Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böhran Putinin İrəvana səfərindən sonra dərinləşdi...

Teleqraf.com saytının suallarını keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

– Tofiq müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfər edəcəyi təsdiqlənib. İki ölkənin münasibətlərində hökm sürən soyuqluq fonunda planlaşdırılan səfərdən gözləntiləriniz nədən ibarətdir?

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

– Bu barədə indidən nə isə demək çətindir. İlk növbədə ona görə ki, bu, rəsmi deyil, işgüzar səfərdir. Paşinyan iyunun 24-də Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək. Çünki bildiyiniz kimi rəsmi səfər bir neçə dəfə təxirə salınıb. Bu baxımdan Rusiya Prezidenti Vladimir Putinin keçən ilin axırlarında İrəvana səfərindən sonra belə məlumatlar var idi ki, cavab olaraq Paşinyanın rəsmi səfəri təxirə düşüb. O ki qaldı bu səfərə, qeyd etdiyim kimi bu, öz kateqoriyasına görə işgüzar səfərdir. Hesab edirəm ki, burada da bəzi problemlər var.

– Hansı problemləri nəzərdə tutursunuz?

– Bildiyiniz kimi Paşinyan rəsmən elan edib ki, o, yeni növ koronavirus infeksiyasına yoluxub. Bir həftə sonra isə o və ailə üzvləri birdən-birə sağalıblar. Yəni bu baxımdan hiss olunur ki, bu səfər məsələsi Paşinyan üçün heç də asan məsələ deyil. İlkin addım ondan ibarət olmuşdu ki, o, xəstəlik bəhanəsini ortaya ataraq Moskvaya getmək istəmirdi. İndi isə onun Rusiya paytaxtına gedəcəyi təsdiqlənib. Baxaq görək necə olur. Səfərlə əlaqədar olan qeyri-müəyyən məsələlər onu göstərir ki, Ermənistan-Rusiya əlaqələri indiki mərhələdə böhran içindədir. Bu böhran Putinin İrəvana səfərindən sonra dərinləşib. Xüsusən ona görə ki, o, Putinin Robert Köçəryanı azadlığa buraxmaqla bağlı şəxsi xahişini yerinə yetirməyib. Bu məsələ geniş şərh olunduğu üçün onun üzərində xüsusi dayanmağa ehtiyac duymuram. Bundan sonra Paşinyan öz əlaqələrini bu və ya digər yollarla bərpa etməyə çalışır. Amma nəsə demək çətindir. İstisna etmirəm ki, Paşinyan bu səfər çərçivəsində hansısa təkbətək görüşə nail olmağa cəhd edəcək. Lakin yenə deyirəm, gəlin, izləyək, baxaq görək nəticə nədən ibarət olacaq.

– Paşinyanın Moskvaya getməmək üçün koronavirusa yoluxmaqla bağlı şayiə uydurduğuna dair çoxluğun rəyini siz də bölüşürsünüz?..

– Bilirsiniz, bu, təkcə bizim fikrimiz deyil. Koronavirusa yoluxmaqla bağlı məlumat Paşinyanın özü tərəfindən elan olunub. Bir həftə sonra isə məlumat yayıldı ki, o və ailə üzvləri sağalıb. Biz bilirik ki, ən azı xəstəliyin inkubasiya dövrü 2 həftə çəkir. Yəni Ermənistan mətbuatında buna dair tənqidlər var idi. Müxalif olan qüvvələr bunu geniş şərh edirdilər. Yenə deyirəm, əsl həqiqətin nədən ibarət olduğunu bilmək çətindir. Amma hiss olunur ki, bu səfər barədə qərar həm Ermənistanda, həm də Rusiyada heç də asan qəbul olunmayıb. Çünki Paşinyan indiyədək nadir dövlət başçılarındandır ki, Putinin hansısa şəxsi xahişini yerinə yetirmir. Bununla onun müstəqiliyini nümayiş etdirdiyini deyənlərlə yanaşı digər qisim deyə bilər ki, bu səhvdir və sair. Baxaq görək... Hesab edirəm ki, bu əhvalatın davamı gələcək. Səfərdən sonra bu mövzuya aid hansısa məlumatları əldə edə biləcəyik.

– Hazırda Ermənistanda yaşanan gərginliklərə də münasibət bildirməyinizi istərdik. Qondarma rejimdə “prezident seçkisi” keçirildi və ənənəvi "Qarabağ klanı"na daxil olmayan, Paşinyana yaxın bir şəxs qondarma rejimin rəhbəri vəzifəsinə gətirildi. Əslində təyinat baş verdi. Bu təyinat "Qarabağ klanı"nın Paşinyanla münasibətlərinə necə təsir edir və ya edəcək?

– Birincisi, mən "Qarabağ" klanı ifadəsi ilə o qədər razı deyiləm. Çünki bu klanı əhatə edən təkcə Qarabağdan, yəni işğal olunmuş ərazilərdən çıxan insanlar deyil. 20 il ərzində bu klanın tərkibində Ermənistanın müxtəlif regionlarını təmsil edən insanlar mövcuddur. Bu, müxalif bir qrupdur. Bəli, onun hansısa regional elementləri mövcuddur. Amma yenə deyirəm ki, o, əsas element deyil. Hesab edirəm ki, bu məsələlərin qabarması ermənilər tərəfindən süni şəkildə ortaya atılıb. Göstərmək istəyirlər ki, bunlar hansısa müstəqil siyasi kursa malik olan insanlardır. Amma biz bilirik ki, əslində işğal olunmuş ərazilərdə Ermənistanın dövlət qurumları dominantlıq təşkil edir və bu da işğal olunmuş ərazilərdə yaşayan ermənilərin bəzi məqamlarda etirazlarına səbəb olur. Heç də asan deyil. Əlbəttə, bir tərəfdən orada ikihakimiyyətlilik özünü büruzə verir. Yəni Paşinyan beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, guya onlar müstəqildirlər. Amma bəzi məqamlarda qəsdən göstərir ki, guya Qarabağ Ermənistanın tərkib hissəsidir. Onun bununla bağlı keçən ilin sentyabrında verdiyi məşhur bəyanatı var. Hətta bəzi məqamlarda, bəzi görüşlərdə dırnaqarası prezidenti icra başçısı, Ermənistanın hansısa vilayətinin qubernatoru kimi təqdim edir. Bu baxımdan "Qarabağ klanı", Ermənistan erməniləri və sair ifadələrə çox da fikir verməyin tərəfdarı deyiləm. Azərbaycanda yaxşı bir atalar sözü var; ilanın ağına da lənət, qarasına da. Onlar eyni dəstənin – işğalçı dəstənin üzvləridir. Əlbəttə, onların öz aralarında gərginlik mütləq və mütləq mövcudur. Bunu istisna etmirəm. Bu yaxınlarda güc strukturlarının rəhbər heyətindən baş verən istefalar və sair hallar göstərir ki, mübarizə gedir.

Son xəbərlər
Bütün xəbərlər »