1994-cü ildən Belarusa rəhbərlik edən Aleksandr Lukaşenkonu Qərb mətbuatı, adətən, diktator kimi təqdim edir.
Onun əvvəllər siyasi rəqiblərini sıradan çıxardığı, bir neçə müxalif şəxsin həyatına son qoyduğu da iddia olunur.
Bizimyol.info xəbər verir ki, Lukaşenkonun avqustda keçiriləcək prezident seçkisindəki rəqibləri bir-birinin ardınca həbs olunur. Vladimir Nepomnyaşidən sonra Sergey Tixanovski də saxlanılıb.

Tixanovski Belarusda daha çox bloger kimi tanınır. O, prezidentliyə namizədliyini verməyə hazırlaşırdı. Amma onu Belarus Cinayət Məcəlləsinin 342-ci maddəsi ilə (ictimai asayişi kobud şəkildə pozmaq) ittiham edirlər. Tixanovskinin milis əməkdaşına hücum etdiyi iddiası səslənir.
Tixanovski ilə yanaşı, daha 9 nəfərə qarşı ittiham irəli sürülüb. Blogerin ofisində və bağ evində axtarış aparılıb. Belarus Daxili İşlər Nazirliyi bağ evində 900 min dollar tapıldığını iddia edir. Hüquq müdafiəçiləri onun həbsdən azad olunmasını istəyir.
Prezidentliyə namizəd Vladimir Nepomnyaşini “Qomel” univermağının qarşısındakı piketdən sonra saxlamışdılar. Bundan bir az əvvəl isə müxalifətçi Nikolay Statkeviç həbs olunmuşdu.