Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda bir qəsəbənin əxlaqsızlıq yuvası, yol, kanalizasiya dərdləri - "Zibilə düşdük" məsələsi

Az öncə qapımızın önündə bir qıyhaqıy düşdü, dedim yəqin bizim məhləyə də Çevik Polis Alayı gəlib. Səsə- küyə bütün qonşular küçəyə boylandı və elə bununla da hər şey başlandı.

Qonşuda yaşayan xanım market alış-verişindən sonra taksi tutub evə qədər taksiylə gəlib. Nobel prospektindən ayrılıb Mirzə Davud küçəsinə girəndə elə bil müasir Bakıdan ayrılıb ötən əsrə qayıdırsan. Bu küçənin sakinlərini Allah unutmasa da , bir yerə balaca mismar vurmaq, hətta tualet tikmək istəyəndə gəlib şirinlik istədiyinə görə (bunun da adı şirinlikdi, adamdan zorla bağırda -bağırda şirinlik almırlar) MİS unutmasa da yerli bələdiyyələr, Xətai Rayon İcra Hakimiyyəti unudub. Taks sürücüsü ilə onun sərnişinin davası da qəsəbəyə gələn yol bərbad olduğuna görə sürücünün deyinib 2 manatlıq yola 10 manat tələb etməsi idi. Bu ilk vaqeə deyil. Bizim küçədə taksi sürücüləri ilə müştərilərin davası da adi hal alıb- yola görə.

Xətai rayonunun Mirzə Davud küçəsi

Birincisi ondan başlayaq ki, hər kəsin Elektrotok dediyi İstilik Elektrik Mərkəzi qəsəbəsinə girişdə əxlaqsızlıq yuvası yerləşir. Gözdən iraq-zad da deyil. İllərdir burada sauna kimi məşhur olan o yerin yanından ötüb keçmək burada yaşayanalar üçün namus söhbətinə çevrilib. Niyə kimsə görmür, bura kimin obyektidir, bilən yoxdur, amma gecə-gündüz qapısından şəxsi avtomobillər, taksilər əskik olmur. Hətta qəsəbədə bir anekdot da var: "Saunadakıların zəhməti hesabına gecə-gündüz onun qapısında gözləyən taksi sürücülərinin “Jiquli” maşınları böyüyüb “Mersedes” olub".

Minlərlə insanın yaşadığı bu küçənin, hansı ki hər iki sakindən birinin avtomobili var, demək olar ki, hər qapıdan maşın çıxır, yolları bərbad gündədir. Bu səbəbdən də buraya taksi ilə gələndə taksi sürücüləri əri günüsünün yanından gəlmiş arvad kimi adama zəhərli baxışlar atıb, dillərindən zəhər saçır, üstəlik əvvəl danışdıqları yol haqqı ilə də razılaşmayıb daha çox pul tələb edirlər. Həddən artıq sıxlıq olan, ən az 3 min nəfərin yaşadığı bu qəsəbədə uşaqların əylənməsi üçün bir metr yer yoxdur. Xətai rayon İcra Hakimiyyəti elə o məşhur saunanın yanında yerləşən (ümid edirik saunanın fəaliyyəti ilə də DTX məşğul olar) əvvəllər qaçqınların məskunlaşdığı, indi isə boşaldılıb xarabaya çevrilmiş yataqxananın yerində gözəl, balaca bir park sala bilərlər. Bu abad məhlə həm insanları qane edər, həm də Xətai rayonun icra başçısının fəaliyyətini əyani hiss etdirərdi. Qəsəbədən prospektə çıxmaq üçün illər öncə vətəndaşların öz səyləri ilə qoyulmuş beton pilləkənlər çöküb, demək olar hər gün biri ilişib yıxılır, başını gözünü yarır. Yıxılıb yaralanmayanlar da sözümün əvvəlində dediyim taksi sürücüsü kimi qırğın edir, ya o yarır, ya da onun başını yarırlar. Demək olar ki, küçəyə girib çıxan hər taksi sürücüsü eyni sözü işlədir. “Nə p… düşdük?!”. Həm də sözün hərfi mənasında.

Hələ ən böyük dərd də kanalizasiya dərdidir. Küçələrdən axan insan nəcisi, sidik qoxusu ifunətə dönüb yay günündə sakinlərin cəhənnəminə çevrilir. Dəfələrlə Mirzə Davud küçəsindən tənqidlər yazılıb, amma nə eyninə alan var, nə də tükü tərpənən. Xətai rayonu İcra Hakimiyyətindən soruşuram, Mirzə Davud küçəsi kimi problemləri bol olan bir küçənin abadlaşdırılması minlərlə insana yardım etmək demək olardı, siz bunu da etmirsinizsə bəs nə edirsiniz?

Hazırda sakinlər prezident İlham Əliyevə və son illər abadlaşdırma layihələri ilə paytaxt sakinlərinin sevincinə səbəb olan Leyla Əliyevaya abad məhlə salınması üçün ərizə yazıb imza toplayırlar. Bizdən demək. Vəzifənizə sahib çıxıb qəsəbə sakinlərinin problemlərini həll edin, əks halda siz də taksi sürücülərinin dedikləri o məşhur kəlamı işlədəcəksiniz.

Reyhan

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »