Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qənirə Paşayeva: "Prezident İlham Əliyev üçün insanların sağlamlığı həmişə birinci yerdə olub”

“Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakı həkimlərimizin, tibb personalının gücünə güc qatır, xəstələrə qüvvətli inam aşılayır”.

Bunu APA-ya açıqlamasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, həm yeni səhiyyə ocaqlarının açılışı, həm də ali dövlət rəhbərliyinin açılışlarda iştirakı, cənab Prezidentin açılış mərasimindəki təsirli nitqi ölkəmizdə koronovirusla bağlı psixoloji durumun gərginlikdən daha da uzaq tutulması baxımından da çox faydalıdır: “Dövlət başçısı və xanımının tibbi maskadan istifadə etməsi, Prezidentin tibbi maska taxmaqla bağlı dedikləri, bu mövzuda bir daha çağırışlar etməsi fərqləndirməli olduğumuz məqamlar sırasındadır. Bilgəh, Sumqayıt və Sarayda açılışı olan yeni modul tipli xəstəxana kompleksləri, açılışda dövlətin ali rəhbərliyinin iştirakı və orada dövlət başçısı tərəfindən verilən mühüm ismarıclar dövlət-xalq birliyinin, vətəndaş məsuliyyətinin dəyərini bir daha çox aydın şəkildə göstərdi. Biz pandemiya elan olunan gündən Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının atdığı addımları bir cümləyə sığdırmalı olsaydıq, deməliyik ki, İlham Əliyev üçün insanların sağlamlığı həmişə, birmənalı və tərəddüdsüz şəkildə birinci yerdə olub”.

Q.Paşayeva xatırladıb ki, karantin yumşalmaları tətbiq olunduqca, yoluxma sayının kəskin artması müşahidə edilir: “Digər yandan ölkənin iqtisadi sistemini və vətəndaşları isti yay günlərində uzun müddət eyni sərt karantin rejimində saxlamağın çətin olduğu da hamımıza aydındır. Lakin o da aydındır ki, iqtisadi blokda itkilərin dövlət tərəfindən qarşılanması, gəlir gəlməli subyektlərdən xərclər gəldiyi bir ortamda, dövlət məhz vətəndaşın sağlamlığını birinci yerə qoyub. Və bizlərin adi bir diqqətsizliyi, hətta bir nəfərin məsuliyyətsizliyi belə ümumxalq, ümumölkə miqyasında problemlər yarada bilər. Ona görə də xalqımızın dövlət tədbirlərinə anlayışlı yanaşması qədirşünaslıqla qeyd edilməlidir, ayrıca, bu anlayışın özü bir qədirşünaslıq hadisəsidir”.

Komitə sədri bildirib ki, dövlətin qabaqlayıcı tədbirləri ölkəni hazırkı durumdan daha çətin durumlara hazır vəziyyətə gətirməkdədir: “3 yeni modul xəstəxanadan öncə paytaxtda başqa bir kompleks də açılmışdı, daha 6 kompleksin isə bölgələrimizdə quraşdırılacağı rəsmi şəkildə bildirilib. Qabaqlayıcı tədbirlərdən söz açan cənab Prezident bu məqsədlə yeni laboratoriyalar alındığını, hazırda 20-dən çox belə laboratoriyaya malik olduğumuzu dedi. Xüsusi qeyd etməliyik ki, respublikamız bütün dünya miqyasında nadir ölkələrdəndir ki, “COVİD-19”-a yoluxduğu təsbit edilən bütün xəstələr tibb müəssisələrində müalicə alır. Bunu sözlə ifadə etmək asandır, lakin infrastrukturu, avadanlıqları, tibb personalını, peşəkar həkimləri, zəruri dərmanları göz önündə canlandırdıqda, nə qədər çərin bir işin öhdəsindən gəlməkdə olduğumuzu görürük. Amma dünya praktikası bu planda tamam başqa gerçəkliklərdən xəbər verir. Bu yerdə deməliyik ki Azərbaycan, “COVİD-19”-a qarşı mübarizə tədbirlərində, sadəcə, aid olduğumuz bölgədə deyil, ümumən dünyada fərqlənən-inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlı olduğunu nümayiş etdirən ölkədir”.

Q. Paşayeva xatırladıb ki, Prezident Azərbaycan cəmiyyətinin pandemiyaya qarşı mübarizədə dövlətin müəyyənləşdirdiyi zəruri qayda-qanunlara əməl etdiyini bir daha vurğulayıb: “Koronovirusda “iki”dən sonra “üç” gəlmir. Əgər bir məsuliyyətsiz vətəndaş “COVİD-19” daşıyıcısı olduğu halda, qayda-qanunlara tabe olmur, sosial məsafəni qorumursa, onun ilk təmasda olduğu insandan sonra bu qorxunc yoluxma silsiləsi işə düşmüş olur: 2, 4, 8, 16, 32, 64, 128, 256, 512, 1024, 2048. Bir məsuliyyətsiz hərəkətin doğura biləcəyi müdhiş qorxunun miqyasını aydın göstərə bilir və əlavə şərhə ehtiyac qalmır”.

Son xəbərlər
Bütün xəbərlər »