Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdar artist AzTV sədrindən Prezidentə şikayət etdi

AzTV-nin köhnə nəsil diktorlarından olan əməkdar artist Gülşən Əkbərova dövlət başçısına, birinci vitse-prezidentə müraciət edib. O, haqsızlıqla üzləşdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Gülşən Əkbərova müraciətini “Youtube” vasitəsilə yayıb. Əməkdar artist məktublarının prezidentə, birinci vitse-prezidentə yetişməyəcəyindən narahat olduğuna görə bu yolu seçdiyini deyib.

“Son 15 ayda yaşadığım stress, rahatlıq verməyən haqsızlıq, böhtan, şər yükü məni vadar etdi ki, sizə bu şəkildə müraciət edim. Hörmətli cənab prezident və Mehriban xanım! Mən mətbuatın yükünü çiyinlərində daşıyan Mir Cəlal müəllim və Nəsir İmanquliyev məktəbindən bəhrələnərək, onlardan həyat və insanlıq dərsləri almışam. AzTV mənim yeganə iş yerim olub. Cənab prezident 2006-cı ildə televiziyadakı xidmətlərimə görə mənə Əməkdar artist fəxri adını verib. Amma 2019-cu il fevralın 28-də AzTV-nin kadrlar şöbəsinin rəhbəri Mənsur Bayramov məni yanına çağıraraq bildirdi ki, o zaman sədr vəzifəsini icra edən Rövşən Məmmədovun göstərişi ilə sabah – yəni martın 1-dən mənimlə əmək müqaviləsi imzalanmayacaq. Heç bir səbəb göstərilmədən, əmək kitabçam təqdim olunmadan elə həmin gün əşyalarımı toplayıb televiziyanı tərk etmək tövsiyə olundu. Bu, qanun pozuntusu idi. Mənə bir ay əvvəldən işdən çıxarılmağımla bağlı xəbərdarlıq olunmalıydı”.

Rövşən Məmmədov Rövşən Məmmədov

Gülşən Əkbərova martın 1-də AzTV-yə gələndə onu qapıdan içəri buraxmayıblar. Əməkdar artist bu davranışdan çox sarsılıb. Gülşən Əkbərovanın sözlərinə görə, onun işdən çıxarılması 65 yaşının tamam olması ilə əlaqələndirilə bilməz. Çünki sonradan daha yaşlı insanlar AzTV-də işə götürülüb.

AzTV sədri: “Söz-söhbətlərlə kollektivdə böyük narazılıq yaratmısınız”

Gülşən Əkbərova indiyə qədər prezidentə, birinci vitse-prezidentə çoxsaylı məktublar ünvanlayıb. Onlardan biri AzTV-yə yönləndirilib. Rövşən Məmmədov məktuba belə cavab verib: “Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi təqaüd yaşına çatandan sonra təyin olunduğunuz vəzifələrdə göstərilən etimadı doğrultmamağınızdır. Peşəkar mütəxəssisə xas olan keyfiyyətlər nümayiş etdirmək əvəzinə, lüzumsuz davranış və işə aid olmayan söz-söhbətlərlə kollektivdə böyük narazılıq yaratmısınız. Xeyli sayda əməkdaşın sizinlə bağlı şikayət və müraciətləri buna bariz misaldır. Bu şikayətlərin məzmunu sizə bəlli olduğundan, geniş açıqlama verməyə ehtiyac duymuram. Müraciətinizdə yer alan fikirlərin əksinə olaraq, sizinlə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmaması təqaüd yaşına çatmış şəxslərin işlə təmin olunması qaydalarına tam uyğun şəkildə həyata keçirilib. Bir daha diqqətinizə çatdırmaq istərdim ki, sadalanan səbəblərə görə Azərbaycan Televiziyasında yeni işlə təmin olunmağınızı münasib hesab etmirik”.

Əməkdar artist məktubda da qeyd olunan eyhamı yersiz sayır. Onun dediyinə görə, işdən çıxarılandan sonra AzTV-də haqqında böhtan xarakterli şayiələr yayılıb. Gülşən Əkbərova bildirir ki, Rövşən Məmmədova qədər AzTV-də 9 sədr görüb, amma onların heç birindən əxlaqı, tərbiyəsi, işi ilə bağlı irad eşitməyib. Diktor yeni sədrlə cəmi ayyarım birlikdə işlədiyini və bu müddətdə 48 illik fəaliyyətinə qiymət verməyin mümkünsüzlüyünü qeyd edir.

Gülşən Əkbərovanın sözlərinə görə, Rövşən Məmmədov onun haqqında söz açılanda “yuxarılar”ın tapşırığı ilə əməkdar artisti işdən kənarlaşdırdığını bildirib. Tanınmış diktor məhz buna görə prezidentə, vitse-prezidentə birbaşa müraciət etməyi vacib sayır.

Mayın 18-də AzTV-nin təcrübəli işçilərindən biri Gülşən Əkbərovaya zəng vuraraq, Rövşən Məmmədovun onun işə qayıtmasını istədiyini deyib: “Getdim, mənə televiziyanın akademiyasında pedaqoq kimi fəaliyyət göstərmək təklif olundu. Ancaq aşağı maaşla. Bu mənim 48 illik əməyimə verilən dəyərdir. Rövşən Məmmədov məni televiziyaya dəvət etmişdisə, niyə görüşmədi? Mənə olunan təhqirlərə görə kim üzr istəyəcək?”

Gülşən Əkbərova ümid edir ki, müraciəti pozulmuş hüquqlarının bərpasına yardımçı olacaq.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »