Rusiyada koronavirusla bağlı vəziyyət bir az yaxşılığa doğru dəyişməyə başlayıb. Hər halda, sutkalıq yoluxanların sayı ənənəvi 10 min nəfər həddini aşmır.
Bizimyol.info xəbər verir ki, Rusiyada azalmanı havanın tenperaturunun artmasına bağlayırlar. Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Brikonun sözlərinə görə, ultrabənövşəyi şüalar virusa neqativ təsir göstərir.

O, “Parlamentskaya qazeta”ya müsahibəsində günəşin xüsusi rolunu qabardıb. Briko deyib ki, günəş şəfəqləri D vitaminini zənginləşdirir, kalsium mübadiləsini artırır, immuniteti gücləndirir. Epidemioloq ultrabənövşəyi şüaların mikroorqanizmləri, o cümlədən, koronavirusu məhv etdiyinə inanır.
Bütün bunlara baxmayaraq, Briko ehtiyatı əldən verməməyi tövsiyə edir. Hərçənd, vəziyyət yavaş-yavaş yaxşılaşır. Baş epidemioloq hətta iyunun sonuna qədər kəskin dəyişiklik olacağına əmindir.
Rusiya dünyada virusa yoluxanların sayına görə üçüncü yerdədir. Qonşu ölkədə indiyə qədər 511 mindən çox vətəndaşda infeksiya aşkarlanıb, pasiyentlərin 6715-i həyatını itirib.