Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu gün sayt başında dayanıb ləyaqətsiz, nadürüst işlərlə məşğul olan adamlar var..." - Qulu Məhərrəmli

Bizimyol.info "Jurnalistikanın İnkişafına Yardım" Fondunun sədri, BDU-nun professoru Qulu Məhərrəmlinin yenisabah.az-a müsahibəsini təqdim edir:

- Qulu müəllim, bu ildən magistraturaya qəbul zamanı 50 və daha yuxarı bal toplayan bütün bakalavrlar ixtisasından asılı olmayaraq jurnalistika ixtisasını seçə biləcəklər. Jurnalistikanı bu qədər əlçatan eləmək, qapı-pəncərəni hamının üzünə açmaq nə dərəcədə doğrudur?

- Hesab edirəm ki, magistraturaya jurnalistika elminə maraq göstərən insanlar gəlməlidir. Burada qabiliyyət imtahanının tətbiq olunması kökündən yanlış yanaşmadır. Jurnalistikanı bu dərəcədə aşağı səviyyəyə salmaq olmaz. Heç bakalavrın özündə də qabiliyyət imtahanına ehtiyac yoxdur. Sadəcə, müəyyən dairələr konkret məqsədlə təklif etmişdilər ki, qabiliyyət imtahanı olsun. İndi isə bu yanlışı yaşayırıq. Ona görə də jurnalistikaya qəbul olunanların səviyyəsi, toplanan ballar çox da yüksək deyil və bu da bizi məyus edir. Mən tədrislə məşğul olan şəxs kimi, əvvəlki qəbulla indikini müqayisə etdikdə böyük fərq görürəm. Əvvəl gələn tələbələrin səviyyəsi daha yüksək idi və bizi təmin edirdi. Jurnalistika ədəbi yaradıcılıq sahəsi deyil. Şeir, hekayə yazmaq deyil. Jurnalistika daha çox sosiologiya, cəmiyyəti ifadə edən, ona bağlı olan sosial institutdur. Magistraturaya daha çox elmi təfəkkür lazımdır. Çünki indi jurnalistikada tədris olunan fənlər jurnalist araşdırması, jurnalistikanın ayrı-ayrı sahələrinin öyrənilməsi, kommunikasiya araşdırmaları və s. istiqamətdədir. Məhz bu səbəblə daha çox elmi idrakı, dərin təfəkkürü olan adamların jurnalistikaya gəlməsi vacibdir. Jurnalistikanın necə tədris edilməsi, magistraturada dərslərin quruluşunun necə olması isə başqa məsələdir. Amma qəbul dəqiq səviyyədə aparılmalıdır ki, buraya təsadüfi adamlar gəlməsin. Çünki onlar buraya gəldikdə maraqları olmur, jurnalistika haqqında təsəvvürləri çox bəsit olur. Bu kimi yanlış yanaşmalar isə ümumi səviyyəni aşağı salır.

- Çox adam hesab edir ki, jurnalistikanın nüfuzdan düşməsi ilk növbədə qeyri-peşəkarların bu sahəyə axın etməsi ilə bağlıdır. Siz başqa səbəb görürsünüz?

- Əslində, burada qeyri-peşəkarlıq və qeyri-ixtisas kimi iki məsələ var. Mən hesab edirəm ki, jurnalistikanın problemi buraya təsadüfi gələn adamlar deyil. Qeyri-ixtisas sahiblərinin jurnalistika ilə məşğul olması faciə deyil. Bizdə bu gün birbaşa jurnalist təhsili almayan, amma yaxşı mətbu təcrübəsi olan tanınmış jurnalistlər var və onların yazıları, yaradıcılığı kifayət qədər cazibədardır. Əsas məsələ media menecmentinin aşağı səviyyədə olmasıdır. Media qurumları bu gün öz vəzifələrini necə yerinə yetirirlər? Nə dərəcədə etik qaydalara əməl edirlər? Mətbu fəaliyyətin hüquqi əsasları nə dərəcədə təmin olunur? Jurnalistlər nə qədər vicdanlıdır? Onlar nə dərəcədə həqiqəti yazıb cəmiyyətin problemini ifadə edirlər? Problem məhz budur. Əlbəttə, burada sayt açıb çörək pulu qazananlar da var. Amma bunun gerçək jurnalistikaya heç bir aidiyyəti yoxdur. Çünki o, özəl klinika açıb həkim fəaliyyəti ilə məşğul olmaq kimi bir şeydir. Jurnalistika birbaşa cəmiyyətə bağlı olduğu üçün burada peşə təcrübəsinini də, ixtisasın da əhəmiyyəti var. Lakin buna mütləq Aristotel tələbi qoyub “jurnalist ancaq jurnalistika fakültəsini bitirsin” demək doğru deyil. Bizim əsas problemimiz mediamızın arabanın 5-ci təkəri olmasıdır. Yəni o, cəmiyyətin önündə getmir, həqiqəti yazmır, oliqarxların, siyasi platformaların əlində bəzən oyuncaq olur.

- Vəziyyətə bu həddə gəlib çatması nə ilə bağlıdır?

- Bu vəziyyətə gəlmənin 1001 səbəbi var. Əvvəllər də onlara toxunulub. Düşünürəm ki, Azərbaycan mətbuatının gələcəyi azad mətbuata bağlıdır. Müstəqil mətbuat gerçək jurnalistikanın ifadəsi üçün ən yaxşı platformadır. Ona görə də yandaş media olmaq, hansısa məmura bağlanmaq, kimlərinsə sifarişini yerinə yetirmək, böhtan atmaq, yalan yazmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Bunların hamısı manipulyativ davranışlardır və jurnalistikaya heç bir aidiyyəti yoxdur. Jurnalistika bu gün vicdanlı adamların çalışdığı sahə olmalıdır. Böhtançıların qurşandığı və medianı uçuruma sürüklədiyi sahə olması bizi məyus edir.

- Ötən gün sosial şəbəkələrdə belə bir fikirlə qarşılaşdım: jurnalistlər trola, redaksiyalar trolxanaya çevrilib. Jurnalistika öz missiyasından niyə bu qədər uzaqlaşdı?

- Hər şeyi məqsəd müəyyənləşdirir. Əgər bir saytın, qəzetin, televiziya kanalının məqsədi cəmiyyəti məlumatlandırmaqdırsa, o, öz missiyasını əlbəttə ki, yerinə yetirə bilir. Yox, əgər sən trolluq edib kimlərinsə əlində vasitə olacaqsansa, media platformalarından kin, döyüş aləti kimi istifadə edəcəksənsə, bu jurnalistikanın işi deyil. Ona görə də o trolxanaları elə trolxana da adlandırmaq lazımdır. İndi bu gün sayt başında dayanıb olduqca ləyaqətsiz, nadürüst işlərlə məşğul olan adamlar var. Onlar jurnalist deyillər. Kimlərinsə əlində alətdirlər. Kimlərinsə nökərçiliyini edən media qurumlarıdır.

- Mövcud vəziyyətin yaranmasını dövlətin media siyasətini həyata keçirən adamların səriştəsizliyində görənlər də var. Bu kontekstdən KİV DF-nin 10 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mənə elə gəlir ki, KİV DF-nin fəaliyyətini necə qiymətləndirildiyini artıq gördük. Cəmiyyət artıq qiyməti verdi. Prezident onun başında dayanan adamı işdən azad elədi. Media siyasətini tənzimləyən məmurları işdən uzaqlaşdırdı. Şöbə var idi, guya medianı tənzimləyirdi, onu darmadağın etdi. Çox da doğru etdi. Çünki uzun illər idi ki, biz onları tənqid edirdik, onlar isə nəticə çıxarmaq əvəzinə bizə trol hücumları təşkil edirdilər. Əlbəttə ki, yaranan vəziyyətdə bunların da rolu var. Mətbuat Şurası da, KİV DF-də, media siyasətini tənzimləyən məmurlar da bu vəziyyətdə günahkardır. Bunların hamısı üst-üstə gələndə böyük bir ordu yaranmışdı. Bu ordu isə yalnız təbliğat və ucuz təşviqatla məşğul idi. Ona görə də indi nə baş verəcəyi, yeni bir şeyin olub-olmayacağı hər kəsi düşündürür. Bizim arzumuz yalnız ondan ibarət olar ki, Azərbaycanda azad, müstəqil medianın inkişafı üçün şərait olsun, o media cəmiyyətin dərdini ifadə edib həqiqəti yazsın və vətənin abadlaşması, dövlət intizamının bərqərar olması, korrupsiyanın aradan qalxması, sağlam mənəvi mühitin formalaşması üçün iş görsün. Medianın əsas işi bundan ibarətdir ki, cəmiyyəti məlumatlandırsın, sosial harmoniya yaratsın, nöqsanı tənqid etsin.

- Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də qeyri-jurnalistlərin jurnalistlərin binasında ev almasıdır. Bu barədə siz nə düşünürsünüz?

- Bu mediada mənəvi mühiti pozan və mənim haqqında danışmağa çətinlik çəkdiyim mövzulardan biridir. Niyə jurnalist ev almalıdır? Mən istəyərəm hamının evi olsun, jurnalistin də, həkimin də, müəllimin də, mühəndisin də... Amma niyə jurnalist ev aldığı halda, ibtidai sinif müəllimi, cərrahiyə otağında tər tökən həkimə ev verilmir? Hansı xidmətlərinə görə onlara ev verilir? Fikrimcə, ümumilikdə sosial evlər olmalıdır, xüsusi ehtiyacı olanlar xüsusi şərtlər altında o evlərdə yaşamalıdır. Lakin bu evlər müvəqqəti olmalıdır və şəxs ev alıb oranı boşaltmalıdır. Düşünürəm ki, bu mövzu medianı balacalaşdırır, cəmiyyətin gözündən salır, jurnalistlərin əksəriyyətini, xüsusilə yeni başlayanları tamamilə asılı vəziyyətə salır. Onlar davranışlarında yalnız bir məqsəd güdürlər ki, ev, pul ala bilsinlər. Bu, medianın inkişafını ciddi şəkildə əngəlləyir.

- Jurnalistikanın əvvəlki nüfuzunu qaytarmağın vacibliyini heç kim inkar etmir. Sizcə, bunu necə etməliyik? Mətbuatın 4-cü hakimiyyətə çevrilməsi üçün nə etmək lazımdır?

- Jurnalistikanın nüfuzunu qaldırmaq üçün ilk növbədə mətbuatı reanimasiyadan keçirib sağaltmaq lazımdır. Ayaq üstə qoymaq lazımdır ki, mətbuat həqiqi mətbuat olsun. İkincisi, mətbuatın dördüncü hakimiyyət olması üçün bu cəmiyyətdə ondan əvvəl mövcud olan üç hakimiyyət qolunun gerçək hakimiyyət olması vacibdir. Məsələn, icra hakimiyyəti, məhkəmə hakimiyyəti bütün gücü ilə işləyəndə media artıq dördüncü gücə çevrilə bilir. Bunlar ciddi məsələlərdir. Burada sosial-siyasi problemlərin həlli tələb olunur. Fikrimcə, bizim cəmiyyətdə demokratiyanın alternativi yoxdur və demokratik institutlar inkişaf elədikcə media cəmiyyətdə öz layiqli yerini tutacaq.

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
››› “Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
Son xəbərlər
Bütün xəbərlər »