərqində təmiz su qıtlığı və gigiyena normalarının pozulması üzündən ölkədə vəba epidemiyası yayılıb və onun qonşu ölkələrə keçməməsi üçün tədbirlər görüllür. Və ölkədə nəinki vəba, malyariya, polimielit, tif, dizenteriya, çiçək virusları yayılır.

Son xəbərlər
Bütün xəbərlər »