Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nəşriyyat direktoru pandemiya dövründəki problemləri açıqladı
Şahbaz Xuduoğlu

Azərbaycanda kitab nəşri və satışı ilə məşğul olan müxtəlif nəşriyyat evləri fəaliyyət göstərir. COVID-19 pandemiyasının yayılması ilə əlaqədar bir çox biznes sahələri kimi bu sahibkarlıq subyektlərinin də müəyyən təsirlərə məruz qalması heç kəsdə şübhə doğurmur.

"Report" nəşriyyat evlərinin fəaliyyətində pandemiyanın yaratdığı təsirlərlə bağlı "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun fikirlərini öyrənib.

Ş.Xuduoğlu mövzu ilə bağlı verdiyi açıqlamada rəhbəri olduğu nəşriyyat evinin ciddi problemlər qarşısında qaldığını qeyd edib:

"Karantin dövründə çox ciddi problemlərlə üzləşdik. Xüsusən karantin rejiminin tətbiq olunduğu ilk günlərdə vəziyyət bizim üçün çətin oldu. Çünki yeni bir şərait ortaya çıxmışdı və bu yeni şəraitdə hansısa formada davam gətirmək imkanları qazanmalı idik. Bizim kollektiv böyükdür və belə bir çətin dövrdə bu kollektivi saxlamaq lazımdır. Onlayn satışlar davam etdiyinə görə, çox böyük borcla da olsa, həmin vəziyyətdən çıxa bildik. İndiki vəziyyət isə bizi tamamilə öldürür. Çox pis duruma düşmüşük. Düzdür, dövlət tərəfindən bizə bir dəfə ştatda olan işçilərin əməkhaqqısını ödəmək üçün min manatdan çox yardım olundu. Buna görə təşəkkür edirik. Pandemiya dövründə sahibkarlığın inkişafı ilə bağlı dəstək proqramı qəbul olunsa da və bununla bağlı banklara müəyyən tapşırıqlar verilsə də, hələ ki, bu istiqamətdə konkret bir təklif almamışıq. Bu şəkildə davam edərsə, fəaliyyətimizin dayanması təhlükəsi qarşısındayıq. İki çıxış yolumuz var. Belə ki, ya gərək işçilərin 70%-indən imtina edək, ya da ki, fəaliyyətimizi hansısa bir yardım alana qədər dayandıraq. Hazırda çox kritik bir vəziyyətdəyik. Son iki həftənin bizim fəaliyyətimizə təsiri əvvəlki günlərdən daha çox oldu. Kitab satışı, demək olar ki, tamamilə dayanıb. Onlayn satışlar da olmur. Kitab dükanları açılsa da, son həftələrdə bir neçə gün işləməmək çox kritik vəziyyət yaratdı".

Nəşriyyat evinin rəhbəri lazımi dəstək göstərilməzsə, bu çətin mərhələni keçə bilməyəcəklərini bildirib:

"Əslində mən optimist bir insanam və hər vəziyyətdə bir çıxış yolu tapa bilirəm. İndiki vəziyyətdə isə heç bir çıxış və ümid yeri yoxdur. İşçilərimiz belə vəziyyətə davam gətirməyə çətinlik çəkirlər. Onların əməkhaqlarını və digər xərcləri qarşılamaq çətindir. Son iki həftədə vəziyyət xüsusilə çətinləşib. Birincisi, insanların ümumi əhval-ruhiyyəsi korlanıb. Əvvəllər nə qədər pandemiyanın bizdən yan keçəcəyinə ümid edirdiksə, indi düşünürük ki, deyəsən, biz bu prosesi sonuna qədər yaşamalı olacağıq. Çünki yoluxanların və xəstəlikdən ölənlərin sayı artır. Belə olan halda, cəmiyyətdə pandemiyanın gətirdiyi bir ruhi basqı var. Digər tərəfdən, dövlət pandemiyanın irəliləməsinə adekvat qərarlar verir. Doğrudur, mən özüm də bu qərarların tərəfdarıyam. Amma bizim kimi təşkilatların belə vəziyyətdən çıxa bilməsi ilə bağlı hər hansı bir proqramın icra edilməməsi bizi pessimist bir vəziyyətə salır və düşünürük ki, bu vaxta qədər gördüyümüz işlərin hamısını müəyyən müddətə dayandırmağa məcbur olacağıq. Nazirlər Kabineti tərəfindən Mərkəzi Banka kiçik və orta sahibkarlığa dəstəklə bağlı tapşırıqlar verib. Biz bu proqramın hazırlanaraq tətbiq edilməsini gözləyirik. Konkret təkliflər olsa, biz də bu təkliflər ətrafında müvafiq bank və digər strukturlara müraciət edəcəyik. Lazımi strukturlardan yardım ala bilməsək, biz bu mərhələni adlaya bilməyəcəyik".

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var - Döyüş davam edir
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbçilərin adını açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »