Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda aqrar mənzərə: “Oliqarxların əkin sahələrinə görə su tapmırıq” - Video

Bizimyol.info redaksiyasına müntəzəm olaraq Azərbaycanın müxtəlif rayonlarından su çatışmazlığı ilə əlaqədar şikayətlər daxil olur. Ünvanlar fərqli olsa da məzmun eynidir.

“Suya həsrət qalmışıq, əkin tarlalarımız, mal-qaramız susuzluqdan məhv olur”. Kür çayında suyun səviyyəsinin kəskin azalması onsuz da illər boyu davam etmiş bu problemi daha da qabardıb, ekoloji fəlakət halına gətirib.

Rayon yerlərində fərdi təsərrüfatına su gətirə bilməyən kəndlilər əraziləri icarəyə götürmüş və yüzlərlə hektarda müxtəlif kənd təsərrüfatı məhsulları əkmiş fermerlərin də fəaliyyətindən narazıdırlar. “Suyun hamısı onlara gedir, biz qalırıq kənarda” deyirlər. Bu amilin özü sosial partlayışa səbəb ola bilər.Ölkəmizi su ilə təmin edən əsas mənbə Kür çayının deltası vaxtı- vaxtında təmizlənirmi? Kürün ölkəmizdə başlanğıc və son nöqtələri olan Ağstafa və Neftçala rayonlarında bu problemə nəzarət hansı şəkildədir? Təəssüf ki, bu suallarımıza cavab tapa bilmədik.Bu xüsusi diqqət və idarəçilik tələb edən strateji bir məsələdir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info-ya bildirib ki, Azərbaycanın rayonlarında mövsümlə əlaqədar kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün texniki su çatışmazlığının mövcudluğundan xəbərdardır. Deputat eyni zamanda qeyd edib ki, bəzi yerlərdə içməli su qıtlığı da müşahidə olunur.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Son illər ölkə başçısı tərəfindən ayrı-ayrı bölgələrdə, konkret olaraq , Şəmkirçay, Taxtakörpü, Naxçıvan su anbarları, bütün rayonlarda subartezian quyuları qazılıb istifadəyə verilmişdir və proses davam edir.Lakin problem qalmaqdadır. Su qıtlığının yaranmasının bir neçə səbəbi vardır.

1. Ümumiyyətlə dünyada iqlim istiləşməsi, meşələrin kütləvi şəkildə qırılması ilə əlaqədar ekoloji tarazlığın pozulması nəticəsində yaranmış quraqlıqlar. 2. Mövcud yeraltı və yerüstü su ehtiyatlarının düzgün idarə olunmamasına görə, səmərəsiz və həddindən artıq israfçılıqla istifadə edilməsi. 3. Əhalinin ekoloji savadının olmaması üzündən ətraf mühitə münasibəti. Burada çox ciddi və sistemli maarifləndirmə işləri aparılmalıdır. 4. Mövsüm faktoru da nəzərə alınmalıdır. Havaların həddindən artıq isti keçdiyinə görə hər il yay aylarında təbii olaraq su qıtlığı yaranır. Nəinki, Kür çayında, hətta dağ çaylarında belə kəskin su çatışmamazlıq müşahidə olunur. Hesab edirəm ki, Azərbaycan Respublikası ərazisində su ehtiyatlarının idarə olunması və artırılması istiqamətində xüsusi dövlət proqramının qəbul olunmasına ehtiyac vardır. Sui-istifadə halları, faktlar varsa, buna yol vermək olmaz. Bu cəmiyyətdə sosial narazılığa səbəb ola bilər”.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdür müavini Məmməd Həziyev Bizimyol.info-ya bildirdi ki, ölkədə su çatışmazlığı problemi yeni deyil və artıq uzun illərdir ki, hökumət bu məsələnin həllinə çalışır.

“Ölkədə quraqlıqdır. Bu sirr deyil və artıq bir neçə ildir ki, bu vəziyyət davam edir. Dağlarda qar ehtiyatı azalıb, bu təbii hadisədir.Ölkə prezidentinin sərəncamı ilə 2 komissiya yaradılıb və suvarmada nizam- intizam yaratmaq üçün suvarma qrafikləri tərtib olunub.Dediyiniz o problemin yəni böyük əkin sahələri olan fermerlərin suya nəzarəti əlində cəmləməsinin qarşısını almaq üçün şəffaf portal yardılıb.Əgər kimsə hesab edirsə ki, onun su növbəsinə başqaları girir, bunu özü də aşkarlaya, dəqiq məlumat əldə edə bilər. Belə ki, https://agro.gov.az/az saytına daxil olub, Suvarma qrafiki bölümündə hansı rayona suyun hansı şəkildə paylanması ilə bağlı məlumat əldə etmək olar. Bu şəffaf bir sistemdir, kimsə kiminsə növbəsinə girə bilməz, kimin hansı gün hansı saatda və hansı həcmdə su alacağı bu portalda qeydə alınır.Hər bir fermerə əkin sahəsinin ölçüsü, əkdiyi bitkinin növünə uyğun həcmdə su verilir.

“Su anbarlarındakı ehtiyat suyun bu günlərdə istifadə edilməsi” məsələsi barədə sualımıza cavab olaraq Məmməd müəllim qeyd etdi ki, su təminatı və su anbarlarına nəzarət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ASC- nin nəzarətindədir. Quraqlıq şəraitində hökumətin edə biləcəyi tək şey suya qənaət, növbəlilik sistemi ilə əkin yerlərinin yanmasının qarşısını almaqdır.Bu gün bütün dünya iqlim dəyişmələrinə görə su çatışmazlığı problemi ilə üz – üzədir”

Dövlət su problemini aradan qaldırmaq üçün fəaliyyətsiz deyil. Əhali də məsuliyyətli olmağa borcludur. Sudan qənaətlə istifadə edilməli, su mənbələri təmiz saxlanılmalıdır. İndi aşağıda təqdim etdiyimiz videogörüntü “Ana Kür”ün görüntüsüdür. Kür çayına kanalizasiya suları axıdılır. Buna kim günahkardır?

İlhamə Rəsulova

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »