Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Anam küsə-küsə sonda məni dərzi etdi”

Onunla təsadüfən tanış olduq. Hərbi geyimlərin təmir edilməsi üçün dərzi axtarırıdıq və tanış –bilişin hamısı Cavad ustanın adını verdi. Biz də üz tutduq Cavad ustanın emalatxanasına. Cavad usta 35-40 yaşlarında güləriz, mehriban bir adamdır.

İçəri daxil olan hər bir kəsi hörmətlə qarşılayıb, öncə çay, su təklif edir. Arxasında oturduğu tikiş masasının önündə qoyduğu masada o qədər paltar qalaqlanıb ki, içəri görəndə onu görmək olmur. Yanında olduğumuz yarım saat ərzində mağazaya ən az 20-25 müştəri daxil oldu. Bəziləri sifariş gətirdi, bəziləri də hazır paltarlarını götürüb getdilər. Hiss olunurdu ki, çoxusu da köhnə müştəriləridir. Xüsusi hal-xətir sormalarından bilinirdi.

“Dərzi olmağa məni anam məcbur elədi. Universitetə girəcəm deyə dad edirdim. İki il ard- arda imtahan vedim, kəsildim. Anam dedi, əlin çörəyə çatsın, peşə öyrən. Guya hər universitet bitirən diplomuna uyğun iş tapır?. Məcbur etdi. Razılaşmırdım. Gah dava etdi, gah küsdü, axır ki , qayçını əlimə tutuzdurdu. Küsə- küsə dərzi etdi məni. Özü də dərzi idi. İlk texnikanı ondan öyrəndim. Sonra müxtəlif modellərə , hazır əl işlərinə baxa-baxa kişi geyimlərinin tikilişini də özüm öyrənməyə başladım. Çox şükür, anamın dediyi kimi əlim çörəyə çatdı. 14 ildi dərzilik edirəm. Hətta, universitet qurtarmış qardaşıma da mən əl tuturam” deyir Cavad usta.

Hərbi paltarların, mundirlərin, uniformaların hazırlanması xüsusi qabiliyyət tələb edir. Ona əsasən hərbçilər və polislər müraciət edirlər. Paltarların üzərindəki nişanların, paqonların tikiliməsi, ölçülərin qaydaya salınması, rənglənməsi xeyli vaxt aparsa da, həvəslə işini görür. İçəri gənc bir oğlan daxil olur. Əlində böyük bir torba. Polis paltarları gətirib. Kiçildilməsini istəyir. Usta onun yaraşıqlı, saf simasına baxıb qımışır.

“Yeni daxil olmusuz? Xeyirli olsun”. Gənc də təşəkkür edir. Usta paltarlara düzəliş verə- verə nəyin çatıb-çatmadığını, hansı nişanın hara vurulacağını, şalvarların, nə qədər daraldıla biləcəyini deyir. “Qardaş, sən narahat olma e, mən min dəfə düzəltmişəm belə paltarları, ölçünü elə verəcəm ki, komandirdən sənə söz gəlməsin”.

Hiss olunur ki, işinin əsl peşəkarıdır. Sifarişləri çox olduğu üçün o qədər sürətlə işləyir ki, əllərini görmək olmur. İçəri daha bir müştəri daxil olur. Polis polkovnikidir. Usta Cavadla çox mehriban görüşür, hal əhval tutur.

“Ay usta, bu paltarlara da bir baxarsan,özün bilirsən də hamısını. Sənə arxayınam. Tələsirəm gəlib götürəcəm deyib çıxıb gedir”.

Usta Cavada hamı kimi ona da eyni mehriban nəzər atıb işinə davam edir.

“İşinin əhli olanda hörmət də olur. Nə olar ki mən dərziyəm. Vallah dostlarılm arasında general da var,rəislər də, sıravi adamlar da. Anama minnətdaram. Yaxşı ki, məni buna məcbur edib”.

“Öz uşaqlarınızın da yolunuzu davam etdirməsini istəyərdinizmi?” sualına düşünmədən cavab verir.

“Hə, əlbəttə, bu dükan mənimdi. Allaha şükür bir dəqiqə boş dayanmıram. Xüsusi olaraq uniformalar üzərində işləyirəm. Nə qədər ki, dövlətin hərbçisi, polisi, sərhədçisi olacaq, mənim işim də olacaq. Allah dövlətimə zaval verməsin. Hamı oxumalı, alim olmalı deyil ki. Bu işləri də görən lazımdır. Qazancı da olacaq, dolanışığı da hörməti də. Başqa nə lazımdır ki, kişiyə. Əsas yaxşı insan olsun. Diplomu olana da olmayana da ilk növbədə insan olmaq lazımdı”,- deyir. İşini bitirib əlindəki paltarları səliqəylə torbaya doldurub, bizə təqdim edir. 3 dəst hərbi geyimin hazırlanması 1 saat vaxtını aldı və əmək haqqı olaraq da 30 manat istədi. Çəkdiyi zəhmətin müqabilində buna dəyərdi.Üstəlik o qədər xoş söhbət insandır və müştərisi ilə işləməyi o qədər yaxşı bacarır ki, verdiyin pulun az və ya çox olması səni düşündürmür.

Emalatxanadan çıxanda düşünürəm ki, kaş hamı onun kimi düşünəyi bacaraydı. Belə olsa, imtahanlardan kəsildiyinə görə intihar edən övladlar olmazdı, qonşuların yanında öyünəcəm deyə övladını ali məktəbə daxil olmağa zorlayan valideynlər olmazdı. Oxumaq gözəldir buna sözüm yoxdur, amma bəzən insanın istedadını batırıb , məhz ali təhsil alsın deyə balıqdan uçmaq tələb edənlər var.Bu yazını elə bu səbəbdən yazmaq istədim. Ali məktəb oxumaq nə son hədəfdir, nə də ki zirvə.Təhsili də sonda qazanclı bir iş olsun deyə alırıq. Halbuki bunun yolu həmişə universitetlərdən keçmir.Əsas hədəf yaxşı insan olmaqdır.Onun diplomunu da həyat özü verir.

İlhamə Rəsulova

Paylaş »
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »